Allah’ın Quranda ən çox təkrarlanan isimlərindən ikisi - “Rəhman” və “Rəhim”, yəni “əsirgəyən” və “bağışlayan” sifətləridir. Qullarına olan bu rəhmətinə görə də Allah insanları işlədikləri günahlara görə dərhal cəzalandırmır:
Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını (sağ) qoymazdı. Lakin (Allah) onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər.
Allah insanların işlədiyi günahların cəzasını təxirə salmaqla, onlara bağışlanma diləmək və tövbə etmək üçün müddət verir. İnsan böyük günahlar işləsə belə, bunlardan ötrü Allah’dan bağışlanma diləyə bilər və bir daha işləməməyi hədəfləyərək tövbə edə bilər. Allah Quranda qullarını günahları üçün bağışlanma diləyib tövbə etməyə belə çağırır:
Ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə de:
“Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı əzəldən yazmışdır; sizlərdən hər kəs avamlığı üzündən pis iş görsə, sonra tövbə edib (əməllərini) islah etsə, (Allah onu bağışlayar). Həqiqətən, O, bağışlayandır, rəhmlidir”.
Bağışlanma insanın qəsdən, ya da bilməyərək etdiyi bütün səhvlər, işlədiyi bütün günahlar üçün Allah’ın əfvinə sığınmasıdır. Tövbə isə işlənmiş müəyyən bir günah üçün edilir. Tövbə edən mömin etdiyi bir səhvi, ya da davam etdirdiyi bir rəftarı düzəltməyə qəti olaraq qərar verər və bir daha təkrarlamamaq üçün Allah’dan güc və dəstək diləyər. Belə ki, məqbul olan tövbə də sonradan saleh əməl işlənən tövbədir:
Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allah’a tərəf qayıtmış olar.
İnsan tövbə edib, sonra yenə nəfsinə məğlub olaraq eyni günahı təkrarlaya bilər. Bəlkə dəfələrlə tövbə edib, sonra bunların hamısını da poza bilər. Amma bu, bir daha tövbə edə bilməyəcəyi mənasını verməz. İnsan həyatını davam etdirdiyi müddət ərzində tövbənin qapısı açıqdır. Ancaq bilinməlidir ki, insanın ölümə yaxınlaşıb, axirətdə başına gələcəkləri anlayacağı son anda tövbə etməsi qəbul edilməyə bilər. Allah Quranda belə buyurur:
Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah biləndir, müdrikdir. Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman:
“Mən indi tövbə etdim!”– deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq.