İnsanda nəfs və vicdan şəklində iki ayrı cəhət olduğunu daha əvvəlki hissələrdə açıqlamışdıq. Bu barədə ağıl və ağılsızlıq anlayışları da böyük əhəmiyyət daşıyır. Çünki Quranda buyurulur ki, nəfsə tabe olmaq axmaqlıq, vicdana tabe olmaq isə ağıl gətirir.
Az əvvəl də ifadə etdiyimiz kimi, nəfsinə tabe olan, bu səbəbdən Allahdan uzaqlaşan insan, qısa müddət sonra düşünmə xüsusiyyətini itirər. Allah Quranda, inkarçılardan bəhs edərkən, onların “ağılsız qövm” (Həşr surəsi, 14) olduqlarını bildirir. Bunun necə baş verdiyi əvvəlcə aydın olmaya bilər. Çünki insanların çoxu düşünür ki, hər bir insanın müəyyən qədər ağlı var və bu, dəyişmir. Bu səhv düşüncədir və ağlı zəka ilə səhv salmaqdan irəli gəlir. Ancaq zəka və ağıl çox fərqli şeylərdir. Hər kəs zəkalı ola bilər, amma ağıl yalnız iman edənlərdə olur.
Nəfsin fücuruna, yəni istəyinə tabe olmaq insanın ağlını örtdüyünə görə, görəsən ağlı nə aça bilər? Bunun cavabı açıqdır: İnsan nəfsinin fücuruna (günaha) deyil, ona bu fücurdan çəkinməyi təlqin edən gücə (vicdana) itaət edərsə, ağıl sahibi olar.
Necə ki, Quranda nəzərdə tutulan ağıl, ruhda yaşanan mənəvi xüsusiyyətdir. Quranın bir çox ayəsində “dərk edən qəlbdən” xəbər verilir. Buna görə də, həqiqi ağıl, beynin funksiyası olan zəkadan çox fərqlidir. Ağıl, “vicdan”ın da yerləşdiyi qəlbdə yerləşir. Quran ayələrində ağlın qəlbdə olduğu və “ağılsız”ların qəlbinin bağlı olduğu üçün ağılla düşünə bilmədikləri açıq şəkildə ifadə edilir. Ayələrdə belə buyurulur:
Onlar yer üzündə dolaşmadılarmı ki, bunun sayəsində onların düşünən qəlbi, yaxud eşidən qulaqları olsun?! Şübhəsiz, gözlər yox, sinələrdəki qəlb kor olur.
And olsun ki, cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların (haqqı) qavramayan qəlbi, (haqqı) görməyən gözləri, (haqqı) eşitməyən qulaqları var. Onlar heyvanlar kimidirlər, hətta daha çox zəlalətdədirlər. Əsil qafillər onlardır.
Onu (Quranı) anlamamaları üçün də onların qəlbinə örtük çəkdik, qulaqlarına da ağırlıq (karlıq) verdik. Sən Quranda Rəbbinin birliyini andığın zaman onlar uzaqlaşaraq arxalarını dönüb gedərlər.
Deməli, Quranda bəhs edilən əsl ağıl birbaşa qəlb və vicdanla bağlıdır.
Diqqət çəkən şey, bu ağlın artıb-azala bilməsidir. Beyinin funksiyası olan zəka, ciddi zədə və ya xəstəlikdən başqa, artıb-azalmaz, hər kəsin “IQ” səviyyəsi sabitdir. Amma ağıl azalıb-arta bilər.
Ağlın artıb-azala bilmə xüsusiyyəti, insanın vicdanı ilə əlaqədardır. Vicdan güclənər və insan Allahdan daha çox qorxub-çəkinsə (təqvası artsa), “doğrunu səhvdən ayıran anlayış” qazanar. Tamamilə “metafizik” olan bu sirr, Quran ayəsində belə bildirilir:
Ey iman edənlər! Əgər Allahdan qorxsanız, O sizə yaxşı və pisi birbirindən ayırd etmə anlayışı verər, günahlarınızın üstünü örtər və sizi bağışlayar. Allah böyük lütf sahibidir.
