Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qurandakı əsas anlayışlar: Təvazökarlıq və Təkəbbür

Mündəricat
  1. Giriş
  2. Şirk
  3. Fitnə
  4. Vicdan və Ruh
  5. Qəlb, Ağıl və Zəka
  6. Ağıl Sahibləri və Ağlı Örtən Amillər
  7. Ağıl və Duyğusallıq
  8. Qəflət Halı və Diqqət
  9. Sədaqət və İtaət
  10. Qətiyyət
  11. Səbir Etmək
  12. Şükür
  13. Mənfəət Güdməmək
  14. Qardaşlıq və Birlik
  15. Təvazökarlıq və Təkəbbür
  16. Dua

Əvvəlki bölmədə həmrəylik mövzusunda toxunduğumuz xüsusiyyət olan təvazökarlıq Quranda ən çox vurğulanan mövzulardan biridir. Ayələrdə bildirildiyi kimi, təvazökar olmaq imanın xüsusiyyətidir; buna qarşı təkəbbür yalnız kafirlərə məxsus davranışdır.

Təvazökarlığın imanla, təkəbbürün isə inkarla eyni olmasının səbəbi budur ki, iman ağıl, inkar isə ağılsızlıq gətirir. İmanlı və ağıllı insan təkəbbürlü ola bilməz. Çünki sahib olduğu ağılla Allahın açıq-aşkar varlığını və üstün gücünü dərk edir, Onun hər şeyi idarə etdiyini anlayır. Eyni zamanda özünü də Allahın yaratdığını, Allahın onu yaşatdığını, ona nemətlər verdiyini və aciz bir bəndə olduğunu anlayır.

Ağıllı insan hər şeydə Allahın gücünü və öz acizliyini görər. İnsan acizdir; acıyır, yuxusu gəlir, təmizlənmək məcburiyyətindədir, xəstələnir, əziyyət çəkir, qocalır. İnsan bunların heç birinin qarşısını ala bilmir. Nə dünyaya gəlməsinin qarşısını ala bilir, nə də ölümünün qarşısını ala bilir.

İnsan, Allahın təyin etdiyi taleyə, Allahın təyin etdiyi müddətdə Allahın verdiyi aciz və zəif bir bədəndə yaşayacaq, sonra torpağa basdırılaraq Ona dönəcək. Öyünəcək və ya təkəbbür göstərəcək heç nəyi yoxdur. Sahib olduğu bəzi gözəl xüsusiyyətləri də Allah ona vermişdir. İnsan təkəbbürlü olmaqdan deyil, şükür etməkdən məsuldur.

Allah qarşısında hiss etdiyi bu acizlik bütün hərəkətlərində əks olunur.

Bu acizlik, təbii ki, başqalarının qarşısında yazıq kimi davranmaq demək deyil. İnsan acizliyini ancaq Allaha bildirər və Ona göstərər. Digər insanların yanında ləyaqətli, yetkin, təvazökar, rahat və imanlı münasibət göstərər.

İnkarçılar isə ağılsızlığından qaynaqlanan boş qürur və təkəbbürlə doludurlar. Allahı layiqincə təqdir etmədiklərinə görə, axmaqca özlərini Allahdan asılı olmayan varlıqlar zənn edirlər. Onlar öz acizliklərini görmürlər və bunu qəbul etmək istəmirlər.

Bacardıqları qədər özlərini tərifləməyə, ucaltmağa çalışırlar. Sahib olduqları bəzi müsbət xüsusiyyətlərin (ağıl, şöhrət, zənginlik, gözəllik kimi) həqiqi sahibi olduqlarını düşünürlər; halbuki onlara bu xüsusiyyətləri Allah vermiş və istədiyi zaman geri ala bilər. İnkarçılar sahib olduqları xüsusiyyətlərlə öyünürlərsə, sahib olmadıqları şeylərə görə də kompleksə qapılarlar.

Allaha təslim olmaq, Allaha təvəkkül etmək, razılıq kimi anlayışlardan xəbərsiz olduqları üçün həmişə ya zəiflik, ya da təkəbbür kompleksi içərisindədirlər. Quranda bu cür insanların vəziyyəti belə bildirilir:

Şübhəsiz ki, özlərinə heç bir dəlil gəlmədiyi halda Allahın ayələri barəsində mübahisə edənlərin qəlbində təkəbbürdən başqa bir şey yoxdur. Onlar buna əsla çata bilməyəcəklər. Ona görə də Allaha sığın! Həqiqətən, O, hər şeyi eşidəndir, görəndir.

Mömin surəsi, 56

Bu mövqedə olan insan nəfsini öz gözündə o qədər böyüdür ki, başqa heç nə görə bilmir. Dünyadakı hər şeyi öz eqoist mənliyini təmin etmək üçün bir vasitə kimi qəbul edir. Daim özünü tərifləməyə çalışır. Acizliyini və ya səhv edə biləcəyini heç vaxt qəbul etməz. Bu axmaqlığına görə də cahilcə dinə nifrət etməyə başlayar.

Çünki din əxlaqının ilk gətirdiyi şeylərdən biri də insanın aciz bir bəndə olduğu həqiqətidir. Böyüklük hissinə qapıldığına görə səhv dünyagörüşündən əl çəkib dinin göstərdiyi həqiqətlərin doğru olduğunu dərk etsə belə, qəbul etməz. Quranda bu cür ağılsızlıq edən insanlar belə təsvir edilmişdir:

Daxilən buna əmin olduqları halda, zülm və təkəbbürləri səbəbilə onları inkar etdilər. Fitnə-fəsad törədənlərin aqibətinin necə olduğuna bir bax!

Nəml surəsi, 14

Öz təkəbbürlərində boğulan və öz nəfsləri üçün hər şeyi qurban verməyə hazır olan bu insanlar “yer üzündə fitnə-fəsadın” əsl cavabdehləridir. Allah ayələrdə bu insanların vəziyyətini belə bildirir:

İnsanlardan eləsi də var ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da Allahı şahid göstərər. Halbuki o, düşmənlərin ən qatısıdır. (O, səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Allah fitnə-fəsadı sevməz. Ona:

“Allahdan qorx!” – deyildikdə lovğalıq onu günaha vadar edər. Ona cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!

Bəqərə surəsi, 204-206

Başqa bir ayədə isə böyük cahillik səbəbindən dinə qarşı təkəbbür göstərənlərin vəziyyəti belə bildirilir:

O, özünə oxunan Allahın ayələrini eşidir, sonra da onları eşitmirmiş kimi təkəbbürlənərək (küfrdə) israr edir. Buna görə də ona acı bir əzabla müjdə ver!

Casiyə surəsi, 8

İnsanın vicdanının qəbul etdiyi bir həqiqəti təkəbbürlə rədd etməsi, şəxsin inkarı ilə imanı arasındakı dərin uçurumda təkəbbürlənmənin nə qədər ağılsız olduğunu göstərir. İnsanın dünya həyatını və əbədi axirət həyatını bir anda əzab və hüznlə boğacaq, həmişə narahat həyat sürməsinə səbəb olacaq və cəhənnəmlə bitəcək bir seçimi insana yalnız təkəbbürlənmə hissi yaşada bilər. Ona görə də insanın ən böyük düşmənlərindən biri təkəbbürdür, yəni eqoizmdir.

Şeytanın Allaha qarşı azğınlıq və üsyanının arxasında təkəbbürü dayanır. Quranda şeytanın azğınlığı ilə bağlı geniş şəkildə bəhs edilən hekayə belədir:

Bir zaman Rəbbin mələklərə belə demişdi:

“Mən palçıqdan bir insan yaradacağam. Onu insan surətinə salıb ona Öz ruhumdan üfürdüyüm zaman dərhal ona səcdə edin!” Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdilər. İblisdən başqa! O təkəbbürləndi və inkar edənlərdən oldu. Allah dedi: “Ey İblis! Əllərimlə yaratdığıma səcdə etməyinə mane olan nədir? Sən təkəbbürləndin, yoxsa üstün olanlardansan?” İblis:

“Mən ondan daha üstünəm. Məni oddan, onu isə palçıqdan yaratmısan!” - dedi. Allah buyurdu: “Elə isə çıx oradan! Çünki sən qovulmuşsan. Şübhəsiz, qiyamət gününə qədər Mənim lənətim sənədir!”

Sad surəsi, 71-78

Ayələrdə bəhs edilən şeytanın sözləri son dərəcə mənalıdır və tamamilə alçaq və kompleksli ruhi vəziyyəti əks etdirir. Şeytan özünün üstün xüsusiyyətlərə malik olduğu yalanına qapılmış və böyük ağılsızlıqla özünü Adəm Peyğəmbərdən üstün görməyə başlamışdı. Halbuki, istədiyini ucaldan, istədiyini də alçaldan Allahdır. Allah nə əmr etdisə o da edilər. Heç bir varlıq öz sadə məntiqi ilə Allahın əmrinə qarşı çıxa bilməz. Şeytan bu ağılsızlığı etməyə cəhd etmiş və buna görə əbədi olaraq lənətlənmişdir.

Şeytanın azğınlığı buna misaldır. Onun yolu ilə gedən insanlar da eyni şəkildə azarlar. Buna görə də şeytanın azğın ruh halının Quran ayələrinə əsaslanaraq qiymətləndirilməsi insanların da necə azdıqları haqqında yol göstərəcək. Bu qiymətləndirməni aşağıdakı kimi sıralaya bilərik:

Şeytan, ağılsızdır, Allaha üsyan edir və yanında özü ilə birlikdə üsyan edən başqa varlıqların da olmasını istəyir. Bu vəziyyət Hicr surəsində belə açıqlanır:

Allah dedi: “Ey İblis! Sənə nə oldu ki, səcdə edənlərlə birlikdə olmadın?” (İblis) dedi: “Mən uzun müddət qalan (rəngi və qoxusu dəyişmiş) quru palçıqdan yaratdığın bir bəşərə səcdə edən deyiləm!” Allah dedi: “Elə isə oradan çıx! Çünki sən qovulmusan. Şübhəsiz, axirət gününə qədər sənə lənət olacaqdır”. (İblis) dedi: “Ey Rəbbim, elə isə (insanların) dirildiləcəkləri günə qədər mənə möhlət ver!” Allah dedi: “Sən möhlət verilənlərdənsən; O məlum günə qədər!” (İblis) dedi: “Ey Rəbbim! Sən Məni azdırdığına görə mən də mütləq onlara yer üzündə (pis əməlləri) gözəl göstərəcək və onların hamısını azdıracağam.” (Hicr surəsi, 32-39)

Şeytanın özü ilə bərabər bir çox insanın da yolunu azmasını istəməsi bir növ psixoloji məmnuniyyətdir və eyni vəziyyət bəzi insanlarda da görülür. Günah edən insanlar başqalarının da eyni günahı etməsini istəyirlər. Bu, cəzanın ümumi olaraq hesablanıb, şiddətinin daha az olacağına dair cahil düşüncədən irəli gəlir.

Dini ağılsızca inkar edənlərin, Allahın əmrlərini tanımayanların və ya açıq-aşkar inkar edənlərin əsas təsəllisi, onlar kimi bir çox insanların da azğınlığa düşməsidir. “Hamı mənim kimi eyni şeyi edir” və ya “Bu qədər insan cəhənnəmə gedəcəksə, mən də gedərəm” kimi ağılsız ifadələrin arxasındakı məntiq səhv məntiqdir.

Şeytan Allahı tanıyır, Onun varlığını və qüdrətini qəbul edir, lakin onun özünəməxsus xüsusiyyəti var və üstün olduğu yalanına qapılır. Bu ağılsızlığına görə özü üçün müəyyən imtiyazlar və üstünlüklər gözləyir.

Şeytana Adəm Peyğəmbərə səcdə əmri verilərkən yoldan çıxmasının səbəbi də budur. Bir çox insan eyni səbəblərə görə yoldan çıxır. Quranda bildirilən inkarçı modellərin əksəriyyəti Allahın varlığını qəbul edir, lakin bəzi üstün xüsusiyyətlərə malik olduqlarına inandıqları üçün müəyyən imtiyazlara layiq olduqlarını düşünürlər.

“...De: “Bəs nə üçün günahlarınıza görə O sizə əzab verir? Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz. O, dilədiyini bağışlayar, dilədiyinə də əzab verər. Göylərin, yerin və onların arasındakıların hakimiyyəti Allaha məxsusdur. Axır dönüş də Onadır”.

Maidə surəsi, 18

Bu imtiyaz və üstünlük hissi müxtəlif formalarda görünə bilər. İslam öyrədir ki, insan acizdir və Allahın ona bəxş etdiyindən başqa heç bir şeyi yoxdur. Bir çox insanı yoldan çıxaran isə bu həqiqəti qəbul edə bilməmələridir.

Şeytanın “Mən oddan yaradılmışam” deyiminin səhv məntiqi kimi, bir çox insanlar yaxşı ailədən gəlməsini, zəngin olmasını, yaraşıqlı və ya gözəl olmasını axmaqca özlərinə aid olduğunu hesab edir və buna görə də, israrla və cahilcəsinə təkəbbürünə davam edir. Rəbbimiz Quranda bu mövzuda müxtəlif misallar vermişdir. Məsələn, Musa Peyğəmbərin qövmündən olan və böyük sərvət verilmiş Qarunun vəziyyəti ayədə belə bildirilir:

Qarun Musanın qövmündən idi və onlara qarşı azğınlıq etmişdi. Biz ona elə xəzinələr vermişdik ki, onun açarlarını daşımaq güclü adamlardan ibarət bir dəstəyə belə ağır gəlirdi. O zaman qövmü ona belə demişdi: “Qürrələnmə! Şübhəsiz ki, Allah qürrələnənləri sevməz. Allahın sənə verdikləri ilə (Allah yolunda infaq edərək) axirət yurdunu istə! Dünyadakı nəsibini də unutma! Allahın sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et və yer üzündə fitnə-fəsad törətməyi düşünmə! Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevməz”. Qarun dedi: “Bu sərvət mənə elmimə görə verilmişdir”. O, Allahın əvvəlki nəsillər içində ondan daha güclü və varlı kimsələri belə məhv etdiyini bilmirdimi?! Günahkarlardan günahları soruşulmaz. Beləliklə, (Qarun) öz ehtişamı ilə qövmünün qarşısına çıxdı. Dünya həyatını arzulayanlar: “Kaş Qaruna verilənlərin eynisi bizə də veriləydi. O, çox bəxtəvərdir”, - dedilər. Elm sahibi olanlar isə: “Vay halınıza! İman edib yaxşı işlər görən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna yalnız səbir edənlər qovuşa bilər”, dedilər. Nəhayət, onu evi ilə birlikdə yerə batırdıq. Nə Allahdan başqa ona yardım edən adamları var idi, nə də o, özünü müdafiə edə bildi. Dünən onun yerində olmağı arzulayanlar belə deməyə başladılar: “Deməli, Allah bəndələrindən dilədiyinin ruzisini artırır, dilədiyinin ruzisini də azaldırmış. Əgər Allah bizə lütf etməsəydi, həqiqətən, bizi də yerə batıracaqdı. Deməli, inkar edənlər nicat tapa bilməzlər”. Biz axirət yurdunu (cənnəti) yer üzündə təkəbbürlənmək və fitnə-fəsad törətmək istəməyənlərə veririk. Gözəl aqibət təqva sahiblərinindir. (Qəsas surəsi, 76-83)

Ayələrdən də anlaşıldığı kimi Qarun və onun təmsil etdiyi insan modeli səhv məntiqi səbəbiylə verilən nemətlərin özünə məxsus bir xüsusiyyətin nəticəsi olduğunu zənn edərək bu nemətləri verənin Allah olduğunu unudub inkar etmiş. Ayədə bəhs edilən Qarunun “Bu, mənə malik olduğum elmimə görə verildi” ifadəsi bunu göstərir.

