Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qurandakı əsas anlayışlar: Qəflət Halı və Diqqət

Mündəricat
  1. Giriş
  2. Şirk
  3. Fitnə
  4. Vicdan və Ruh
  5. Qəlb, Ağıl və Zəka
  6. Ağıl Sahibləri və Ağlı Örtən Amillər
  7. Ağıl və Duyğusallıq
  8. Qəflət Halı və Diqqət
  9. Sədaqət və İtaət
  10. Qətiyyət
  11. Səbir Etmək
  12. Şükür
  13. Mənfəət Güdməmək
  14. Qardaşlıq və Birlik
  15. Təvazökarlıq və Təkəbbür
  16. Dua

Quranda inkarçıların dərk etmə qabiliyyətinin olmadığı açıqlanarkən, bu insanların olduğu vəziyyətin “qəflət” halı olduğu bildirilir. Ayələrdə belə buyurulur:

And olsun ki, cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların (haqqı) qavramayan qəlbi, (haqqı) görməyən gözləri, (haqqı) eşitməyən qulaqları var. Onlar heyvanlar kimidirlər, hətta daha çox zəlalətdədirlər. Əsil qafillər onlardır.

Əraf surəsi, 179

Onlar, Allahın qəlbini, qulaqlarını və gözlərini möhürlədiyi kəslərdir.

Onlar əsil qafillərdir.

Nəhl surəsi, 108

Qəflətdə olan insan etdiyi səhvi dərk etməkdənsə, bu səhvi görməməzliyə vurmağa və ya bacardığı qədər onu minimuma endirməyə çalışır. Bu çirkin münasibət və təkid, ağlın önündə pərdə yaradaraq nəfsini təmizə çıxarmaq səyidir. “İnsan öz nəfsinə qarşı bəsirətdir. Bəhanələr gətirsə belə (bu ondan qəbul olunmayacaqdır)!” (Qiyamət surəsi, 14-15) ayələrində də bildirildiyi kimi, insanın bəhanə gətirərək həqiqətlərdən qaçması mümkün deyil. Bəhanələr yalnız arzu və istəklər əsasında ortaya atılan bu boş quruluşu ört-basdır etmək cəhdidir. Quranda bu bəhanələrin nümunələri verilmişdir:

Onlar bir alış-veriş, yaxud əyləncə gördükləri zaman ona tərəf qaçar və səni ayaq üstə qoyub gedərlər. De:

“Allah dərgahındakılar əyləncədən və alış-verişdən daha yaxşıdır. Allah ruzi verənlərin ən yaxşısıdır!”

Cümə surəsi, 11

Bəhanə gətirməkdənsə, səhvi anlamağa çalışsaq, mövcud qəflət vəziyyətindən qurtulmaq olar. Ancaq bəhanələrdəki bu israrlı münasibət insanı doğru yoldan çıxara bilər. Allah insanların qəflət ruh halını və axirətdə yaşayacaqları peşmanlığı Quranda belə bildirir:

İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı! Onlar isə qəflət içində (haqdan) üz çevirirlər.

Ənbiya surəsi, 1

Haqq olan vəd (qiyamət günü) yaxınlaşdığı zaman birdən inkar edən olanların gözləri bərələr (və belə deyərlər):

“Vay halımıza! Həqiqətən, biz bundan xəbərsiz idik. Əksinə, biz zalım kimsələrmişik.

Ənbiya surəsi, 97

Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə (çətinliklərə qarşı) səbir et! Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə! Qəlbini Bizi anmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində həddi aşan kimsəyə boyun əymə!

Kəhf surəsi, 28

İnkarçıların düşdükləri qəflət halına qarşı möminlər, canlı, ayıq və diqqətli olurlar.

Diqqət ilk növbədə Allahın hər şeyi əhatə etdiyinə, insanlar haqqında hər şeyi bildiyinə və axirətdə insanları hesaba çəkəcəyinə yönəldilməlidir. Bu diqqətə nail olan mömin xarici aləmdəki bütün əşya və hadisələrə qarşı son dərəcə diqqətli olur. Allah hər şeyi əhatə etdiyi üçün hər şey Allahın əmri və elmi ilə baş verir. Hər hadisənin, hər prosesin bir mənası və hikməti var. Mömin diqqətli olmaqla bu məna və hikməti anlayar. Hadisələrin incə məqamlarını və qarışıq tərəflərini başa düşər.

Digər tərəfdən, inkarçılar belə bir diqqətə sahib deyillər. Hadisələrin bir məqsəd və hikmətlə baş etdiyini bilmədiklərindən, çox vaxt xarici dünyaya qarşı diqqətsiz və laqeyd münasibət bəsləyirlər. Lakin onlar öz mənfəətlərinə aid olan məsələlərə maraq göstərirlər, bu da onların yalnız bəzi hadisələrlə maraqlanması ilə nəticələnir. Bu halda onlar həqiqətləri tam dərk etmir və çox vaxt səhv nəticələrə gəlirlər.