Allahdan qorxub-çəkinməyən biri isə, “doğrunu səhvdən ayıran nur və anlayış”dan məhrumdur. Çox zəkalı ola bilər, yaxşı fizik, sosioloq, ya da hər hansı “hörmətli insan” ola bilər, zəka məhsulu əsərlər ortaya qoya bilər. Amma, əsl vicdandan və buna görə əsl ağıldan məhrumdur. Yaxşı elm adamı olub, hər hansı insan bədəninin bilinməyən sirlərini ortaya çıxara bilər, amma o bədənin kim tərəfindən yaradıldığını düşünəcək vicdana və qavrayacaq ağıla sahib deyil.
Kəşf etdiyi şeyin mükəmməlliyi ilə heyrətə düşüb, o şeyi yaradan Allaha yönəlib və Rəbbimizi tərifləmək (təsbih etmək) yerinə, tapdığı şeydən ötrü qürurlanıb ağılsız şəkildə özünü tərifləməyə başlayar, bu “elm insanı”, nəfsini ilah etmiş və bu elm üzrə azmışdır. Allah Quranda bu cür insanların vəziyyətini belə xəbər vermişdir:
Nəfsinin istəklərini özünə ilah qəbul edəni gördünmü?! Allah onu Öz əzəli elmi ilə bildiyi üçün haqq yoldan azdırıb qulağını və qəlbini möhürləmiş, gözünə də pərdə çəkmişdir. Elə isə Allahdan başqa kim onu doğru yola yönəldə bilər?! Hələ də düşünüb öyüd almırsınızmı?
Bunun əksi olaraq Quranda möminlər, “qəlbi Allahı zikr etməklə rahatlıq tapanlar” olaraq təsvir edilir. (Rad surəsi, 28) Ayənin davamında, “...qəlb yalnız Allahı zikr etməklə rahatlıq tapar” şəklində buyurulur.
Allah inkarçılarla bağlı ayələrdə belə buyurur:
Allah onların qəlbini və qulaqlarını möhürləmiş, gözlərini də pərdələmişdir. Onlar üçün böyük bir əzab vardır.
...Onlar o gün imandan çox küfrə yaxındılar. qəlbində olmayan bir şeyi ağızları ilə söyləyirlər. Halbuki, Allah onların (qəlbində) gizlətdikləri şeyi daha yaxşı bilir.
Zəkalı insan elmi kəşflər edə bilər, müvəffəqiyyətli iş adamı ola bilər, mühəndis, ya da başqa hər hansı iş üzrə mütəxəssis ola bilər. Ancaq burada ən əhəmiyyətli məqam çox vaxt etdiyi işlərin fayda və zərərini ayırd edəcək qavrama sahib olmadan bu işləri etməsidir. Dəfələrlə dinlədiyi doğrulara qarşı reaksiya verməz və kor gözlərlə cavab verməsi, ayələrdəki korluq və karlığı, yəni qavrayışın və anlayışın olmadığını göstərir.
Tövbə surəsinin 87-ci ayəsindəki “Onların qəlbinə möhür vuruldu. Buna görə də onlar haqqı anlamazlar” ifadəsi qəlbin anlayışdakı əhəmiyyətini göstərməsi baxımından əhəmiyyətli nümunədir.
Quranın bir çox ayəsində, insan davranışlarının qəlb ilə olan əlaqəsindən bəhs edilir. Bunları belə sıralaya bilərik:
Allahın insanla onun qəlbi arasına girməsi Ey iman edənlər! Sizi, həyat verən şeylərə çağırdığı zaman Allahın və elçinin dəvətini qəbul edin! Bilin ki, Allah insanla onun qəlbi arasına girər. Həqiqətən, siz Onun hüzurunda toplanacaqsınız.
Qəlbin uzlaşması Allah onların qəlbini (bir-birlərinə qarşı sevgi və dostluqda) birləşdirdi. Sən yer üzündə olan hər şeyi versəydin belə, yenə onların qəlbini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Şübhəsiz ki, O qüdrətlidir, hikmət sahibidir.
Hamılıqla Allahın ipinə (İslama) yapışın və parçalanmayın! Allahın, sizə olan nemətini xatırlayın. Belə ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlbinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz bir atəş quyusunun kənarında ikən O sizi oradan xilas etdi. Allah ayələrini sizə belə açıqlayır ki, bəlkə, haqq yola yönələrsiniz.
