Cahiliyyə cəmiyyətindəki insanların bir hissəsi dini praktikada yaşamağın onlara çətin gəldiyini və elə bu səbəbdən dindən uzaq həyat sürdüklərini deyirlər. Beləcə, Allah’a qarşı olan nankorluqlarını öz aləmlərində qanuniləşdirdiklərinə, günahlarını isə yüngülləşdirdiklərinə ümid edirlər. Halbuki, yalnız özlərini aldadırlar. Çünki Allah heç kimə gücünün çatdığından ağır məsuliyyət yükləməz. Allah “Bəqərə” surəsində belə buyurur:
Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir …
Bir başqa ayədə isə Allah’ın bizə seçib-bəyəndiyi dinin İbrahim Peyğəmbərin dini kimi asan olduğu ifadə edilir:
Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl (nazil etdiyi kitablarda), həm də bu (kitabda) sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allah’a möhkəm sarılın. O, sizin himayədarınızdır. O, nə gözəl himayədar, nə gözəl yardımçıdır!
Həqiqət belə ikən din əxlaqını tətbiq etməyin çətin olduğunu, istədiyinə baxmayaraq, dini yaşaya bilmədiyini iddia edən insan, şübhəsiz ki, səmimiyyətsizdir. Bu iddia ilə də adam heç kimi aldada bilməz, ancaq öz-özünü aldatmış olar.