Diqqətin müxtəlif tərəfləri vardır; Hadisələrdən dərs almaq, məsləhət ala bilmək və düşünmək, ətrafımızdakı dəlilləri qavramaq, bir və ya bir neçə növbəti addımı hesablayaraq hərəkət etmək diqqət göstəriciləridir.

Mömin son dərəcə ayıq, diqqətli və canlı olmalıdır. Yorğun, diqqətsiz, cansız və laqeyd əhval-ruhiyyə möminlərin deyil, yalnız inkarçıların yaşayacağı xüsusiyyətdir. Mömin həm özü son dərəcə aktiv, həvəsli və şövqlü olur, həm də digər möminləri də bu yöndə həvəsləndirir və canlandırır.

Zənnə və Təxminlərə Uymaq

İnsan qəflətə düşəndə onun məntiqi və düşünmə qabiliyyəti itir. Bu, bir növ yarıyuxu halıdır. Bu vəziyyətdə olan insan çox asanlıqla ağıl və məntiqdən kənar hərəkətlər edir. Bir müddət sonra o, elə bir nöqtəyə gəlir ki, bütün həyatı ağıl və məntiqdən kənar təməl üzərində qurulur, lakin bunu dərk edə bilmir.

Ağlın əsas qaydalarından biri də doğruluğu dəqiq olaraq sübuta yetirilməmiş iddiaya etibar etməməkdir. Heç bir ağıllı və məntiqli insan dəqiqliyi şübhə doğuran məlumatlara tam etibar etməz və həyatını onun üzərinə qurmaz. Məsələn, insan ağır xəstəlikdən əziyyət çəkəndə əlinə keçən ilk dərmanı nə olduğunu bilmədən “bəlkə faydası olar” deyə düşünərək qəbul etməz. Bütün hərəkətlər mütləq həqiqətə əsaslanmalıdır.

Halbuki inkar edənlərin və ya Allahın əmrlərinə məhəl qoymayanların vəziyyəti yuxarıda təsvir etdiyimiz ağılsızlıqdır. Çünki bu insanların bütün həyatı bəzi səhv fərziyyələrə əsaslanır. Məsələn, demək olar ki, hamısı öldükdən sonra Allah qarşısında hesab verməyəcəklərini düşünür. Yaxud zənn edirlər ki, hesab versələr belə, günahkar bilinməyəcək. Onların qəbul etdikləri bütün sistemlər və ideologiyalar bəzi səhv fərziyyələrə əsaslanır. Onların dünyagörüşünün heç bir qəti əsası yoxdur.

Qurani-Kərimin Kəhf surəsində, biri kafir, digəri mömin olan iki bağ sahibindən bəhs edilir. Onlardan biri bayaq qeyd etdiyimiz şəkildə öz həyatını bəzi əsassız fərziyyələr və təxminlər üzərində qurmuşdur:

Onlara iki adamı misal ver. Onlardan birinə iki üzüm bağı vermişdik və hər ikisini xurmalıqlarla əhatə edib aralarında da əkin bitirmişdik.

Hər iki bağ öz məhsulunu vermiş və heç bir əskiklik olmamışdı. O ikisinin arasından bir çay axıtmışdıq. Onun başqa gəliri də var idi.

Ona görə də yoldaşı ilə söhbət edərkən ona:

“Mən, mal-mülk cəhətdən səndən daha zənginəm, (əşirətdəki) say etibarilə də səndən daha güclüyəm!” - dedi. O, özünə zülm edərək (küfrə düşmüş halda təkəbbürlənərək) bağına girib dedi: “Bunun yox olacağını əsla zənn etmirəm. Qiyamətin qopacağını da zənn etmirəm. Əgər Rəbbimə qaytarılsam, şübhəsiz, (orada) bundan da yaxşı bir məskən taparam”.