Bu cür səhv məntiqlə düşünən insan, ayədə bəhs edilən “harınlayaraq sevinmə” əxlaqsızlığını göstərər. Bəzi insanların uğur, var-dövlət və güc kimi müsbət hadisələrdən sonra başqa insanlara qarşı təkəbbürlü, hörmətsiz, aqressiv davranmasının səbəbi budur. Bayaq qeyd etdiyimiz kimi, bu cür insanlar da “Allahın sevimli bəndələri” vəsfinə qapılır və Allah qatında imtiyaz sahibi olduqları yalanını danışırlar. Halbuki Allah ayələrdə bu insanlar haqqında belə buyurur:

İnsan xeyir istəməkdən bezməz. Ancaq ona bir pislik toxunarsa, o, dərhal məyus olub ümidsizliyə düşər. Əgər başına gələn müsibətdən sonra tərəfimizdən ona bir mərhəmət bəxş etsək, o:

“Bu mənim haqqımdır, qiyamətin qopacağını da zənn etmirəm. Rəbbimin hüzuruna qaytarılsam belə, əlbəttə, Onun yanında mənim üçün ən gözəl nemətlər vardır”, - deyəcəkdir. Həqiqətən, Biz inkar edənlərə etdikləri əməlləri xəbər verəcəyik və onlara çətin bir əzabı daddıracağıq.

Fussilət surəsi, 49-50

Başqa bir ayədə isə cahilcə özünü yüksək qiymətləndirən və Allah qatında özünü təmizə çıxarmağa çalışanların davranışı ilə bağlı belə bildirilir:

Özlərini təmizə çıxaran kimsələri görmədinmi? Əksinə, Allah dilədiyi kimsəni təmizə çıxardar və onlara xurma çərdəyinin teli qədər belə haqsızlıq edilməz.

Nisa surəsi, 49

Bunun əksi olaraq əsl möminlər heç vaxt Allah qatında mütləq nicata çatacaqlarını, mütləq “cənnətlik” olacaqlarını düşünmürlər. Möminlərin duası “qorxu və ümid” (Səcdə surəsi, 16) arasındadır. Allaha “bizi cəhənnəm əzabından qoru!” (Bəqərə surəsi, 201); “Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra qəlbimizə əyrilik salma” (Ali İmran surəsi, 8); “Bizi müsəlman olaraq öldür” (Əraf surəsi, 126) şəklində dua edərlər.

Özünü mütləq cənnətlik olaraq görən adam isə, bunu yalnız təkəbbürünə görə edər. Halbuki təkəbbür, insanın qurtulmasını əngəlləyən əxlaqsızlıqlardan biridir; çünki bir ayədə, “Allah özünü bəyənib qürrələnənləri sevməz.” (Hədid surəsi, 23) şəklində bildirmişdir.

Quranda bir çox ayədə “təkəbbür”ün möminlərin qəti şəkildə çəkinməli əxlaq pozğunluğu olduğu bildirilir:

Yer üzündə təkəbbürlənərək gəzmə! Şübhəsiz ki, sən nə yeri yara bilərsən, nə də ucalıq baxımından dağlara çata bilərsən.

İsra surəsi, 37

Təkəbbürlə insanlardan üzünü çevirmə və yer üzündə lovğalanaraq gəzmə! Şübhəsiz ki, Allah özündən razı və özünü tərifləyən kimsələrin heç birini sevməz.

Loğman surəsi, 18

(Allah bunları ona görə yazmışdır ki,) əlinizdən çıxanlara görə kədərlənməyəsiniz və Allahın sizə verdiklərinə görə sevinib qürrələnməyəsiniz. Allah özünü bəyənib qürrələnənləri sevməz.

Hədid surəsi, 23

Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yaxın dosta, yolda qalana və əlinizin altındakılara yaxşılıq edin! Şübhəsiz ki, Allah özündən razı halda lovğalıq edən kimsələri sevməz.

Nisa surəsi, 36

Allah möminlərə təvazökar olmağı əmr edir və təkəbbürlənənləri sevmədiyini bildirir. Bu, bir möminin təkəbbürlənməkdən uzaq olması üçün kifayətdir. Necə ki, Quran ayələrində, təvazökar olmağın ən əsas mömin xüsusiyyətlərindən biri olduğu belə xəbər verilir:

...Sizin ilahınız tək olan ilahdır. Elə isə Ona təslim olun! (Ey elçi!) İxlaslı və təvazökar olanlara müjdə ver!

Həcc surəsi, 34

Rəhmanın (xalis) bəndələri o kəslərdir ki, yer üzündə təvazökarlıqla yeriyər və cahillər onlara söz atdıqları zaman:

“Salam!” - deyərlər.

Furqan surəsi, 63

Biz axirət yurdunu (cənnəti) yer üzündə təkəbbürlənmək və fitnəfəsad törətmək istəməyənlərə veririk. Gözəl aqibət təqva sahiblərinindir.

Qəsas surəsi, 83

Bizim ayələrimizə yalnız bu ayələrlə öyüd verildiyi zaman təkəbbürlənmədən səcdəyə qapanan və Rəbbini həmd ilə təsbeh edənlər iman edərlər.

Səcdə surəsi, 15

Bir daha vurğulamaq lazımdır ki; bu son dərəcə vacib məsələdir. O qədər ki, insanın iman etməsi və ya inkar etməsi ilə təkəbbürlü yaxud təvazökar olması arasında çox yaxın əlaqə vardır. Allah, “yer üzündə təkəbbürlənənləri” ayələrindən uzaqlaşdıracağını belə bildirir:

Yer üzündə haqsız yerə təkəbbürlənənləri ayələrimdən uzaqlaşdıracağam. Onlar hər cür möcüzəni görsələr də yenə ona inanmazlar. Doğru yolu görsələr, onu özləri üçün yol qəbul etməzlər. Ancaq azğınlıq yolunu görsələr, onu özləri üçün yol qəbul edərlər. Bu ona görədir ki, onlar ayələrimizi təkzib etdilər və onlardan qafil oldular.

Əraf surəsi, 146

Digər ayələrdə də, bütün keçmiş inkarçıların ortaq xüsusiyyətinin “təkəbbür” olduğu bildirilir. Bütün haqq yoldan azanlar təkəbbürlü olduqları üçün azmışlar.

Xeyr (artıq dünyaya qayıda bilməzsən)! Ayələrim sənə gəlmişdi. Ancaq sən onları təkzib etdin, təkəbbürləndin və inkar edənlərdən oldun.

Zumər surəsi, 59

Ona: “Allahdan qorx!” – deyildikdə lovğalıq onu günaha vadar edər. Ona cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!

Bəqərə surəsi, 206

Şübhəsiz, Biz Musaya kitabı verdik. Ondan sonra da elçilər göndərdik. Məryəm oğlu İsaya açıq-aşkar möcüzələr bəxş etdik və onu müqəddəs ruhla (Cəbraillə) qüvvətləndirdik. Hər dəfə bir elçi qəlbinizə yatmayan bir şey gətirdikdə təkəbbürlənmədinizmi?!

Onların bir qismini təkzib etdiniz, bir qismini də öldürdünüz.

Bəqərə surəsi, 87

Quranın hökmünə görə, təkəbbürlənənlər yəni eqoist olan insanlar cəhənnəm əhlidir:

Şübhəsiz ki, ayələrimizi təkzib edib təkəbbürlənərək onlardan üz çevirənlərə göyün qapıları açılmayacaq və onlar dəvə iynənin gözündən keçənə qədər cənnətə girə bilməyəcəklər. Biz günahkarları belə cəzalandırırıq. Onlar üçün cəhənnəm odundan döşəklər, üstlərində də (cəhənnəm odundan) yorğanlar vardır. Biz zalımları belə cəzalandırırıq.

Əraf surəsi, 40-41

Ayələrimizi yalan sayıb təkəbbürlənərək onlardan üz çevirənlər isə cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar.

Əraf surəsi, 36

Peyğəmbərlərə qarşı üsyan edənlər, onlara düşmənçilik edənlər həmişə təkəbbürlü insanlar olublar. Quranda “qövmün başçıları”, “təkəbbürlənənlər” kimi sifətlərlə vəsf edilən bu insanlar qürur və təkəbbürləri səbəbindən böyük ağılsızlıq göstərmiş, peyğəmbərə itaət etməkdən boyun qaçırmışlar. Başqa bir insan tərəfindən doğru yola yönəldilməsini rədd etmişlər. Buna görə də, öz azğınlıqları içində boğuldular. Quranda qövm başçılarının təkəbbürlü olduqlarına görə kafir olduqları belə bildirilir:

Qövmünün təkəbbürlü başçıları, özlərindən olan iman etmiş zəif kimsələrə belə dedilər:

“Siz Salehin (həqiqətən) Rəbbi tərəfindən göndərilmiş bir elçi olduğunu bilirsinizmi?!” Onlar:

“Biz onunla göndərilənə inanırıq!” - dedilər. Təkəbbürlənənlər: “Biz sizin inandığınızı inkar edirik”, - dedilər.

Əraf surəsi, 75-76

Şüeybin qövmündən olan təkəbbürlü başçılar:

“Ey Şüeyb! Səni və səninlə birlikdə iman edənləri mütləq məmləkətimizdən çıxaracağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!” - dedilər. (Şüeyb) dedi: “Biz (bunu) istəməsək belə?!”

Əraf surəsi, 88

Elçiləri onlara dedi:

“Allah Talutu sizə hökmdar göndərdi”. Onlar belə dedilər: “O bizə necə hökmdar ola bilər? Axı, biz hökmdarlığa ondan daha layiqik. Ona çoxlu mal-mülk də verilməyib”. O (elçi) dedi: “Həqiqətən, Allah sizin üçün onu seçdi, elm və bədəncə gücləndirdi. Allah Öz hökmranlığını dilədiyinə verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir!”

Bəqərə surəsi, 247

Eyni şəkildə, qövmünün əyanları, Peyğəmbərimizin risalətinə də böyük cahilliklə qarşı çıxmış və ayədə xəbər verildiyi kimi “... “Bu Quran iki şəhərdən olan böyük bir adama nazil edilməli deyildimi?” - dedilər.” (Zuxruf surəsi, 31) İnkarçıların irəli sürdükləri bu axmaq məntiq, insanları yalnız maddi zənginliyi və ya şöhrətləri ilə qiymətləndirmələrindən qaynaqlanır. Ayədə xəbər verildiyi kimi, əgər Rəsul, “iki şəhərdən birinin böyük adamı” olsa, ona itaət etməyi bəlkə də qəbul edəcəklər. Ancaq bir insana, yalnız Allah onu seçdiyinə görə itaət etmək təkəbbürlərinə ağır gəlir.

Səmud qövmünün əyanları da onlara peyğəmbər göndərilən Saleh Peyğəmbərə eyni səhv məntiqlə qarşı çıxmışlar:

Onlar demişdilər:

“Özümüzdən olan bir insanamı tabe olacağıq? O zaman biz azğınlığa düşmüş və çılğınlıq etmiş olarıq. Aramızdan onamı vəhy gəldi? Xeyr! O, lovğa bir yalançıdır”.

Qamər surəsi, 24- 25

“Müddəssir” surəsində təkəbbürün insanları necə azdırdığına dair son dərəcə mühüm izahlar vardır. Ayələrdə Allahın çoxlu nemətlər verdiyi şəxsdən bəhs edilir. Ancaq bu adama Quran oxunan zaman eqoistləşir. O, Allahın kəlamını dinləyib anlayır, lakin ona tabe olmaq qüruruna çox ağır gəlir. Ona görə də inkar edir. Bu adamın sonu cəhənnəmdir; təkəbbürünün nəticəsi olaraq əbədi əzaba düçar olacaq. Ayədə belə buyurulur:

Yaratdığım o kimsəni Mənə burax! Mən ona çoxlu mal-mülk verdim. Yanındakı övladlar verdim. Ona hər cür imkanlar verdim. Bundan sonra o, yenə də (bu imkanları) artırmağımı istəyir. Xeyr! Həqiqətən, o, ayələrimizə qarşı çox inadkardır. Mən onu sərt bir yoxuşa (çətin bir əzaba) sürükləyəcəyəm. Həqiqətən, o, fikirləşib qərar verdi. Canı çıxsın! Necə qərar verdi?! Qoy canı çıxsın! Necə qərar verdi?! Sonra baxdı. Sonra üz-gözünü turşudub qaşqabağını tökdü. Sonra da arxasını çevirib təkəbbürləndi. Və dedi:

“Bu (Quran), yalnız öyrənilən bir sehrdir. Bu, insan sözündən başqa bir şey deyildir”. Mən onu Səqərə (cəhənnəmə) atacağam. Sən haradan biləcəksən ki, Səqər nədir? O, heç bir şeyi sağ-salamat buraxmaz. İnsanın dərisini yandırıb-yaxar.”

Müddəssir surəsi, 11-29

Başqa ayələrdə, Allaha qarşı təkəbbürlü birinin cəhənnəmdəki vəziyyəti bu cür təsvir edilir:

(Allah cəhənnəm mələklərinə belə buyuracaq:)

“Onu tutun və cəhənnəmin ortasına sürükləyin! Sonra başından qaynar su tökərək ona əzab verin!”

Duxan surəsi, 47-49

İnsan heç vaxt aciz, zəif varlıq olduğunu, Allahın bəndəsi olduğunu unutmamalıdır. Bunu unutmadığı təqdirdə Allahın ona verəcəyi nemətlərdən daha çox zövq alar. O nemətlərə sahib olmadığını, bu nemətlərin ona verildiyini anlayar və Allahın bu ikramına şükür edərək həqiqi ləzzəti tapar. Əgər verilən nemətlərə görə lovğalanmağa, qürurlanmağa başlayarsa, əvvəl o nemətdən aldığı ləzzəti, sonra da o nemətləri itirər.

Haqq dini yaşamaq, Allahın bəndəsi olduğunu dərk etməkdən irəli gəlir. Kim Allaha qulluq edərsə, Rəbbimiz o insana hər yolu açar. Bunun əksinə davranmaq isə hüsranla nəticələnər. Allaha qarşı təkəbbür göstərənlər, Qurani-Kərimdə buyurulduğu kimi, Allahın hüzuruna toplanacaq və cəzalandırılacaqlar:

“...Kim Allaha ibadət etməyi özünə ar bilib təkəbbürlük göstərərsə, O, onların hamısını Öz hüzuruna toplayacaqdır.”

Nisa surəsi, 172

Bunlarla bağlı Allah Quranda belə buyurur:

Ayələrimizi yalan sayıb təkəbbürlənərək onlardan üz çevirənlər isə cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar.

Əraf surəsi, 36

Allaha qarşı təkəbbür göstərməyən və Onun bəndələrinə qarşı təvazökarlıq edənlərin yeri cənnətdir:

Kim yaxşı əməllə gələrsə, onun üçün bundan daha yaxşısı vardır. Kim də pis əməllə gələrsə, pis işlər görənlərə ancaq etdikləri əməllər qədər cəza verilər.

