Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qurandakı əsas anlayışlar: Ağıl və Duyğusallıq

Mündəricat
  1. Giriş
  2. Şirk
  3. Fitnə
  4. Vicdan və Ruh
  5. Qəlb, Ağıl və Zəka
  6. Ağıl Sahibləri və Ağlı Örtən Amillər
  7. Ağıl və Duyğusallıq
  8. Qəflət Halı və Diqqət
  9. Sədaqət və İtaət
  10. Qətiyyət
  11. Səbir Etmək
  12. Şükür
  13. Mənfəət Güdməmək
  14. Qardaşlıq və Birlik
  15. Təvazökarlıq və Təkəbbür
  16. Dua

Ağlı örtən ən mühüm amillərdən biri də emosionallıq, yaxud digər adı ilə romantizmdir. Bu, son dərəcə təhlükəli və zərərli ruh halıdır, bir çox insanın düşünməsinə mane olur.

Emosionallıq, insan duyğularının ağlın nəzarətini aşması və ağlını itirərək insanı idarə etməsidir. Emosional insan sırf duyğularının köləsi olduğu üçün ağılsız şeylər edə bilər. Halbuki, mömin duyğularını ağıla görə istiqamətləndirər və tənzimləyər.

Məsələn, sevgi anlayışı emosional və ağıllı formada olar. Emosional sevgi bəsləyən insan heç vaxt sevilməyə layiq olmayan insanlara və ya əşyalara sevgi bəsləyir. İnsanlar arasında “arabesk” mədəniyyətində yer alan sevgi anlayışı bunun ən bariz nümunəsidir; bu mədəniyyətdə onlara əziyyət verən, dəyər verməyən insanları sevmək məntiqi var.

Bunun əksinə isə möminin sevgisi tamamilə onun ağlına əsaslanır. Sevdiyi insanı, ondakı gözəl xüsusiyyətləri Quranda bildirilən “iman əlamətləri” və ya “mömin xüsusiyyətləri” araşdırıb görərək sevər. Sevilməyə layiq olmayan birinə heç vaxt sevgi bəsləməz.

Duyğusal sevginin təhlükəsi Quranda tez-tez vurğulanır. “Mumtəhinə” surəsində Allah belə buyurur:

Ey iman edənlər! Mənim düşmənimi də, öz düşməninizi də dost tutmayın! Siz onlara sevgi ilə yanaşırsınız. Halbuki onlar sizə gələn haqqı inkar edib Rəbbiniz olan Allaha iman etdiyinizə görə elçini və sizi yurdunuzdan çıxartdılar. Mənim yolumda və rizamı istəyərək cihada çıxdığınız halda qəlbinizdə onlara qarşı sevgi bəsləyirsiniz?! Mən sizin gizli saxladıqlarınızı da, aşkar etdiklərinizi də yaxşı bilirəm. Sizdən kim bunu edərsə, o, doğru yoldan azmış olar. Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən kəsiləcək, əlləri və dilləri ilə sizə pislik edəcəklər. Onlar sizin haqqı inkar etməyinizi istəyirlər. Nə qohumlarınız, nə də övladlarınız sizə bir fayda verəcəkdir. Allah qiyamət günü sizi bir-birinizdən ayıracaqdır. Allah etdiklərinizi görür. İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl nümunə vardır. Bir zaman onlar öz qövmlərinə:

“Biz sizdən və Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Sizi (ibadət etdiklərinizi) inkar edirik. Görünür ki, siz Allahın bir olduğuna iman edənə qədər sizinlə bizim aramızda daimi bir düşmənçilik və nifrət olacaqdır”...

Mumtəhənə surəsi, 1-4

Ayələrdə bildirilən, “Siz onlara sevgi ilə yanaşırsınız. Halbuki onlar sizə gələn haqqı inkar edib Rəbbiniz olan Allaha iman etdiyinizə görə elçini və sizi yurdunuzdan çıxartdılar” ifadəsi ilə elçiyə düşmən olan birinə sevgi göstərmənin ağılsızlıq olduğu bildirilir.

Bu vəziyyətdə belə insanlara sevgi göstərmənin tək izahı vardır: Duyğusallıq.

