Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qurandakı əsas anlayışlar: Mənfəət Güdməmək

Mündəricat
  1. Giriş
  2. Şirk
  3. Fitnə
  4. Vicdan və Ruh
  5. Qəlb, Ağıl və Zəka
  6. Ağıl Sahibləri və Ağlı Örtən Amillər
  7. Ağıl və Duyğusallıq
  8. Qəflət Halı və Diqqət
  9. Sədaqət və İtaət
  10. Qətiyyət
  11. Səbir Etmək
  12. Şükür
  13. Mənfəət Güdməmək
  14. Qardaşlıq və Birlik
  15. Təvazökarlıq və Təkəbbür
  16. Dua

İnsanın imanında səmimi olmasının (yalnız Allahın rizasını istəməsinin) ən böyük göstəricilərindən biri də sadə mənfəətlər güdməməyi, ixlaslı, yəni Allah rizası üçün səmimi şəkildə çalışmasıdır. Hər nemətin Allahdan gəldiyini dərk edən, yalnız Allahın rizasını hədəfləyən, Allahı istəyən və Ondan qorxan bir mömin, təbii ki, sadə və kiçik hesablamalar arxasınca qaçmaz.

Odur ki, insanın öz əməllərində şəxsi mənafeyi güdüb-güdməməyi birbaşa onun imanı ilə bağlıdır. Allahı layiqincə təqdir edən və axirət həyatını dərk edən bir insan, əlbəttə ki, Allahın Quranda bildirdiyi fədakarlıq əmrinin tələb etdiyi kimi, sadə mənfəət hesablarına arxalanmayacaq və öz nəfsinin istəklərini təmin etmək üçün səy göstərməyəcəkdir. Digər tərəfdən, Allahı layiqincə təqdir etməyən, axirət dünyasını dərk etməyən bir insanın bu böyük həqiqətləri görməməsi, sadə və xırda mənfəətlər güdməsi təbii haldır. Çox kiçik dünyası və çox dar düşüncə tərzinə sahib olduğu üçün həmişə öz şəxsi mənfəətini düşünən əxlaq göstərər.

Quranda möminlərin öhdələrinə götürdükləri təbliğ vəzifəsinə qarşılıq olaraq heç bir mənfəət gözləməmələri tez-tez xatırladılır. Bütün peyğəmbərlərin hekayələrində üzərinə götürdükləri təbliğ vəzifəsinə qarşılıq olaraq heç bir “gəlir” (mənfəət) istəmədikləri bildirilir. Bəzi ayələr belədir:

Ad qövmünə də qardaşları Hudu (elçi) göndərdik. O demişdi:

“Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Siz yalnız (Allaha) böhtan atırsınız. Ey qövmüm! Mən buna görə sizdən heç bir əvəz tələb etmirəm. Mənim mükafatım yalnız məni yaradana aiddir. Hələ də düşünüb dərk etmirsinizmi?

Hud surəsi, 50-51

De: “Mən bunun müqabilində sizdən heç bir əvəz istəmirəm. Yalnız Rəbbinə doğru bir yol tutmaq istəyən kimsələr olmalarını istəyirəm.

Furqan surəsi, 57

O zaman qardaşları Nuh onlara belə demişdi:

“(Allahdan) qorxmursunuzmu? Həqiqətən, mən sizə göndərilən etibarlı bir elçiyəm. Allahdan qorxun və mənə itaət edin! Bunun əvəzində mən sizdən heç nə istəmirəm. Mənim mükafatımı yalnız aləmlərin Rəbbi verəcəkdir.

Şuəra surəsi, 106-109

Ayələrdə görüldüyü kimi, Allah yolunda edilən təbliğ qarşılığında heç bir dünyəvi mənfəət güdülməməlidir. Bu mənfəət yalnız pul deyil; edilən xidmət qarşılığında etibar, insanların bəyənməsi, ya da təqdiri də güdülməz. Tək ümid edilən qarşılıq Allahın rizasıdır. Əgər Allah istəsə, edilən xidmətin qarşılığının bir qismini dünyada verəcəkdir.