Qəsas surəsi, 84

Allaha İnam və Təslimiyyət

İmanın ən əhəmiyyətli bir neçə göstəricilərindən biri, insanın Allaha olan etibarı və təslimiyyətidir. Quranda “təvəkkül” olaraq bildirilən bu xüsusiyyət, həqiqətən də iman edən insanla iman etməyən arasındakı ən böyük fərqlərdən biridir.

İnkar edən insan üçün bütün dünya kabus kimidir. Özünün guya “təsadüfən” var olduğunu, ətrafındakı dünyanın da təsadüflər nəticəsində meydana gəldiyi yalanına inanır. Buna görə də, heç vaxt həqiqi güvən və hüzur tapa bilməz. Çünki hər an başına bir şey gələ bilər, onu üzəcək hadisələr ola bilər düşüncəsinə qapılır. Zamanının böyük hissəsini gələcəklə bağlı narahatlıqla keçirər.

Bu cür səhv məntiqə sahib olan insan onun xoşbəxtliyinə təsir edəcək yüzlərlə, hətta minlərlə bir-birindən müstəqil amil vardır və bunların hər hansı biri “təsadüfən” pisə doğru irəliləyib həyatını məhv edə bilər. Məsələn, sağlamlığını itirə, ya da işdən atıla bilər, sevdiyi bir insan ölə bilər. Hər hadisəni müstəqil və nəzarətsiz zənn etdiyi üçün hər birinə görə ayrı-ayrı narahatlıq keçirir. Bu, yüzlərlə müstəqil amili ağılsız şəkildə əldə etməsi mənasına gəlir (Allahı tənzih edirik). Çünki bir şeydən qorxmaq, yaxud ona güvənmək, Quranda xəbər verildiyi kimi, onu ilahlaşdırmaq deməkdir.

Ancaq mömin, dünyanın sirrini qavramışdır: Bu sirr, hər şeyin, hər maddənin, hər canlının, hər varlığın Allahın idarəsi altında olduğu və Onun izni və elmi xaricində heç bir şeyin reallaşmayacağı sirridir.

“Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın” (Hud surəsi, 56), yaxud, “Göylərdə və yerdə kim varsa, Ona aiddir və hamısı Ona boyun əymişdir (Rum surəsi, 26), ayələrində xəbər verilən bu sirr, ancaq möminlərin sahib olduğu “fərasətlə” (Hicr surəsi, 75) aydın ola bilər.

Bu halda mömin hər şeyin Allahın yaratdığı taleyə uyğun baş verəcəyinə əmin olur. Həyatı boyu qarşılaşacağı hər hadisə onun taleyindədir və taleyini də Allah təyin etmişdir. Ona görə də, mömin üçün heç vaxt “pis” deyə hadisə ola bilməz. Bəzi şeylər pis görünsə də, əslində mömin üçün yaxşı nəticələr verəcəkdir. Əgər Allah möminin qarşısına bir hadisə çıxarıbsa, onda mütləq bir xeyir vardır. Mömin pis görünən hadisələr qarşısında son dərəcə səbirli və əmin olmalıdır. İlk baxışda pis görünən o hadisəni Allah mütləq xeyirlə yaradar.

Çətin fikri mübarizədə, möminə ən böyük rahatlığı və hüzuru verən şey, məhz bu ruh halıdır. Qurana nəzər saldıqda bütün elçilərin və onlarla birlikdə olan möminlərin çox çətin hadisələrlə qarşılaşdıqlarını, zahirən çox “pis” vəziyyətlərdə olduqlarını görürük. Demək olar ki, hər bir mömin inkarçılar tərəfindən hücuma məruz qalmış, ölümlə təhdid edilmiş, əzab və işgəncələr görmüş, təhqirlərə məruz qalmış, bəziləri isə şəhid olmuşdur.

Ancaq Qurana nəzər saldıqda möminlərin bütün bu hücumlara qarşı son dərəcə inamlı və rahat olduqlarını görürük. Çünki Quranda bizə nümunə olaraq verilən bu möminlər hər hadisəni Allahın yaratdığını və buna görə də, hər hadisədə bir xeyir olduğunu bilərək hərəkət ediblər.

Allahın möminləri köməksiz qoymayacağına, möminləri dözə bilməyəcəkləri çətinliyə salmayacağına, çəkdikləri bəlaların mükafatını axirətdə verəcəyinə əmindirlər. Quranda yüzlərlə ayə Allaha təvəkkül və təslim olmağın vacibliyini bildirir. Bir ayədə belə buyurulur:

De: “Allahın bizim üçün təqdir etdiyindən başqası bizə üz verməz. O, bizim himayədarımızdır (yardımçımızdır). Ona görə də möminlər Allaha təvəkkül etsinlər!”

Tövbə surəsi, 51

Quranda istifadə edilən “təvəkkül” sözü çox əhəmiyyətlidir. Təvəkkül etmək, “vəkil qəbul etmək” mənasına gəlir. Bu, xalq arasında məşhur olan təvəkkül anlayışından fərqlidir. Xalq arasında məşhur olan inanc, “əlindən gələn hər şeyi etmək, sonra da işi Allaha buraxmaq” şəklindədir. Halbuki “vəkil qəbul etmək” termini, o işi edənin və yaradanın Allah olduğunu, hər şeyi tamamilə Allahın təqdirinə buraxmaq mənasını verir.

Ancaq bu mövzunu səhv anlamamaq lazımdır: Hadisəni tamamilə Allaha buraxmaq, şəxs özünü hadisənin xaricində tutması demək deyil. Əksinə, mömin hadisələrin içinə girər, dini maraqlandıran hər cür məsuliyyəti üzərinə alar. Məhz təvəkkülün həqiqi mənası burada ortaya çıxır: Mömin, etdiyi hərəkətləri də əslində Allahın etdirdiyini, varlığının idarəsinin də, Allahın əlində olduğunu bilir və Onu vəkil qəbul edərək bir işə başlayır.

Quranda Peyğəmbərlərin bəzi duaları bu mövzunu anlamağımıza kömək edər. Nəml surəsinin 19-cu ayəsində, Süleyman Peyğəmbərin, “Süleyman onun sözünə gülümsəyib dedi: “Ey Rəbbim! Həm mənə, həm də ata-anama verdiyin nemətə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə güc ver! Öz mərhəmətinlə məni saleh bəndələrinin arasına daxil et!” dediyi bildirilir. Bu dua, Süleyman Peyğəmbərin öz hərəkətlərinin də Allahın idarəsində olduğunu bildiyini və Onun rizasına uyğun işlər görmək üçün Allahdan istədiyini göstərir.

Məhz təvəkkülün ardındakı məntiq də budur. Mömin, özü də daxil olmaqla bütün varlıqların Allahın nəzarətində olduğunu bilir və həm xarici dünyanı, həm də öz bədən və ruhunu Allaha əmanət edir, bunların idarəsi üçün Allahı vəkil tutur. Bu vəziyyətdə ortaya dünyanın ən qorxusuz, ən etibarlı, ən rahat, ən güclü insanı çıxar. Təvəkkülü yaşayan mömin, cəsur və əzmli, rahat və sakitdir. Quranda peyğəmbərlərin və möminlərin sahib olduqları təvəkkülün bir çox nümunəsi verilir. Nuh Peyğəmbər, üstün əxlaqı və təvəkkülü ilə Quranda nümunə göstərilən peyğəmbərlərdən biridir:

Onlara Nuhun xəbərini oxu! Vaxtilə o öz qövmünə demişdi:

“Ey qövmüm! Əgər aranızda qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, bilin ki, mən Allaha təvəkkül edirəm. Siz də şəriklərinizlə birlikdə işinizi qərarlaşdırın. Sonra işiniz başınıza dərd olmasın. Sonra haqqımda verdiyiniz hökmü icra edin və mənə heç möhlət də verməyin!”