Bu təhlükə başqa ayələrdə də bildirilir. Məsələn, Nuh Peyğəmbər, tufandan xilas olmaq üçün Allaha sığınmayan oğlu üçün Allahdan bağışlanmasını diləmiş, halbuki Allah, Nuh Peyğəmbərə oğlunun inkarçılardan olduğunu və ona sevgi bəsləməməsini vəhy etmişdir:

Gəmi onları dağlar kimi iri dalğaların arasında aparırdı. Nuh (gəmidən) uzaqda olan oğluna:

“Oğlum, bizimlə birlikdə (gəmiyə) min və inkar edənlərlə birlikdə olma!” - deyə səsləndi. Dedi: “Məni sudan qoruyacaq bir dağa sığınacağam!” Nuh: “Bu gün Allahın əmrindən (əzabından) qoruyacaq heç kim yoxdur. Ancaq Onun rəhm etdiyi kimsələr istisnadır!” – dedi. Dalğa o ikisinin arasına girdi və o da boğulanlardan oldu. (Yerə və göyə) deyildi: “Ey yer, suyunu ud! Ey göy, yağışını saxla!” Su çəkildi və iş bitdi. Gəmi Cudi dağına oturdu və: “Zalımlar məhv olsun!” - deyildi. Nuh Rəbbinə səslənib dedi: “Ey Rəbbim! Oğlum mənim ailəmdəndir. Şübhəsiz, Sənin vədin də haqdır. Sən hakimlərin hakimisən (ən ədalətli hakimsən)!” Allah buyurdu:

“Ey Nuh! O sənin ailəndən deyildir. Çünki bu (onun etdiyi əməl), pis bir işdir. Ona görə də bilmədiyin bir şeyi Məndən istəmə! Sənə cahillərdən olmamağı tövsiyə edirəm”. Nuh dedi: “Ey Rəbbim! Şübhəsiz, bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamaz və mənə rəhm etməzsən, ziyana uğrayanlardan olaram!”

Hud surəsi, 42-47

Ağıl, ancaq gözəl əxlaqlı, yəni sevilməyə layiq insanları sevməyi tələb edir. Buna görə də, mömin üçün Allahı ya da hökmlərini tanımayan birinin sevilməsi mümkün deyil. Belə sevgi, ancaq cahillik mədəniyyətindən qaynaqlanan duyğusal sevgi ola bilər.

Ancaq burada bu məqamı da ifadə etməkdə fayda vardır: Möminlərin inkar edənlərə qarşı sevgi duymamaları, bu insanlara qarşı sərt davranmaları mənasına gəlməz. Allah, möminlərə bütün insanlara qarşı şəfqətli və mərhəmətli yaxınlaşmağı əmr etmişdir. Hansı düşüncədən, hansı inancdan olursa olsun, mömin qarşısındakı insana nəzakətlə davranmalı, bu kəslərin haqq-hüququnu ən ədalətli şəkildə qorumalıdır.

Nuh Peyğəmbər və Lut Peyğəmbərin həyat yoldaşı da inkar etmişlər və Allahın əzabı ilə cəzalandırılmışlar. Lut Peyğəmbərin yaşadığı azğın qövm həlak edilmişdir. Həlakdan əvvəl Lut Peyğəmbərə gələn mələklər ona gecə şəhəri tərk etməsini, ancaq arvadını geridə buraxmasını bildirmişlər, Lut Peyğəmbər da tərəddüdsüz buna əməl etmişdir. Bu hadisə ayədə belə xəbər verilir:

(Mələklər) dedilər:

“Ey Lut! Biz Rəbbinin elçiləriyik. Onlar əsla sənə dəyə bilməzlər. Arvadın istisna olmaqla, ailənlə birlikdə gecənin bir vaxtı yola çıx və sizdən heç kim arxaya baxmasın! Onların düçar olacağı əzaba o (arvadın) da düçar olacaqdır. Həqiqətən, onlara vəd olunan əzabın vaxtı səhərdir. Səhər yaxın deyilmi?!”