Qəlbinə sinmək Vaxtilə sizdən əhd alıb dağı üstünüzə qaldıraraq:
“Sizə verdiyimizdən möhkəm yapışın, (oradakı hökmləri) dinləyin!” demişdik. Onlar isə:
“Eşitdik və qarşı çıxdıq!” - demişdilər. Küfrləri səbəbilə qəlbini buzov sevgisi bürümüşdü. De ki: “Əgər iman etmisinizsə, imanınızın sizə onu əmr etməsi necə də pisdir!”
Qəlbi isindiriləcək kəslər Sədəqələr (zəkatlar) Allah tərəfindən bir fərz olaraq ancaq yoxsullara, miskinlərə, (zəkat yığan) işçilərə, qəlbi İslama isindiriləcək kimsələrə, (azad olmağa çalışan) kölələrə, borclulara, Allah yolunda olanlara və yolda qalan yolçulara aiddir. Allah hər şeyi biləndir, hikmət sahibidir.
Qəlbin rahatlıq tapması Onlar iman edən və Allahı zikr etməklə qəlbi rahatlıq tapan kimsələrdir. Bilin ki, qəlb (ancaq) Allahı zikr etməklə rahatlıq tapar. (Rad surəsi, 28) (Həvarilər) demişdilər:
“İstəyirik ki, ondan yeyək, qəlbimiz aram tapsın, bizə doğru dediyini bilək və ona (o möcüzəyə) şahidlik edənlərdən olaq.”
Bir də ona görə ki, özlərinə elm verilmiş kimsələr onun Rəbbindən gələn haqq olduğunu bilib ona inansınlar və bununla da qəlbi rahatlıq tapsın. Şübhəsiz ki, Allah iman edənləri mütləq doğru yola yönəldər.
Qəlbin güclənməsi Biz elçilərin xəbərlərindən sənin qəlbini təskin edən nə varsa, sənə danışırıq. Bunda (bu ayələrdə) sənə həqiqət, möminlərə də nəsihət və xəbərdarlıq gəlmişdir.
Haqqında heç bir dəlil nazil etmədiyi şeyləri Allaha şərik qoşduqları üçün inkar edənlərin qəlbinə qorxu salacağıq. Onların sığınacağı yer cəhənnəmdir. Zalımların gedəcəyi yer nə pisdir!
Qəlbin qəzəblə qabarması Allah tək olduğu (vəhdaniyyəti) anıldığı zaman axirətə inanmayanların qəlbi nifrətlə dolar. Lakin Ondan başqaları anıldığı zaman onlar dərhal sevinərlər.
Qəlbin meyl etməsi Axirətə inanmayanların qəlbi onlara meyl etsin, onlardan xoşlansın və gördükləri pis işlərə davam etsinlər deyə (bu sözləri təlqin edərlər).
Qəlbdə sağalmaz həsrətin olması Ey iman edənlər! Siz, yer üzündə cihada çıxan və ya müharibədə olan qardaşları haqqında:
“Əgər bizim yanımızda olsaydılar nə ölər, nə də öldürülərdilər!” - deyən inkar edənlər kimi olmayın! Allah bunu, onların qəlbində bir həsrət (yarası) olsun deyə etdi. Həyat verən də, öldürən də Allahdır. Allah sizin etdiklərinizi görəndir.
“Gəlin, Allah yolunda vuruşun, yaxud müdafiədə olun!” – deyildiyi zaman onlar belə dedilər: “Əgər vuruşmağı bilsəydik, əlbəttə, sizin arxanızca gələrdik”. Onlar o gün imandan çox küfrə yaxındılar. qəlbində olmayan bir şeyi ağızları ilə söyləyirlər. Halbuki, Allah onların (qəlbində) gizlətdikləri şeyi daha yaxşı bilir.
Qəlbdə gizli saxlamaq Ey iman edənlər, sizdən olmayanları sirdaş tutmayın! Onlar sizə pislik etməkdən əl çəkməz və sizin çətinliyə düşməyinizi istəyərlər. Düşmənçilikləri də ağızlarından (çıxan sözlərdən) aşkar olur. Qəlbində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb anlayırsınızsa, ayələri artıq sizə izah etmişik.