Yunis surəsi, 71

Şueyb Peyğəmbər də eyni əxlaqı göstərmişdir:

(Şueyb) dedi:

“Ey qövmüm! Deyin görək, əgər mən Rəbbimdən gələn açıq-aşkar bir dəlilə əsaslanıramsa və Allah mənə Öz dərgahından gözəl bir ruzi veribsə, onda necə?! Mən sizə qadağan etdiyimin əksinə hərəkət etmək istəmirəm. Yalnız gücüm çatdığı qədər (sizi) islah etmək istəyirəm. Mənim müvəffəqiyyətim yalnız Allahdandır. Mən Ona təvəkkül etmişəm və Ona dönəcəyəm.”

Hud surəsi, 88

Digər bir çox ayələrdə, möminlərin təvəkkül və səbri belə xəbər verilir:

(Ey elçi!) Əgər onlar (haqdan) üz döndərsələr, de ki:

“Mənə Allah yetər! Ondan başqa heç bir ilah yoxdur. Mən Ona təvəkkül etmişəm. O, böyük ərşin sahibidir”.

Tövbə surəsi, 129

Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkildiyi zaman qəlbi titrəyər, onlara Allahın ayələri oxunduğu zaman bu, onların imanlarını artırar və yalnız Rəbbinə təvəkkül edərlər.

Ənfal surəsi, 2

Göylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər Ona qaytarılacaqdır. Elə isə, yalnız Ona ibadət et və yalnız Ona təvəkkül et! Rəbbin sizin etdiklərinizdən qafil deyildir. (Hud surəsi, 123) (Ey elçi!) Beləcə, səni özlərindən əvvəl neçə-neçə ümmətlərin gəlib keçdiyi bir ümmətə elçi göndərdik ki, sənə vəhy etdiyimizi (Quranı) onlara oxuyasan. Ancaq onlar Rəhmanı inkar edirlər. De ki:

“O mənim Rəbbimdir. Ondan başqa heç bir ilah yoxdur. Mən Ona təvəkkül etmişəm. Tövbəm də Onadır!”

Rad surəsi, 30

Elçiləri onlara dedilər:

“Biz də sizin kimi bir insanıq. Lakin Allah nemətini (elçiliyi), Öz bəndələrindən dilədiyi kimsəyə bəxş edər. Allahın izni olmadan sizə bir dəlil (möcüzə) gətirə bilmərik. Möminlər Allaha təvəkkül etsinlər! Bizə yollarımızı (iman və qurtuluş yolunu) göstərdiyi halda nəyə görə Allaha təvəkkül etməməliyik?! Sizin bizə verdiyiniz əziyyətlərə mütləq səbir edəcəyik. Təvəkkül edənlər də Allaha təvəkkül etsinlər!”

İbrahim surəsi, 11-12

De: “O, Rəhmandır (çox mərhəmətlidir)! Biz Ona iman etmiş və Ona təvəkkül etmişik. Kimin açıq-aydın bir azğınlıq içində olduğunu yaxın bir vaxtda biləcəksiniz.”

Mülk surəsi, 29

Təvəkkül edən adam bilməlidir ki, o Allahı vəkil etmişdir və Allahdan başqa vəkil yoxdur. Buna görə də, təvəkkül etməklə ən doğru və ağıllı hərəkəti etmişdir. Allaha dua edib, Ona yönəlib, Ona təvəkkül etdikdən sonra narahat olacaq heç bir şey yoxdur. Allah, mütləq mömin üçün ən xeyirli nəticəni yaradacaq. Qurandakı, “Allaha təvəkkül et; vəkil olaraq Allah yetər” (Əhzab surəsi, 3) hökmü ilə Allah möminlərə bu zəmanəti verir. Başqa ayələrdə də belə buyurulur:

“... Kim Allahdan qorxarsa, Allah onun üçün bir çıxış yolu yaradar. Və heç gözləmədiyi bir yerdən Allah ona ruzi yetirər. Kim Allaha təvəkkül edərsə, Allah ona yetər. Şübhəsiz ki, Allah istədiyini edəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur.

Talaq surəsi, 2-3

Heç kim, Allah diləmədikcə başqa birinə zərər verə bilməz. Heç kim, Allahın izni xaricində başqa birini öldürə bilməz; canı verən yalnız Allahdır. Buna görə də Allahdan başqa hər hansı bir varlıqdan qorxmağın mənası yoxdur. Quranda bu həqiqət tez-tez xatırladılır:

Şübhəsiz ki, gizli danışıqlar şeytanın iman edənləri kədərləndirmək üçün etdiyi işlərdəndir. Ancaq o, Allahın izni olmadıqca onlara heç bir zərər verə bilməz. Möminlər yalnız Allaha təvəkkül etsinlər!

Mücadilə surəsi, 10

İnkar edənlərə və münafiqlərə boyun əymə! Onların verdikləri əziyyətlərə əhəmiyyət vermə və Allaha təvəkkül et! Vəkil olaraq Allah yetər.

Əhzab surəsi, 48

Onlardan: “Göyləri və yeri kim yaratmışdır?” - deyə soruşsan, onlar hökmən:

“Allah!” - deyəcəklər. De ki: “Elə isə deyin görək, əgər Allah mənə bir zərər yetirmək istəsə, Allahdan başqa dua etdikləriniz Onun zərərini dəf edə bilərlərmi? Yaxud Allah mənə mərhəmət etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?” De: “Allah mənə yetər. Təvəkkül edənlər ancaq Ona təvəkkül edərlər!”

Zumər surəsi, 38

Allaha güvənən, Ona təslim olan, Ona təvəkkül edən insan, nəfsinin və şeytanın vəsvəsələrindən də qorunmuş olur. Quranda bu sirr, “Əlbəttə, iman edib Rəbbinə təvəkkül edənlərin üzərində onun (şeytanın) heç bir hökmranlığı yoxdur.” (Nəhl surəsi, 99) hökmü ilə xəbər verilir. Allahın böyük nemətinə, yəni cənnətinə qovuşacaq olanlar təvəkkül edənlərdir:

Sizə verilənlər dünya həyatının dolanacağıdır. Ancaq Allah yanındakı (mükafat) iman edib Rəbbinə təvəkkül edənlər üçün daha yaxşı və əbədidir.

Şura surəsi, 36

Əslində, Allahdan başqa güvənilən və yardımı gözlənilən heç bir varlıq yoxdur. Yaqub Peyğəmbərin ayədə bəhs edilən “...Hökm yalnız Allahındır. Mən Ona təvəkkül etmişəm. Qoy təvəkkül edənlər də yalnız Ona təvəkkül etsinlər!” (Yusif surəsi, 67) ifadəsində olduğu kimi, vəkil olmağa laiq olan, Ona təvəkkül edənlərə kömək edən yalnız Allahdır. Allahdan başqa ilah olmadığı üçün Ondan başqa vəkil də yoxdur:

Allahdan başqa heç bir ilah yoxdur! Ona görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!

Təğabun surəsi, 13

Bir başqa ayədə isə belə buyurulur:

Ölümsüz və daim diri olan Allaha təvəkkül et və Onu həmd ilə təsbeh et! Onun, bəndələrinin günahlarından xəbərdar olması kifayətdir.

Furqan surəsi, 58

Bağışlanma və Tövbə

Bəzi insanlar var ki, qüsursuz olmağa çalışırlar. Bacardıqları qədər özlərini mükəmməl insan kimi təqdim etməyə və görməyə çalışırlar. Çünki səhv etdiklərini etiraf etsələr, alçaldılacaqlarından qorxurlar. Onların fikrincə, ideal insan heç bir qüsuru olmayandır.