Hud surəsi, 81

Lut Peyğəmbər, Allahın verdiyi hökmə tam itaət etmişdir. Nümunəvi mömin rəftarı budur. Allah ayəsində belə buyurur:

Allaha və axirət gününə inananların - valideynləri, övladları, bacıqardaşları, yaxud yaxın qohumları olsa belə - Allaha və elçisinə düşmən olanlarla dostluq etdiklərini görə bilməzsən. Allah onların qəlbinə iman yazmış və Öz dərgahındakı bir ruh (nur, yaxud Quran) ilə onları dəstəkləmişdir. Allah onları (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil edəcəkdir. Allah onlardan razı olmuş, onlar da Allahdan razı qalmışlar. Onlar Allahın tərəfdarlarıdır. Bilin ki, əsil nicat tapanlar Allahın tərəfdarlarıdır.

Mücadilə surəsi, 22

Möminlərin duyğusallıqdan uzaq davranmalarının sirri, sahib olduqları həqiqi sevgi anlayışıdır. Bir ayədə möminlərin sevgi anlayışı ilə inkarçıların sevgi anlayışı arasındakı fərq belə izah edilir:

İnsanlardan elələri var ki, Allahdan qeyrilərini Ona şərik qoşur və onları Allahı sevdikləri kimi sevirlər. İman edənlərin Allaha olan sevgisi isə daha qüvvətlidir. Kaş zalımlar əzabı görəcəkləri zaman anlayacaqları kimi, bütün gücün Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olduğunu dərk edəydilər.

Bəqərə surəsi, 165

Ayədə bildirildiyi kimi, möminlər Allahı çox sevərlər. İnsanlara olan sevgiləri bunun yansımasıdır. Möminlər iman edənləri sevər, çünki onlar Allahın əmr etdiyi əxlaqı yaşayan kəslərdir. İnkar edənlər isə, öz arzu və istəklərinə uymuş, Allahdan uzaqlaşmışlar. İnkarçılar hər varlığı, hər əşyanı Allahdan müstəqil varlıq zənn edər və bu yanılmaları səbəbi ilə hər birinə müstəqil bağlılıq duyarlar. Bu vəziyyət ayədə bildirildiyi kimi “Allaha şərik qoşmaq”, yəni bütpərəstlik sayılır.

Möminlərin duyğusal olmamalarını bildirən başqa nümunələr də vardır.

Musa Peyğəmbərin anasının gələn vəhy üzərinə körpəni tərəddüdsüz suya buraxması (Qəsas surəsi, 7), möminlərin qəzəblərini boğmaları (Ali İmran surəsi, 134), sevdikləri şeylərdən infaq etmələri (Ali İmran surəsi, 92), başlarına gələn heç bir şeyə kədərlənməmələri (Hədid surəsi, 23) kimi bir çox nümunələr vardır. Bunlar, möminlərin öz duyğusal vəsvəslərinə görə deyil, Allahın əmr və rizasına görə davranmalarına dair nümunələrdir.

Ancaq emosional olmamaq duyğusuz olmaq demək deyil. Əksinə, möminlər səmimi insanlardır. Quranda İbrahim Peyğəmbərin “çox duyğulu və mülayim xarakterli” olduğu bildirilir (Tövbə surəsi, 114). Səhv olan cahillik mədəniyyətindən qaynaqlanan neqativ emosionallıqdır. Bu, duyğuların ağıldan üstün olduğu və insanları dinin tələb etdiyi quruluşdan çıxardığı zaman baş verir. Buradakı emosiya ruhdan deyil, nəfsdən gələn mənfi emosiyadır.

Cəmiyyətdə bunun müxtəlif nümunələrini görmək olar. Gənc qızın emosionallığı da bunlardan biridir. Bu mədəniyyətdə səhv sevgi anlayışı var. Sevdiyi insanın ruhunu, xarakterini deyil, obrazını sevir. Məsələn, “romantik oğlan” və ya “ağ atlı şahzadə” kimi müəyyən obrazlar var. Burada sevilən o insanın əxlaqı və xarakteri deyil, cahil cəmiyyətdə qəbul edilən bu cür saxta görüntülərdir. Bu, cahil cəmiyyətin verdiyi təlqindən irəli gəlir.