Qəlbin azması (Onlar belə dua edərlər:) Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra qəlbimizə əyrilik salma və bizə, Öz tərəfindən bir mərhəmət bəxş et! Sən, həqiqətən, (mərhəmət) bəxş edənsən.
Müsəlmanlardan bir qrupun qəlbi əyriliyə meyl etmək üzrə ikən elçinin və çətin vaxtda ona tabe olan mühacirlərlə ənsarın tövbəsini şübhəsiz ki, Allah qəbul etdi. Sonra da onları bağışladı. Həqiqətən, Allah onlara qarşı çox şəfqətli və mərhəmətlidir.
“Allah bizimlə danışmalı, yaxud bizə bir ayə gəlməli deyildimi?” - dedilər. Onlardan əvvəlkilər də onların sözlərinə bənzər şeylər demişdilər. Onların qəlbi bir-birinə bənzəyir. Yəqinliklə iman edən kimsələrə ayələri (dəlilləri) açıq-aydın bəyan etmişik.
Qəlbin qarşı çıxması (Onlarla müqavilə) necə ola bilər ki?! Əgər sizə qalib gəlsəydilər, nə sizinlə olan müqaviləyə, nə də əhdə riayət edərdilər. Onların qəlbi rədd etdiyi halda, ağızları ilə sizi razı salırlar. Onların çoxu fasiqlərdir.
“Müsəlman olduğunuza görə mənə minnət etməyin! Əksinə, əgər sadiqlərdənsinizsə, bilin ki, əslində sizi imana yönəltdiyinə görə Allah sizə minnət qoymalıdır.”
Onların qəlbində xəstəlik (küfr, nifaq) vardır. Allah onların xəstəliyini daha da artırmışdır. Yalan söylədiklərinə görə onlar üçün şiddətli bir əzab vardır.
“Başımıza bir fəlakət gəlməsindən qorxuruq!” - deyərək onlara tərəf qaçışdıqlarını görərsən. Ola bilsin ki, Allah (möminlərə) bir zəfər, yaxud Öz tərəfindən elə bir iş gətirər ki, onlar (münafiqlər) qəlbində gizlətdikləri şeyə görə peşman olarlar.
(Allah şeytanın bunu etməsinə icazə verir ki,) qəlbində xəstəlik olanlar və qəlbi qatılaşanlar üçün şeytanın təlqinini bir sınaq vasitəsi etsin. Həqiqətən, zalımlar (haqdan) uzaq bir ayrılıq içindədirlər.
Bundan sonra qəlbiniz daş kimi qatılaşdı, hətta daha da sərt oldu. Həqiqətən, bəzi daşların içərisindən çaylar axar, bəzisi yarılıb içindən su fışqırar, bəzisi də Allah qorxusundan yuvarlanıb düşər. Allah etdiklərinizdən qafil deyildir.
Allah kimin qəlbini İslama açmışsa, o, Rəbbindən bir nur üzrə deyilmi?! Allahı zikr etməyə qarşı qəlbi sərtləşmiş olanların vay halına! Onlar açıq-aydın bir azğınlıq içindədirlər.
(Əvvəllər məhv olmuş) xalqlardan sonra yer üzünə varis olanlara aydın olmadımı ki, əgər Biz diləsəydik, onları da günahlarına görə müsibətlərə düçar edər, onların qəlbini möhürləyərdik və beləliklə onlar (haqqı) eşitməzdilər.
Özlərinə heç bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlər həm Allahın, həm də iman edənlərin nəzdində böyük bir nifrətlə qarşılanarlar. Allah təkəbbürlü hər bir zalımın qəlbini belə möhürləyər.
Sonra onun ardınca bir çox elçisi öz qövmünə göndərdik. Onlara açıq-aşkar möcüzələr gətirdilər. Ancaq onlar əvvəl yalan saydıqlarına iman edəsi deyildilər. Həddi aşanların qəlbini belə möhürləyirik.
O məmləkətlərin xəbərlərinin bir qismini sənə söyləyirik. Həqiqətən, elçiləri onlara açıq-aşkar dəlillər gətirmişdilər. Ancaq onlar daha əvvəl yalanladıqlarına iman edəsi deyildilər. Allah inkar edənlərin qəlbini belə möhürləyər.