Halbuki haqqında bəhs etdiyimiz bu “nöqsansızlıq” axtarışı xurafatdan başqa bir şey deyil. Əslində Quranda belə bir mömin modeli bizə verilməmişdir. Belə bir modelin olması mümkün deyil. Çünki insan Allah qarşısındakı acizliyinin nəticəsində həyatı boyu çoxlu səhvlər və günahlar edə bilər. Təbii ki, bunlardan uzaq durmalı, Allahın dinini tətbiq edərkən səhv etməməyə, günaha yol verməməyə çalışmalıdır. Ancaq unutmamalıdır ki, o, Allahın aciz bir bəndəsidir və səhvlərdən tamamilə qaça bilməz.

Necə ki, bir ayədə, yer üzündəki hər insanın Allaha qarşı səhv və günah işləyə biləcəyi belə xəbər verilir:

Əgər Allah insanları qazandıqları günahlarına görə (dərhal) cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin onları təyin edilmiş bir vaxta qədər təxirə salır. Onların vaxtı gəldiyi zaman (əməllərinin qarşılığını verəcəkdir)! Həqiqətən, Allah bəndələrini görür.

Fatir surəsi, 45

Bu İlahi hökmə uyğun olaraq, Allah Quranda insanların səhv və ya günah edə biləcəyini, lakin bunda israr etməmələrini bildirmişdir. Mömindən gözlənilənsə, etdiyi bütün səhv və günahlar üçün həmişə Allahdan bağışlanma diləməsidir.

Bu, kafirlərlə möminləri bir-birindən fərqləndirən ən mühüm xüsusiyyətlərdən biridir. İnkarçılar özlərini qüsursuz və günahsız hesab etməyə çalışırlar. Halbuki möminlərin belə bir iddiası yoxdur. Təbii ki, Allaha qarşı heç bir günah işləmək istəmirlər. Ancaq insan fitrətinə görə bəzən müvəqqəti olaraq nəfsinə tabe ola bilər, günah işləyə bilər. Allahın əmrlərini yerinə yetirməkdə laqeydlik göstərərək qəflətə düşə bilər. Amma sonunda bütün bunlardan peşman olub Allaha üz tutması və Rəbbimizdən bağışlanma diləməsi vacibdir.

Qurana nəzər saldıqda görürük ki, Allahdan bağışlanma diləmək möminin təbii və daimi xüsusiyyətidir. Bu da bizə bir daha göstərir ki, möminlər heç vaxt özlərini günahdan uzaq görmürlər, əksinə, nöqsan və çatışmazlıqları üçün daima Allahın rəhmətinə sığınırlar. Bir ayədə tövbə, möminin ən mühüm xüsusiyyətlərindən biri kimi qeyd edilir:

Onlar tövbə edən, ibadət edən, şükür edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işləri əmr edib pis işləri qadağan edən və Allahın (halal-haram) hüdudlarını qoruyanlardır. Belə möminləri müjdələ!

Tövbə surəsi, 112

Həmçinin tövbə və bağışlama anlayışları arasındakı fərqə diqqət yetirmək lazımdır.

Allahın Quranda bizə göstərdiyi, Allahdan bağışlanma diləmək möminin həmişə etdiyi bir ibadətdir. İnsan bilərəkdən və ya bilməyərəkdən etdiyi bütün günahlar üçün səhər-axşam Allahdan bağışlanma diləyə bilər. Üstəlik, ayələrə əsasən, həm özü, həm də digər möminlər adına bağışlanma diləyə bilər.

Bağışlanma diləmək mənasını verən “istiğfar” sözünün ərəbcə tərcüməsi “Allahın Qafur sifətini istəmək”dir. Qafur sifəti “qafere” felindən törəmişdir, bu felin dilimizə tərcüməsi “bir şeyi gizlətmək, örtmək, qorumaq, düzəltmək və ya bükmək”dir.

Demək ki, Allahdan bağışlanma diləmək, insanın günahlarını örtməsi üçün Allaha yalvarması və bu məqsədlə Onun sonsuz şəfqət və rəhmətinə sığınması deməkdir. Necə ki, Quranda möminlərin Allaha, “Ey Rəbbimiz! Günahlarımızı bağışla, pis əməllərimizin üstünü ört və canımızı yaxşılarla birlikdə al!” (Ali-İmran surəsi, 193) şəklində yalvardıqları bildirilir. Buna cavab olaraq Allah belə hökm verir:

“...Allah (onlara) demişdi:

“Mən sizinləyəm. Əgər namazı qılsanız, zəkatı versəniz, elçilərimə iman edib onlara kömək etsəniz və Allaha gözəl bir borc versəniz əlbəttə, günahlarınızın üstünü örtər və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edərəm. Bundan sonra sizdən kim küfrə düşərsə, doğru yoldan azmış olar”.

Maidə surəsi, 12

Yuxarıda da, qeyd etdiyimiz kimi, insanın bildiyi və ya bilmədiyi bütün günahları üçün və digər möminlər üçün də bağışlanma diləmək olar. Tövbəni bağışlanmaqdan fərqləndirən ən mühüm fərq budur: İstiğfar, bağışlanmaq üçün edilən ümumi dua mahiyyəti daşıdığı halda, tövbədə, işlənmiş konkret günaha qarşı alınan feli münasibətdir.

Tövbə, insanın etdiyi müəyyən günaha görə Allahın rəhmətinə sığınıb, bir daha o günahı etməyəcəyinə dair Allaha söz verib, Ondan kömək istəməsidir. Sözün hərfi mənası “qayıtmaq” deməkdir. Odur ki, tövbə, qəti qərarla günahdan üz döndərmək, ondan peşman olub əl çəkmək deməkdir.

Tövbədə niyyət eyni günahı təkrar etməmək olmalıdır. Necə ki, Allah buyurur:

“Ey iman edənlər! Allaha səmimi-qəlbdən tövbə edin! Ola bilsin ki, Rəbbiniz sizin pisliklərinizin üstünü örtər və Allah elçisini və onunla birlikdə iman edənləri utandırmayacağı bir gündə sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edər...”

Təhrim surəsi, 8

Ayədə tövbə etmək üçün istifadə edilən “nəsuh” ifadəsi nəsh edən, yəni ortadan götürən, unutduran mənasını verir. Buna görə də səmimi tövbə o günahı bir daha etməmək niyyəti ilə edilməlidir. Lakin bu o demək deyil ki, insan günaha görə yalnız bir dəfə tövbə etməlidir. İnsan etdiyi günaha görə tövbə edə bilər, sonra qəflətə qapılıb eyni günahı təkrar edə bilər.

Bu şəxs dəfələrlə etdiyi tövbəni pozmuş və eyni günahı təkrarlamış ola bilər. Amma yenə də Allah ona rəhmətini davam etdirər. Bu mərhəmətə görə insan dəfələrlə tövbəsini pozsa belə, son dəfə səmimi tövbə edib yenidən Ona sığına bilər. Bir ayədə Allahın bu sonsuz rəhməti və bağışlayıcı olması insanlara belə xəbər verilir:

De: “Ey özlərinə qarşı həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin! Şübhəsiz, Allah bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayandır, rəhmlidir. Sizə əzab gəlməmişdən əvvəl Rəbbinizə dönün və Ona təslim olun! Yoxsa sonra sizə yardım olunmaz.

Zumər surəsi, 53-54

Ancaq yuxarıdakı ayələrdən də aydın olduğu kimi, Allahın qəbul etməyəcəyi tövbə də vardır: Ölüm anı gəlib çatdığında, artıq ölüm mələklərini görəcək mərhələyə gəlmiş bir adamın səmimiyyətsiz şəkildə etdiyi yalvarışdır. Bir ayədə bu mövzu belə açıqlanır:

Allahın qəbul etdiyi tövbə yalnız bilmədən pis iş görən, sonra da dərhal tövbə edənlərin tövbəsidir. Allah onların tövbəsini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir. Yoxsa günah işlər görməyə davam edib və nəhayət ölümü çatdığı zaman:

“Mən indi tövbə etdim”, - deyən kimsələrin və inkar edən olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Onlar üçün şiddətli bir əzab hazırlamışıq.