Kəhf surəsi, 32-36

Ayələrdə görüldüyü kimi inkarçı, heç bir məlumata əsaslanmadığı halda, böyük cahilliklə sahib olduğu bağının başına bir iş gələcəyini, qiyamətin qopma və Allaha hesab vermə saatının gələcəyini də “zənn etmədiyini” deyir. Göründüyü kimi bu yalnız zəndir; bu adamın əlində bu mövzuda qəti dəlil, zəmanət yoxdur. Amma yenə də haqqında bəhs etdiyimiz bağ sahibi, bu əsassız zənnini əsas qəbul edərək davranmışdır. Nəticədə isə tamamilə məhv olmuşdur. Hekayənin davamında belə buyurulur:

Onunla söhbət edən yoldaşı ona dedi:

“Səni torpaqdan, sonra nütfədən yaradan, sonra da səni insan surətinə salan Allahı inkarmı edirsən? O Allah mənim Rəbbimdir və mən heç kimi Rəbbimə şərik qoşmaram! Bağına girdiyin zaman: “MaşaAllah! Qüvvət yalnız Allaha məxsusdur!” - deməli deyildinmi?! Əgər mal-mülk və övlad cəhətdən məni özündən aşağı görürsənsə, Ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını verər, sənin bağına da göydən ildırımlar göndərər və beləcə, o, qupquru bir torpaq halına düşər. Yaxud oranın suyu çəkilər və onu əsla axtarıb tapa bilməzsən”. Beləcə, onun məhsulu tələf edildi. O, qoyduğu xərcə görə əllərini ovuşdurmağa başladı. (Bağın) talvarları da çökmüşdü. O isə:

“Kaş heç kimi Rəbbimə şərik qoşmayaydım!” - deyirdi. Allahdan başqa ona yardım edə biləcək kimsələr olmadığı kimi, o (öz-özünə) kömək edə biləcək gücdə də deyildi. Burada himayədarlıq haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafatı da, ən yaxşı aqibəti də verən Odur.

Kəhf surəsi, 37-44

Məhz bütün inkarçılar da bu adam kimi qəti məlumata deyil, zənn edirlər. Doğruluğu qəti olan məlumat, Allahdan gələn məlumat, yəni vəhydir. İnsan həyatını doğruluğu qəti olan məlumata əsaslanmaq istəyirsə, Allahdan gələn məlumatı, yəni Quranı və Peyğəmbərimizi yol göstərici olaraq qəbul etməlidir.

Buna qarşılıq, insanların yaratdığı hər hansı meyar (ideologiya, fəlsəfə, sistem, düşüncə üsulu və s.) insanları qəti biliyə çatdırmaz. Çünki insanların İlahi qaynaqlara əsaslanmadan yaratdıqları bu cür düşüncələr nəticədə zəndir. Ayədəki, “Halbuki onların bu haqda heç bir məlumatı yoxdur. Onlar yalnız zənnə qapılırlar. Halbuki zənn qətiyyən həqiqət deyildir. (Nəcm surəsi, 28) hökmə görə, zənn insanı doğru yola çatdırmaz.

Quranda, zənnə uyaraq Allahın yolundan dönənlərdən bu cür bəhs edilir:

Qəhr olsun yalançılar! O kəslər ki, cəhalət içində qalmış qafillərdir. Onlar haqq-hesab gününün nə vaxt olacağını soruşurlar. O gün onlara cəhənnəmdə əzab veriləcəkdir.” (Onlara belə deyiləcək:)

“Dadın əzabınızı! Bu, tezliklə gəlməsini istədiyiniz şeydir”.

Zəriyət surəsi, 10-14

Böyük ağılsızlıqla Allahdan başqa saxta ilahlar (yol göstəricilər, köməkçilər) seçənlərin hamısı zənnə uyanlardır. Allah Quranda bu kəslər haqqında belə buyurur:

Onlar yalnız sizin və atalarınızın ad qoyduqları şeylərdir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Rəbbi tərəfindən onlara doğru yolu göstərən rəhbər gəldiyi halda onlar yalnız zənnə və nəfslərinin arzularına uyurlar.

Nəcm surəsi, 23

Bilin ki, göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Elə isə Allahı qoyub Ona qoşduqları şəriklərə ibadət edənlər nəyin ardınca gedirlər?! Onlar ancaq zənnin ardınca gedir və yalan söyləyirlər.

Yunis surəsi, 66

Əgər yer üzündəkilərin çoxuna tabe olsan, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və yalan danışarlar.

Ənam surəsi, 116

Onların çoxu ancaq zənnin ardınca gedir. Şübhəsiz ki, zənn əsla həqiqətin yerini tuta bilməz. Həqiqətən, Allah etdiyiniz əməlləri bilir.

Yunis surəsi, 36

Zənn və təxminə uyanlar, uydurduqları bəhanələrin bir hissəsini səhv məntiqləri daxilində Allaha qarşı işlədə biləcəklərini zənn edirlər. Lakin bu da bir zəndir və həqiqətdən uzaqdır. Onların üzrxahlığı Allah qatında qəbul edilməyəcək. Bir ayədə bu insanlar haqqında belə deyilir:

O gün üzrxahlıq etmələri zalımlara heç bir fayda verməyəcəkdir. Onlar üçün lənət və pis bir məskən vardır.

Mömin surəsi, 52