Buna görə də, görülən xidmətin dəyərinin ölçüsü insanların bəyənməsi deyil, Allahın rizasına uyğun olmasıdır. Bəzi peyğəmbərlərin dövründə onların etdiklərini təqdir edən heç kim olmamışdır. Heç kim onları dinləməmiş, heç kim onlara tabe olmamış, hətta bütün cəmiyyət onlara qarşı cəbhə almışdır. Ancaq yenə də bu peyğəmbərlər Allah Qatında üstün olanlardır.

Çünki müvəffəqiyyət, insanlara təsir etmək, onların rəğbətini qazanmaq deyil, Allahın rizasını qazanmaqdır. Mömin Allah yolunda xidmət etməklə, Rəbbimizə yaxınlaşmaqla, dua etmək və qulluq etməklə məsuldur. Dünyəvi müvəffəqiyyəti istədiyi anda verən də, geri alan da Allahdır. Səid Nursinin dediyi kimi, “insan öz vəzifəsinə baxmalı və Allahın yazdığı taleyə təslim olmalıdır.”

Allahın rizasını güdən insan, həmişə Ona ibadət edər. Bəsit mənfəət hesabları etmədiyi üçün, dünya həyatının zinəti ona təsir etmir. Necə ki, Allah Quranda, möminlərlə birlikdə olmağı və dünya həyatının bəzəyini axtararaq onlardan “gözlərini çəkməyi” əmr edir:

Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə (çətinliklərə qarşı) səbir et! Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə! Qəlbini Bizi anmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan kimsəyə boyun əymə!

Kəhf surəsi, 28

Burada çox mühüm bir məqam vardır:

İnsan dinə yaxınlaşarkən, “necə mənfəət əldə edərəm?” kimi azğın məntiqlə deyil, “necə Allaha ibadət edə bilərəm, Ona itaət edib rizasını necə qazana bilərəm?” məntiqi ilə düşünməlidir. Əks halda səmimiyyətsizlik olar. Quran, bu cür əxlaq göstərənləri “münafiq” adlandırır. Bunlar öz mənfəətləri naminə özünü dindar kimi göstərən səmimiyyətsiz, ikiüzlü insanlardır və Allahın qəzəbinə ən çox düçar olacaq və cəhənnəmin ən aşağı qatına atılacaq şəxslərdir. Quranda bu insanların vəziyyəti belə bildirilir:

(Münafiqlər:) “Allaha və elçiyə iman etdik və itaət etdik!” - deyirlər. Bunun ardınca onlardan bir qrup (haqdan) üz döndərir. Onlar mömin deyillər. Aralarında hökm verməsi üçün Allaha və elçisinə çağırıldıqları zaman onlardan bir qrup dərhal üz çevirər. Əgər haqq (Allah və Rəsulunun verdiyi hökm) onların lehinə olarsa, itaət edərək onun yanına gələrlər.

Nur surəsi, 47-49

Göründüyü kimi, münafiqlər dinin yalnız öz mənafelərinə uyğun olan tərəflərini qəbul edir və digər hökmləri isə rədd edirlər. Bu insanlar bir müddət dindar görünsələr də, əsl vəziyyətləri ayədə bildirildiyi kimi “uçurumun kənarında bina tikən” insanlar kimidir:

Binasını Allah qorxusu və rizası üzərində quranmı, yoxsa binasını uçulmaqda olan bir yerin kənarında qurub, (ora çökdüyü zaman) onunla birlikdə cəhənnəm oduna yuvarlananmı daha xeyirlidir?! Allah zalımlar qövmünü doğru yola yönəltməz.

Tövbə surəsi, 109

Yalnız Allah rizasını axtarmağın əhəmiyyətini bildirən digər ayələr belədir:

Allahın rizasını qazanmaq istəyən kəs, Allahın qəzəbinə düçar olan kəs kimi ola bilərmi?! Onun (qəzəbə düçar olanın) yeri cəhənnəmdir. Ora necə də pis bir yerdir!

Ali İmran surəsi, 162

Beləcə, Allahın neməti və lütfü sayəsində onlara heç bir zərər toxunmadan geri döndülər və Allahın rizasına uymuş oldular. Allah böyük lütf sahibidir.

