İndiyə qədər toxunduğumuz bütün mömin xüsusiyyətləri və əsas imani mövzular insanın özünü Allah’a həsr etməsini, Allah üçün yaşayıb, Allah üçün mübarizə aparmasını tələb edir. Allah’a həsr olunmuş həyat üçün Allah’la yaxın dialoq qurmaq vacibdir. Bu dialoqun yolu zikr, yəni Allah’ı xatırlamaqdır. Mömin “Ey iman gətirənlər! Allah’ı tez-tez yada salın!” (Əhzab surəsi, 41) hökmünə uyğun olaraq gündəlik həyatının hər anında zikr və dua halında olmalı, verilən nemətlərə qarşı şükür etməli, səhvlərinə görə bağışlanma diləməli, edəcəyi işlər üçün kömək istəməli və tez-tez Allah’ı təsbih edib ucaltmalıdır. Mömini Allah’la dost edən ibadət zikrdir. Bir ayədə zikrin icra forması belə bildirilir:
Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma.
Quranda “…Allah’ı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir …” (Ənkəbut surəsi, 45) buyurulur. İbadətlər Allah’ı xatırlayaraq və Allah’ın razılığını düşünərək edilməzsə, qarşılıqsız əməl halına gələ bilər. Bu səbəbdən, Quranda peyğəmbərlərin xarakterləri izah edilərkən Allah’ı necə zikr etdiklərinə diqqət çəkilir. “Sad” surəsinin 30-cu ayəsində “Biz Davuda Süleymanı bəxş etdik. O, necə də gözəl qul idi! Daima (Allah’a) üz tutardı” buyurulur.