Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qurandakı əsas anlayışlar: Səbir Etmək

Mündəricat
  1. Giriş
  2. Şirk
  3. Fitnə
  4. Vicdan və Ruh
  5. Qəlb, Ağıl və Zəka
  6. Ağıl Sahibləri və Ağlı Örtən Amillər
  7. Ağıl və Duyğusallıq
  8. Qəflət Halı və Diqqət
  9. Sədaqət və İtaət
  10. Qətiyyət
  11. Səbir Etmək
  12. Şükür
  13. Mənfəət Güdməmək
  14. Qardaşlıq və Birlik
  15. Təvazökarlıq və Təkəbbür
  16. Dua

Həyatı islama uyğun şəkildə yaşamaq və bu həyat tərzinə uyğun olmayan davranışlardan uzaq durmaq möminin yaşadığı müddətcə həyata keçirdiyi ibadətdir. Bu mövzuda qərarlı olmaq, geri addım atmamaq və zamanın mənfi təsirindən qorunmaq, səbir göstərməkdir. Buna görə səbir və dözüm fərqli anlayışlardır.

Dözüm, çətinlik və acıya qarşı bu vəziyyətdən razı olmadan dirənməkdir. Halbuki möminin sahib olduğu səbir fərqlidir: Səbir edən mömin, başına gələn çətinliklərə görə əzab çəkməz, əksinə, Allaha olan yaxınlığı daha da artar və buna görə də, sevinci, həyəcanı və şövqü daha da yüksələr. Quranın bir çox ayəsində səbir etmək əmr edilir:

Ona görə də səbirli ol! Həqiqətən, Allahın vədi haqdır. Yəqinliklə iman etməyənlər səni biganəliyə sövq etməsinlər!

Rum surəsi, 60

Ey iman edənlər! Səbir edin, (düşmənə qarşı) möhkəm olun, sərhəd boyu növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!

Ali İmran surəsi, 200

Sən səbir et! Sənin səbrin yalnız Allahın köməyi ilədir. Onlar üçün kədərlənmə və qurduqları hiylələrə görə narahat olma!

Nəhl surəsi, 127

Allah möminlərin səbir yolu ilə imtahan olunacağını belə bildirir:

Həqiqətən, içinizdən cihad edənləri və səbir edənləri ortaya çıxarana qədər sizi sınayacaq və haqqınızdakı xəbərləri yoxlayacağıq.

Məhəmməd surəsi, 31

Şübhəsiz, siz mal-mülkünüzlə və canlarınızla imtahan ediləcəksiniz. Həqiqətən, sizdən əvvəl kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətli (sözlər) eşidəcəksiniz. Əgər səbir edib (Allahdan) qorxsanız, əlbəttə, bu, əzmkarlıq tələb edən (dəyərli) işlərdəndir.

Ali İmran surəsi, 186

Səbir, inkarçılara qarşı qazanılacaq qələbənin əhəmiyyətli vəsiləsidir. Mömin səbir etdiyində Allah onun gücünü artırar:

...Əgər sizdən yüz nəfər səbirli şəxs olsa, onlar iki yüz nəfəri, əgər sizdən min nəfər olsa, (onlardan) iki min nəfəri Allahın izni ilə məğlub edərlər. Allah səbir edənlərlə bərabərdir!

Ənfal surəsi, 66

Allah və Onun elçisinə itaət edin və bir-birinizlə çəkişməyin! Yoxsa qorxub zəifləyər və taqətdən düşərsiniz. Səbir edin! Şübhəsiz ki, Allah səbir edənlərlə bərabərdir.

Ənfal surəsi, 46

Səbir, Allahın rizasını və cənnətini qazana bilmək üçün göstəriləcək ən əhəmiyyətli xüsusiyyətlərdən biridir. Quranda möminlərin xüsusiyyətləri bildirilərkən, “Onlar səbir edənlər və Rəbbinə təvəkkül edənlərdir” (Nəhl surəsi, 42) deyilir. Mövzunun əhəmiyyəti başqa ayələrdə belə xəbər verilir:

...Şübhəsiz, səbir edənləri etdikləri əməllərin ən gözəli ilə mükafatlandıracağıq.

Nəhl surəsi, 96

Sonra da iman edən, bir-birinə səbir etməyi tövsiyə edən və mərhəmətli olmağı tövsiyə edənlərdən olmaqdır.

Bələd surəsi, 17

Möminlər dua etdikdə də Allahdan səbir istəyərlər:

...Onlar Calut və əsgərləri ilə qarşılaşdıqları zaman:

“Ey Rəbbimiz, bizim üzərimizə səbir yağdır, ayaqlarımıza qüvvət ver və inkar edən qövmə qarşı bizə yardım et!” - dedilər.

Bəqərə surəsi, 250

Saleh Əməl

Saleh əməl, Quranda tez-tez bəhs edilən terminlərdən biridir. Saleh sözü; gözəl, doğru, xeyirli mənalarını verir. “İslah etmək” feli də eyni kökdən törəmişdir və “saleh hala gətirmək” deməkdir. Əməl sözünün Azərbaycanca ən yaxın qarşılığı isə “iş”dir. Beləliklə, saleh əməl, yaxşı və xeyirli iş mənasını verər ki, bu da Quranda Allahın rizasına və əmr etdiyi dinə uyğun hər davranışı və hərəkəti ifadə edir.

Bir insanın axirətini qurtaran şey isə, yalnız iman etməsi deyil, eyni zamanda o imana uyğun saleh əməllər etməsidir. Çünki saleh əməl, səmimi imanın göstəricisidir. Buna qarşı, yalnız “iman etdim” deyib, bu imanın əsaslarını yerinə yetirməmək, insan üçün qurtuluş vəsiləsi olmaz. Allah ayələrdə, bu mövzu ilə bağlı belə buyurur:

İnsanlar imtahana çəkilmədən yalnız:

“İman etdik!” - deməklə onlardan əl çəkiləcəyinimi hesab edirlər? Şübhəsiz ki, Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Allah doğru söyləyənləri də, yalançıları da, əlbəttə, bilir.

Ənkəbut surəsi, 2-3

Allahın “iman etdik” deyənləri imtahan etməsinin əhəmiyyətli hissəsi, saleh əməllərlə olur. Çünki bu əməllər, onları yerinə yetirməklə məsul olan müsəlmanların səbrini, qətiyyətini, sədaqətini, qısaca imanındakı bəsirətini ortaya çıxarar.

Quranda, saleh əməllərin fərqli şəkilləri bildirilir. Din əxlaqının digər insanlara təbliğ edilməsi, Quran əxlaqının yaşanması üçün çalışılması, dinə qarşı edilən hücumların fikirlə aradan qaldırılması, Quranın daha yaxşı başa düşülməsi üçün səy göstərilməsi, müsəlmanların hər cür fərdi və ictimai probleminin həlli kimi mövzuların hamısı son dərəcə əhəmiyyətli saleh əməllərdir. Namaz, oruc, infaq (zəkat), həcc kimi təməl islami ibadətlər də saleh əməllərdəndir.

Bir ayədə, saleh əməlin nələr olduğu bu şəkildə xəbər verilir:

Yaxşı əməl üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və elçilərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu yaxınlara, yetimlər, yoxsullar, yolda qalanlar, istəyənlər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, xəstəlikdə, darlıqda, çətinlikdə, eləcə də cihad vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir.

Bəqərə surəsi, 177

Ancaq nəzərə alınmalı çox mühüm bir məqam var; bir əməli saleh edən təkcə onun nəticəsi deyil, arxasında duran “niyyət”dir. Buna görə də, bir əməlin saleh olması onun yalnız Allah rizası üçün edilməsinə bağlıdır. Bu həqiqət Cahil cəmiyyətdə “saleh əməl” anlayışını “xeyirxahlıq” anlayışından ayırır.