Ali İmran surəsi, 174

Onların fısıldaşmalarının çoxunda xeyir yoxdur. Ancaq sədəqə verməyi, yaxud yaxşılığı və ya insanların arasını düzəltməyi (sülhü) əmr edən kimsənin (fısıldaşması) istisnadır. Kim Allahın rizasını qazanmaq üçün bunu edərsə, Biz ona böyük mükafat verəcəyik.

Nisa surəsi, 114

Allah, Öz rizasına uyanları onunla əmin-amanlıq yollarına yönəldər və Öz iznilə onları qaranlıqdan aydınlığa çıxarıb doğru yola istiqamətləndirər.

Maidə surəsi, 16

Allah mömin kişilərə və mömin qadınlara altından çaylar axan, əbədi qalacaqları cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd etmişdir. Allahın rizası isə (hamısından) daha böyükdür. Böyük uğur məhz budur!

Tövbə surəsi, 72

Onlar rəbbinin rizasını istəyərək səbir edər, namazı qılar, onlara verdiyimiz ruzidən gizli və aşkar (Allah yolunda) xərcləyər və pisliyi yaxşılıqla dəf edərlər. (Dünya) yurdunun (gözəl) aqibəti məhz onlarındır.

Rad surəsi, 22

Möminin hədəfi Allahın rizası, rəhməti və cənnətidir. Bundan başqa kiçik dünyəvi mənfəətlər axtarmaz. Buna görə də Allah möminləri “Şübhəsiz ki, Biz onları axirət yurdunu düşünən ixlaslı kimsələr etdik. (Sad surəsi, 46) şəklində təsvir edir. Həqiqətən də ixlas (yəni xalis, saf şəkildə Allah rizasını axtarmaq), mömini mömin edən ən mühüm xüsusiyyətlərdəndir.

Əsl nemətlər, axirətdəki nemətlərdir. Bu dünya müvəqqəti və olduqca əksiklərlə dolu yurddur. Dünyadakı nemətlər axirətdəkilərə görə çox məhduddur. Dünya, axirətdəki əsl nemətin, yəni cənnətin olduqca əksik nümunəsi olaraq yaradılmışdır. Quranda, bu mövzuda belə deyilir:

Qadınlara, uşaqlara, qızıl-gümüş yığınlarına, yaxşı cins atlara, malqaraya və əkin sahələrinə qarşı nəfsani istəklər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının (müvəqqəti) mənfəətləridir. Ən gözəl dönüş yeri Allah dərgahındadır.

Ali İmran surəsi, 14

Bilin ki, dünya həyatı yalnız oyun-əyləncə, bərbəzək, bir-birinizə qarşı öyünmək, bir də mal-mülk və övlad çoxaltmaq yarışından ibarətdir. O (dünya həyatı) elə bir yağışa bənzəyir ki, onun (torpaqdan) bitirdikləri inkar edənlərin xoşuna gələr. Sonra o quruyar, sən də onun saraldığını görərsən. Sonra da çör-çöp olar. Axirətdə həm şiddətli bir əzab, həm də Allahdan məğfirət və razılıq vardır. Dünya həyatı aldadıcı zövqdən başqa bir şey deyildir.

Hədid surəsi, 20

Mömin, qanuni ölçülərdə dünya nemətlərindən də yararlanar, amma bunlara aldanaraq əsla Allahı, axirəti və əsl vəzifəsini unutmaz. Əksini edənlərin alacağı cavab bu şəkildə bildirilir:

De: “Əgər valideyniniz, övladlarınız, bacı-qardaşlarınız, həyat yoldaşınız, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun elçisindən və Onun yolunda cihad etməkdən daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz.

Tövbə surəsi, 24

Bu mövzuda edilən səhv hərəkət isə Cümə surəsində belə xəbər verilir:

Onlar bir alış-veriş, yaxud əyləncə gördükləri zaman ona tərəf qaçar və səni ayaq üstə qoyub gedərlər. De:

“Allah dərgahındakılar əyləncədən və alış-verişdən daha yaxşıdır. Allah ruzi verənlərin ən yaxşısıdır!”

Cümə surəsi, 11