Nisa surəsi, 17-18

Quranda, Allahın qəbul etməyəcəyini bildirdiyi bu “son an tövbəsi”nin nümunəsi də verilir. Musa Peyğəmbər və yanındakı möminləri şəhid etmək üçün onların arxasınca gedən Firon dənizdə boğulmaq üzrə olduğu sırada tövbə etmək istəyir.

İndimi (iman etdin)? Halbuki daha əvvəl (Allaha) üsyan etmişdin və fitnə-fəsad törədənlərdən idin.

Yunis surəsi, 91

Tövbə çox böyük və dəyərli bir ibadətdir. İnsanın əbədi nicatı üçün böyük əhəmiyyət kəsb edir, bunun üçün insan bu qapını sonuna qədər geniş açmalıdır. İnsan böyük günahlar işləmiş, böyük səhvlər etmiş, dinə uyğun olmayan həyat yaşamış ola bilər. Halbuki, Allah o qədər böyük mərhəmət sahibidir ki, insan bircə səmimi tövbə ilə axirətini xilas edə bilər. Bir ayədə Allahın tövbə yoluyla insanlara yaydığı sonsuz şəfqəti belə bildirilir:

“Ayələrimizə iman edənlər sənin yanına gəldikləri zaman (onlara) de:

“Sizə salam olsun! Rəbbiniz mərhəmətli olmağı Özünə vacib etdi. Odur ki, sizlərdən hər kim bilməyərək pis bir iş görərsə, sonra onun arxasınca tövbə edib özünü islah edərsə, bilsin ki, Allah bağışlayandır, rəhmlidir”.

Ənam surəsi, 54

Bilinməlidir ki, Allah hətta ən böyük günahları edən, Allaha və Onun elçisinə qarşı müharibə edən kafirləri və münafiqləri belə, əgər həqiqətən səmimi şəkildə Ona tövbə edərək haqq dinə dönsələr, onları bağışlayacağını belə bildirir:

Şübhəsiz, münafiqlər cəhənnəmin ən alt təbəqəsindədirlər. Artıq onlar üçün heç bir yardımçı tapa bilməzsən. Ancaq tövbə edib özlərini islah edən, Allaha (Allahın dininə) sarılan və Allah üçün dinlərini (ibadətlərini) ixlasla yerinə yetirən kimsələr istisnadır. Onlar möminlərlə bərabərdirlər. Allah möminlərə böyük mükafat verəcəkdir.

Nisa surəsi, 145-146

Kitabda insanlar üçün açıq-aydın dəlilləri və doğru yolu nazil edib bəyan etdikdən sonra onları gizlədənlərə Allah və (bütün) lənət edicilər lənət edərlər. Ancaq tövbə edib özlərini islah edənlər və (haqqı) bəyan edənlər bundan istisnadır. Çünki onların tövbələrini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm!

Bəqərə surəsi, 159-160

Bu hökmlər, tövbənin, Allahın bəndələri üçün açdığı böyük nicat qapısı olduğunu və hər bir insanın etdiyi günahdan ümidini kəsmədən Allaha yönəlməsinin lazım olduğunu göstərir. Ancaq bu vəziyyəti səhv izah etmək və qeyri-səmimi məntiqlə istifadə etmək böyük fəlakətə səbəb olar. Bu məntiq, dini çox yaxşı bildiyi halda, “sonra tövbə edərəm” deyərək bilərəkdən günah edənlərin azğın məntiqidir.

Allah bu cür səmimiyyətsizliyi heç vaxt bəyənməz. Bunu edən insanlar “iman etdikdən sonra kafir olub, sonra inkarını artıranlar” sinfinə daxil edilirlər. Bunun nəticəsində də cəhalət, ya da iradəsizliyi səbəbiylə günah işləyən insanların tövbəsi qəbul olunduğu halda, bilə-bilə günah işləyən və tövbələri də “günah işləmə azadlığını təmin edən vasitə” sayan bu səmimiyyətsiz insanların tövbəsi qəbul olunmaz. Quranda bu həqiqət belə bildirilir “İman etdikdən sonra inkar edən olub, sonra küfrlərini daha da artıranların tövbələri əsla qəbul olunmaz! Onlar (doğru yoldan) azanlardır. (Ali İmran surəsi, 90)

Buradakı incəliyə diqqət yetirmək lazımdır: Əgər insan öz cahilliyi, nəfsi, qəfləti ucbatından günah etsə, lakin sonra etdiklərini dərk edib tövbə etsə, bu insan səmimi insan ola bilər. Və Allahın onu bağışlayacağına ümid edə bilər. Ancaq dini çox yaxşı bilən və günah işləyərkən “onsuz da sonra tövbə edəcəyəm” kimi səhv məntiqə sahib insanlar açıq-aşkar saxtakardırlar. Buna görə də onların tövbəsinin səmimi olması mümkün deyil. Allah bu tövbəni səmimi olmadığı üçün qəbul etməyə bilər (Doğrusunu Allah bilir).

Bu məqam son dərəcə əhəmiyyətlidir: Unudulmamalıdır ki, həm bağışlanma, həm də tövbə son dərəcə səmimi, peşmançılıq hissi ilə edilməlidir. Qurani-Kərimdəki “Rəbbinizə yalvarıb yaxararaq və gizlicə dua edin!...” (Əraf surəsi, 55) əmrində nəzərdə tutulan səmimi ruh halına, tövbə və bağışlanmağa da aiddir. Xüsusilə də, böyük günahlar üçün edilən tövbə dərin peşmanlıq hissi ilə edilməlidir. Quranda Peyğəmbərimizin dövründə, Allah yolunda döyüşə getməmək kimi böyük günah işləmiş üç müsəlmanın etdiyi bu cür tövbə belə təsvir edilmişdir:

Müsəlmanlardan bir qrupun qəlbi əyriliyə meyil etmək üzrə ikən elçinin və çətin vaxtda ona tabe olan mühacirlərlə ənsarın tövbəsini şübhəsiz ki, Allah qəbul etdi. Sonra da onları bağışladı. Həqiqətən, Allah onlara qarşı çox şəfqətli və mərhəmətlidir. (Döyüşə qatılmayıb) arxada qalan üç nəfəri də (Allah bağışladı). Nəhayət, yer üzü genişliyinə rəğmən onlara dar gəlib qəlbi sıxıldığı zaman Allahdan (Allahın əzabından) qorunmaq üçün yalnız Onun Özünə sığınmalı olduqlarını anladılar. Sonra Allah onları tövbə etməyə müvəffəq etdi. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir. (Tövbə surəsi, 117-118)

Allahdan bağışlanma diləmək və günahlara görə Ona tövbə etmək qulluğun ən təmiz ifadələrindəndir. Mömin günahlardan azad olmadığını bilər və bütün qüsurlarına qarşı Allahın rəhmətinə sığınar.

İnsan bilməlidir ki, Quranda bildirildiyi kimi, peyğəmbərlər də, səhvlər etmiş, ancaq səmimi qəlbdən tövbə etdikdən sonra mübarizələrini davam etdiklərini bilməli və Allahın əfvinə təvəkkül etməlidirlər. Quranda bağışlanma və tövbə etməyin ən böyük qurtuluş olduğu bu şəkildə ifadə edilir:

Əgər Allahın sizə olan lütfü və mərhəməti olmasaydı (halınız necə olardı)?! Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, hikmət sahibidir.

Nur surəsi, 10