Saleh əməl Allah rizası üçün edilər; cahil anlayışdakı xeyirxahlığın arxasında isə ictimai həmrəylik hissi və xüsusən də “xeyriyyəçi” kimi tanınmaq istəyi dayanır.

Aşağıdakı ayələr möminlərin yuxarıda təsvir edilən “xeyirxahlıq” anlayışından niyə uzaq olduqlarını açıqlayır:

“Onlar verdikləri sözü yerinə yetirər və vahiməsi hər yeri bürüyəcək o gündən qorxarlar. Onlar öz nəfsləri çəkməsinə baxmayaraq yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. Sizi yalnız Allah rizası üçün yedirdirik. Sizdən nə bir əvəz, nə də bir təşəkkür istəyirik. Şübhəsiz ki, biz çətin və ağır bir günə görə Rəbbimizdən qorxuruq.”

İnsan surəsi, 7-10

Əgər “saleh əməl” tərifinə uyğun gələn əməllər yuxarıdakı ayələrdə bildirilən məqsəddən, yəni Allah rizasından uzaqlaşarsa, o halda saleh əməl xüsusiyyətini itirər. Əksinə, bu, insanın başqa insanların rizasını istəməsi deməkdir ki, bu da Quranda “şirk” kimi izah edilir və şirk böyük günahdır.

Maun surəsindəki ayələrdə Allah üçün deyil, insanların rizası üçün namaz qılan və buna görə ibadətlərinin saleh əməl olma xüsusiyyətini itirən insanlar haqqında belə xəbər verilir:

Vay o namaz qılanların halına ki, onlar namazlarında səhv edirlər.

Onlar riyakarlıq edirlər.

Maun surəsi, 4-6

Bu ayənin açıqlaması ilə əlaqədar olaraq dəyərli müfəssirlərdən Taberidə iki hədis nəql etmişdir:

Sad ibn Əbi Vaqqasdan rəvayət edilmişdir. Sad deyir ki: “Mən Rəsulullahdan, namazlarına qarşı qəflət içində olanlar haqqında soruşdum. Buyurdu ki: Onlar namazlarının vaxtlarını keçirənlərdir.”

Əbu Berzə deyir ki: “Onlar o kəslərdir ki, namazlarına qarşı qafildirlər.” ayəsi nazil olduqda Rəsulullah belə buyurdu: “Allahu Əkbər, bu namaz sizin üçün hər birinizə bütün dünya qədər şeylər verilməsindən daha xeyirlidir. Namazına qarşı qafil olan kimsə qıldığı namazdan xeyir ümid etməyən və qılmadığına görə Rəbbindən qorxmayan kimsədir.”

Peyğəmbərimizin namazla bağlı digər bəzi hədisləri isə belədir:

Cündüb İbni Süfyan radiyallahu ənhdən rəvayət edildiyinə görə, Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu: “Sübh namazını qılan kimsə Allahın himayəsindədir. Diqqət et ey Adəmoğlu! Allah, şəxsən himayəsində olan bir mövzuda səni sorğuya çəkməsin.” (Müslim, Mesacid 261-262. Ayrıca bax Tirmizî, Salat 51, Fiten 6; İbni Mace, Fitən 6)

Cabir radiyallahu ənhdən rəvayət edildiyinə görə, Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu:

“Beş vaxt namazın bənzəri, sizdən birinizin qapısı önündən axıb gedən və hər gün içində beş dəfə yuyunduğu bol sulu çay kimidir.” (Müslim, Mesacid 284)

Eyni namaz kimi saleh əməl olan infaq da (malın Allah yolunda xərclənməsi), əgər Allahın deyil də insanların rizası üçün edilsə bütün dəyərini itirər. Quranda, həqiqi infaqla göstəriş üçün edilən infaq arasındakı fərq belə açıqlanır:

Ey iman edənlər! Özünü insanlara göstərmək üçün malını sərf edib Allaha və axirət gününə inanmayan şəxs kimi, siz də sədəqələrinizi minnət qoyaraq və əziyyət verərək puça çıxartmayın! Onun (minnətlə sədəqə verənin) halı, üzərində (bir az) torpaq olan qayanın halına bənzəyir. Ora şiddətli bir yağış yağıb onu çılpaq bir hala salar. Onlar, qazandıqlarından heç bir şeyə (savaba) nail ola bilməzlər. Allah inkar edənlər qövmünü doğru yola yönəltməz. Allahın rizasını qazanmaq və içlərindəkini (comərdliklərini) möhkəmləndirmək üçün mallarını infaq edənlərin halı, bir təpənin üstündəki bir bağın halına bənzəyir ki, ora bol yağış yağar və (o yağış nəticəsində) ikiqat meyvə verər. Ora bol yağış yağmasa belə, az bir şeh də (ona kifayət edər). Allah sizin nə etdiyinizi görür. (Bəqərə surəsi, 264-265)

Eyni mövzu başqa bir ayədə belə bildirilir:

Allaha və axirət gününə iman etmədikləri halda mallarını insanlara göstəriş üçün infaq edənlərdir. Şeytan kimə yoldaşlıq edərsə, (bilsin ki,) o necə də pis bir yoldaşdır! Əgər onlar Allaha və axirət gününə iman edib, Allahın onlara verdiyi ruzidən infaq etsəydilər, nə olardı (nə zərər çəkərdilər)?! Allah onları yaxşı tanıyır.

Nisa surəsi, 38-39

Bir sözlə, bir əməli saleh edən onun arxasındakı niyyətdir. Əgər o əməllə istənilən maddi nəticə əldə edilməsə belə, niyyət saleh olarsa, əməl də saleh olar. Məsələn, bir insan Allah rizası üçün bir iş görmək üçün yola çıxar və uzun müddət çalışa bilər. Amma nəticə arzuladığı kimi olmaya bilər. Ancaq fərq etməz; o, yenə də layiq olduğu mükafatı almış olar. Üstəlik, müsəlman bilməlidir ki, Allahın onu istədiyi nəticəyə çatmasına imkan verməməsində böyük bir sirr və hikmət vardır. Çünki ayədəki hökmə əsasən, “...Bəlkə də xoşlanmadığınız bir şey sizin üçün xeyirli, xoşlandığınız bir şey isə sizin üçün zərərlidir. Allah bilir, ancaq siz bilməzsiniz.” (Bəqərə surəsi, 216), arzu olunan nəticənin əslində xeyirli olub-olmadığını bilən yalnız Allahdır.

Müsəlman hər şeyi Allah rizası üçün etməli, nəticəsini isə Allaha buraxmalıdır.

Saleh əməllərin yuxarıda qeyd etdiyimiz bu əsas xüsusiyyəti, yəni hər şeydən əvvəl niyyətə bağlı olması, Allahın müstağniyyətinin və insanın Rəbbimizə qarşı acizliyinin nəticəsidir. Allah müstağnidir. Yəni hər cür nöqsan və əksiklikdən uzaqdır, heç bir şeyə ehtiyacı yoxdur. Ona görə də, müsəlmanların edəcəyi saleh əməllərə də Allahın ehtiyacı yoxdur. Quranda belə buyurulur:

Ey insanlar! Allaha möhtac olan sizsiniz. Allah isə heç bir şeyə möhtac deyil, hər cür tərifəlayiqdir. Əgər Allah istəsə, sizi yox edər və sizin yerinizə yeni bir xalq gətirər. Bu, Allah üçün çətin deyildir.

Fatir surəsi, 15-17

Rəbbimiz istədiyi anda istədiyi şeyi edə bilər. Allahın heç bir şeyə ehtiyacının olmadığı Quranda belə xəbər verilir:

...İman edənlər hələ də bilmədilərmi ki, əgər Allah diləsəydi, bütün insanları hidayətə yönəldərdi?!.