Ancaq imkanı olduqları halda (döyüşə getməmək üçün) səndən izin istəyənlər qınanmalıdırlar. Onlar arxadakılarla birlikdə qalmağa razı oldular. Allah onların qəlbinə möhür vurmuşdur. Onlar artıq anlamazlar.
De: “Deyin görüm, əgər Allah eşitmə və görmə qabiliyyətinizi (əlinizdən) alsa və qəlbinizə də möhür vursa, Allahdan başqa hansı ilah onları sizə geri gətirə bilər?” Bax gör, ayələri necə açıqlayırıq! Sonra onlar yenə (haqdan) üz çevirirlər.
Bütün bu ayələr çox açıq həqiqəti ortaya çıxarır: İman, insan qəlbinin həssas olmasıyla əlaqədardır. Qəlbi qatılaşmamış, mühürlənməmiş insan Allahı tanımağa və Ona itaət etməyə meyillidir. Ona din izah edildikdə, Allahın qəlbinə verdiyi bəsirətlə həqiqəti görər və dərhal iman edər. Halbuki inkarçılar fərqli ruh halına malikdirlər. Onların qəlbi ölüdür, möhürlüdür. Qəlbində həssaslıq olmadığı üçün, ağıl sahibi də ola bilməzlər. Quranın başqa ayələrində, mömin əxlaqına sahib kəslərin onlara verilən öyüdləri dərhal dinlədikləri, inkarçı əxlaqa sahib kəslərin isə nə olursa olsun iman etməyəcəkləri xəbər verilir. Ayələrdə belə buyurulur:
Həqiqətən, onların əksəriyyəti barəsində söz (əzab hökmü) vacib olmuşdur. Çünki onlar iman etməzlər. Biz onların boyunlarına çənələrinə dirənən zəncirlər vurduq. Buna görə də başları yuxarı qalxmışdır. Önlərinə bir sədd, arxalarına da bir sədd çəkib onları bağlamışıq. Buna görə də onlar (haqqı) görə bilməzlər. Sən onları xəbərdar etsən də, etməsən də onlar üçün birdir. Onlar iman etməzlər. Yasin surəsi, 7-10) Sən yalnız Qurana tabe olan və görmədiyi halda Rəhman olan Allahdan qorxan kimsəni xəbərdar edə bilərsən. Buna görə də onu bağışlanma və gözəl bir mükafatla müjdələ!
Həqiqətən, inkar edənləri xəbərdar etsən də, etməsən də, onlar üçün birdir. Onlar iman etməzlər. Allah onların qəlbini və qulaqlarını möhürləmiş, gözlərini də pərdələmişdir. Onlar üçün böyük bir əzab vardır.
Sən ölülərə (haqqı) eşitdirə bilməzsən. Arxasını dönüb gedən karlara da (haqq yola) dəvəti eşitdirə bilməzsən. Sən korları zəlalətdən uzaqlaşdırıb haqq yola yönəldə bilməzsən. Sən (bu dəvəti) yalnız ayələrimizə inanıb təslim olanlara eşitdirə bilərsən.
Qəlbi qatılaşmış və buna görə də, ağılla düşünmə qabiliyyətini itirən inkarçılara qarşı, bir də vicdan sahibi olan, ancaq hələ dini öyrənməmiş insanlar vardır. Bunlar, onlara din təbliğ edildiyində, dinin haqq olduğunu qəlbi ilə qavrayar və dərhal iman edərlər. Bu iki tərəf, yəni qəlbi sərt olan inkarçılar ilə imana yaxın olan, ancaq onlara hələ təbliğ çatmamış kəslər arasındakı ən böyük fərq isə, bir tərəfin təkəbbürlü, o biri tərəfin isə təvazökar olmasıdır (Sonrakı səhifələrdə təkəbbür və təvazökarlığa daha ətraflı şəkildə toxunacağıq).
Mömin fitrətinə (yaradılışına) sahib kəslər dinə dəvət edildiklərində, “Ey Rəbbimiz! Həqiqətən, “Rəbbinizə iman edin!” – deyə imana çağıran kimsəni (elçini) eşitdik və dərhal iman etdik...” (Ali İmran surəsi, 193) ayəsində təsvir edilən əxlaqı göstərərək dərhal qəbul edirlər. İnkarçılar isə həmişə əks reaksiya göstərir, hətta bir qismi düşmənçilik hissi ilə yaşayırlar.