Bununla yanaşı, başqa duyğusallıq nümunələri də vardır. Melanxolik, arabesk mədəniyyəti kimi. Bu mədəniyyətdə əzabdan zövq alınar. Dərd, iztirab, qəm çəkmək zövqlü şeymiş kimi qəbul edilir. Çox adam siqaretə bu mədəniyyətin təsiri ilə başlayır. Bu son dərəcə zərərli vərdiş təlqindən qaynaqlanır. Bu mövzuda çəkilən filmlərə, kliplərə etina edilir.

Buraya qədər verdiyimiz bir neçə nümunədə də görüldüyü kimi, duyğusal ruh halının əslində heç bir məntiqi yoxdur. Bu, düşünən hər insanın asanlıqla anlaya biləcəyi həqiqətdir.

Ağlın Qaynağı

Ağlın, kimlərə verildiyi Quran ayələrində xəbər verilir. Buna görə, ağlın ən böyük qaynağı Allah qorxusudur. Bir ayədə belə buyurulur:

Ey iman edənlər! Əgər Allahdan qorxsanız, O sizə yaxşı və pisi birbirindən ayırd etmə anlayışı verər, günahlarınızın üstünü örtər və sizi bağışlayar. Allah böyük lütf sahibidir.

Ənfal surəsi, 29

Allahdan qorxmaq Allahın sifətlərini və axirət gününü qavramaqla başlayır və Allah qorxusu ilə yaxşı ilə pisi ayıracaq anlayış yaranır. Yaxşı ilə pisi ayıra biləcək bu anlayış, “fərasət” olaraq adlandırılır. Bu xüsusiyyət Allah qorxusunun qəlbi Allahı zikr etməyə yumşaltmasının nəticəsi olaraq yaranır:

Allah sözün ən gözəlini, bir-birinə bənzər və təkrarlanan bir kitab olaraq nazil etdi. Rəbbindən qorxanların onun təsirindən dəriləri ürpəşər. Sonra Allahı zikr etməklə dəriləri və qəlbi yumşalar (rahatlıq tapar). Bu, Allahın hidayətidir. O, istədiyini onunla doğru yola yönəldər. Lakin Allahın haqq yoldan azdırdığı kimsəni heç kim doğru yola yönəldə bilməz.

Zumər surəsi, 23

İnsan Allah qorxusunun artması üçün çalışmalıdır. Bunun üçün dua etməli, Allahın gücü, böyüklüyü, əzabı haqqında düşünməli, qavramağa çalışmalıdır. Allah ayədə belə buyurur:

Bacardığınız qədər Allahdan qorxun, (sizə verilən öyüdlərə) qulaq asın, Ona itaət edin və öz xeyriniz üçün infaq edin! Nəfsinin xəsisliyindən qorunanlar əsil nicat tapanlardır.

Təğabun surəsi, 16

Yaxşı ilə pisi ayırd etmək anlayışına sahib olmaq, ağıldan istifadə edə bilən insan olmağın nişanəsidir. Ağıldan istifadə edə bilən insanda dərin qavrayış xüsusiyyəti görərik. Bu qavramaq və dərk etmək qabiliyyətinə “bəsirət” deyilir. Bəsirət sözü ərəbcədə görmək felindən yaranıb, lakin mənası normal görməkdən fərqlidir. Bəsirətsiz bir insanın vəziyyəti ayədə “Biz onların qəlbinə onu anlamalarına mane olan örtük çəkdik” şəklində xəbər verilir:

Onu (Quranı) anlamamaları üçün də onların qəlbinə örtük çəkdik, qulaqlarına da ağırlıq (karlıq) verdik. Sən Quranda Rəbbinin birliyini andığın zaman onlar uzaqlaşaraq arxalarını dönüb gedərlər.

İsra surəsi, 46

Ayədə bəhs edilən “anlamamaları” ifadəsi olduqca əhəmiyyətlidir.

İnkarçıların həqiqətləri qavramadıqları bir çox ayədə bildirilir. Bu onu göstərir: İnkarçılar möminlər tərəfindən onlara izah edilən həqiqətləri qavramırlar (yəni səs olaraq eşdir), izahın mənasını və məzmununu qavraya bilmirlər. Bu, bir növ sərxoşluq, şüursuzluq və metafizik həqiqətdir. Allah, inkarçıların qəlbində, qavramalarını əngəlləyən “pərdə” olduğunu bu şəkildə bildirir:

Rəbbinin ayələri özünə xatırladıldığı halda onlardan üz döndərən və öz əlləri ilə etdiklərini unudan kimsədən daha zalım kim ola bilər?! Onu (Quranı) anlamasınlar deyə, Biz onların qəlbinə pərdə çəkdik, qulaqlarına isə ağırlıq (karlıq) verdik. Sən onları hidayət yoluna dəvət etsən də, artıq onlar əsla haqq yola yönəlməyəcəklər.

Kəhf surəsi, 57

İnkarçılar da bəzən möminlər tərəfindən onlara təbliğ edilən dini anlamadıqlarını etiraf edərlər. Ayədə xəbər verildiyi kimi, onları Allahın hökmlərinə dəvət edən Şüeyb Peyğəmbərə qarşı, “Onlar dedilər: “Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmürük və həqiqətən, biz səni içimizdə aciz görürük. Əgər qəbilən olmasaydı, mütləq səni daşa basardıq. Sənin bizə qarşı heç bir üstünlüyün yoxdur!” (Hud surəsi, 91) deyən inkarçı Mədyən xalqı bu nümunələrdən biridir.

Əgər bir insanın qəlbi üzərində pərdə varsa və Allah onun qavrama qabiliyyətini əlindən alıbsa, artıq onu doğru yola gətirmək Allahın diləməsi xaricində mümkün deyil. Quranda bu mövzu belə xəbər verilir:

Onlardan elələri var ki, sənə qulaq asırlar. Ancaq karlara – üstəlik təfəkkür etmirlərsə – sənmi eşitdirəcəksən?! Onlardan elələri də var ki, sənə baxırlar. Ancaq korları – üstəlik (həqiqəti) görmürlərsə – sənmi doğru yola yönəldəcəksən?!

Yunis surəsi, 42-43

Buna görə də, imana yönələcək olanlar, ancaq ağıl və bəsirət sahibi olan kəslərdir. Necə ki, möminlər də “bəsirət üzrə” təbliğ etməklə məsuldurlar:

De: “Bu, mənim yolumdur. Mən Allaha çağırıram. Mən və mənə tabe olanlar açıq-aydın bir dəlilə əsaslanırıq. Allah pak və müqəddəsdir. Mən Allaha şərik qoşanlardan deyiləm!”

Yusif surəsi, 108

Bir başqa ayədə isə belə deyilir:

Rəbbinizdən sizə bəsirət (görüb dərk etmə qabiliyyəti) gəlmişdir. Kim görərsə, bu öz lehinə, kim də görməzsə, bu onun əleyhinədir. Mən sizin üstünüzdə gözətçi deyiləm.

Ənam surəsi, 104

İnkarçılar həqiqi ağıla və dərin qavrayışa sahib olmadıqlarına görə Allah yolundan azmalarının onlar üçün nə qədər böyük itki olduğunu anlamırlar. Halbuki, bu davranışlarıyla cəhənnəmi seçirlər. Ancaq bu vəziyyətdə belə şüursuzca lağ etməyə davam edirlər. Bu kəslər dünyadakı çirkin əxlaqına görə axirətdə sonsuz peşmanlıq çəkəcəklər. Allah bu kəslərin vəziyyətini ayədə belə xəbər verir:

Allahın elçisinə qarşı çıxaraq arxada qalanlar (cihada çıxmayıb evdə) oturmalarına sevindilər. Onlar Allah yolunda malları və canları ilə cihad etməkdən xoşlanmadılar və:

“İstidə döyüşə çıxmayın!” dedilər. De: “Cəhənnəm odu daha istidir”. Kaş biləydilər!

Tövbə surəsi, 81

“Allaha iman edin və Onun elçisi ilə bərabər cihad edin!” - deyə bir surə nazil edildiyi zaman onlardan sərvət sahibi olanlar səndən izin istəyər və:

“Qoy biz (evdə) oturanlarla birlikdə qalaq!” - deyərlər. Onlar arxada qalanlarla birlikdə olmağa razı oldular. Onların qəlbinə möhür vuruldu. Buna görə də onlar anlamazlar.

Tövbə surəsi, 86- 87