İnkar edənlər dünyadakı yaradılış dəlillərini görmədən həyat sürürlər. İman edən bir insanın bu şəxslərdən fərqi isə Allah’ın yaratdığı dəlilləri hər an görə bilməsidir. Mömin ətrafındakı hər incəlikdə Allah’ın qüdrətini və sənətini görər, Onu təsbih edər və Allah’a yaxınlaşmaq üçün yol tapar. Möminlərin bu xüsusiyyətləri Quranda belə izah edilir:
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah’ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi odun əzabından qoru!
Allah Quranın bir çox yerində “düşünməzsinizmi”, “düşünənlər üçün dəlillər vardır” ifadələri ilə təfəkkür etməyin əhəmiyyətini vurğulayır. Bundan əlavə, Allah üzərində düşünmək üçün saysız dəlil yaratmışdır. Gördüyümüz, fərqinə vardığımız hər şey Allah’ın bir təcəllisi və dəlilidir. Bu səbəblə, göylərdə, yerdə və bunların aralarında olan hər şey bir təfəkkür vəsiləsidir. Bir ayədə belə buyurulur:
(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır.
Ayədə “təfəkkür mövzusu” olaraq göstərilənlərdən biri, məsələn, xurma ağacı üzərində bir az düşünək. Məlumdur ki, ağac torpağa əkilən toxumdan əmələ gəlir. Toxum kiçik bir cisimdir, amma necə olur ki, o toxumun içindən qısa müddət ərzində 4-5 metr uzunluğunda və yüzlərlə kiloqram ağırlığında nəhəng bir taxta kütləsi meydana gəlir?! Toxumun bu nəhəng taxta parçasını hazırlayarkən istifadə edə biləcəyi yeganə vəsait isə torpaqdır.
Toxumu yaradan da, torpağın içinə düşdüyü zaman onu yarıb içindən yeni bir bitkini çıxaran da Allah’dır. Bu həqiqət “Ənam” surəsində belə xəbər verilir:
Şübhəsiz ki, toxumu da, çərdəyi də Allah çatladır. O, ölüdən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah! Siz necə də (haqdan) döndərilirsiniz!
Toxum Allah’ın kainatda yaratdığı sonsuz saydakı təfəkkür vasitəsindən, yəni iman həqiqətindən yalnız biridir. İnsan ağlını örtən qalın qəflət pərdəsini aralayıb “necə”, “niyə” kimi suallar verərək düşünsə, bütün kainatın Allah’ın varlığının və gücünün dəlilləri ilə dolu olduğunu rahatlıqla görə bilər.