Rad surəsi, 31

Qısacası, insan saleh əməllər etməklə əslində yalnız özünə fayda verər və öz axirət həyatını qurtarar. Quranda ifadə edildiyi kimi:

“Kim (Allah yolunda) çalışarsa, yalnız özü üçün (axirəti üçün) çalışmış olar. Şübhəsiz ki, Allah aləmlərə (insanlara) möhtac deyildir.”

Ənkəbut surəsi, 6

Necə ki, namaz qılan özü üçün qılmış olur, oruc tutan, Allah yolunda xərcləyən də, islamı müdafiə edən də bütün bunları özü üçün etmiş olur. Bu işləri görməyə ehtiyacı olan özüdür.

Allah Quranda xəbər verir ki, vacib olan əməllər və ya nəticəsi deyil, bu hərəkətləri edərkən insanın niyyətidir. Həcc surəsində bu həqiqət aşağıdakı nümunə ilə açıqlanır:

Onların nə ətləri, nə də qanları Allaha çatar. Lakin Ona çatan sizin təqvanızdır. Beləcə, onları sizin xidmətinizə verdik ki, sizi doğru yola yönəltdiyi üçün Allahı uca tutasınız. Yaxşı əməl sahiblərinə müjdə ver!

Həcc surəsi, 37

Ona görə də, saleh işlər görərkən yaxşı niyyətli olmaq lazımdır, yəni işin yalnız Allah rizası üçün edildiyini nəzərə almaq son dərəcə vacibdir. Bu məqsədlə də, Allah ilə mənəvi əlaqədə olmaq, bir işi görərkən Ona həmd etmək, əməlin qəbul edilməsi üçün Allaha dua etmək lazımdır.

Quranda xəbər verilən İbrahim Peyğəmbər və İsmayıl Peyğəmbərin Kəbəni tikərkən etdiyi duası bütün möminlər üçün bir nümunədir:

Bir zaman İbrahim və İsmayıl evin (Kəbənin) bünövrəsini ucaldırdılar (və belə dua edirdilər:) “Ey Rəbbimiz, bizdən (bunu) qəbul et! Şübhəsiz ki, Sən hər şeyi eşidənsən, bilənsən! Ey Rəbbimiz! Bizi Sənə təslim olanlardan et və nəslimizdən də Sənə təslim olan bir ümmət çıxart! Bizə (həcc üçün) ibadət qaydalarını göstər və tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən.

Bəqərə surəsi, 127-128

Allahın Davud Peyğəmbər və səhabələrinə əmri də, “Ey Davud ailəsi, Allaha şükür edin! Bəndələrimdən şükür edənlər azdır.” (Səba surəsi, 13), deyə saleh əməl edilərkən Allahın dua və şükürlə həmişə təsbeh edilməsinin əhəmiyyətini bildirir.

Bu cür əməl saleh əməldir və insanın Allaha olan yaxınlığını və axirətdəki dərəcəsini artırır. İnsanın “iman etdim” deməklə dediyi söz, bu əməllə birlikdə möhkəmlənər. Allah Fatir surəsində belə buyurur:

“... Yaxşı söz Ona doğru yüksələr və onu yüksəldən yaxşı əməldir....”

Fatir surəsi, 10

İman gətirib həyatı boyunca saleh əməllər edən möminin qovuşacağı qurtuluş isə Allahın rizası və cənnətidir. Quranda belə hökm edilir:

İman edib yaxşı işlər görənlərə gəldikdə, - Biz heç kimə gücü yetdiyindən artıq (vəzifə) yükləmərik - onlar cənnət əhlidirlər. Onlar orada əbədi qalacaqlar. Biz onların qəlbindəki kin-küdurəti çəkib çıxardarıq. Onların (məskunlaşdığı cənnətin ağacları) altından çaylar axar. Onlar deyərlər:

“Bunun üçün bizi doğru yola yönəldən Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz doğru yolu tapa bilməzdik. Şübhəsiz ki, Rəbbimizin elçiləri həqiqəti gətirmişdilər”. Onlara:

“Etdiyiniz əməllər müqabilində varisi olduğunuz cənnət budur!” - deyə səslənilər.

Əraf surəsi, 42-43