Möminin etidallı olması əvvəla, həddi aşmayaraq yalnız halal dairəsində hərəkət etməsini ifadə edir. Bu, ilk baxışda texniki qorunma kimi görünsə də, həqiqətdə stabil ruhi halı tələb edir. Çünki mömin bəzən cahiliyyə əxlaqını yaşayan insanlarla eyni mühitdə olacaq, onlarla söhbət edəcək. Cahiliyyənin hakim olduğu mühitlərdə lazım olan davranışları göstərməli, özünü cahiliyyə mədəniyyətinin təsirinə buraxmamalı, həddində və ağıllı davranmalıdır. Əlbəttə, yalnız cahiliyyə mühitlərində deyil, möminlərin arasında da incə düşüncəni və etidalı tələb edən vəziyyətlər var. İman edən insan hər an ağıllı davranaraq həddi aşmaqdan və sərt hərəkətlərdən uzaq dayanmalı olduğunu bilir. Hadisələr qarşısında həyəcanlanmayan, heç vaxt soyuqqanlılığını itirməyən bir xarakterə sahib olmaq üçün diqqətli olur. İmanın verdiyi etidal ilə ağıldan uzaqlaşmayan, ani kədər, ya da sevinclərə qapılmayan xarakterə sahib olmağa çalışır və bu mövzudakı qərarlılığı hər hərəkətində nümayiş etdirir. İman edənlərin bu müvazinətli və sabit ruhi halları bir çox ayədə təsvir edilmişdir. Bunlardan bəziləri belədir:
Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, yazıda olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. (Allah bunu) əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə sevinməyəsiniz deyə (belə izah edir). Allah heç bir özündən razını, özünü öyəni sevmir.