Allah, Quranın bir çox ayəsində İbrahim Peyğəmbərin həyatından və qarşılaşdığı hadisələrdə göstərdiyi gözəl rəftarlardan nümunələr vermiş və ondan təriflə bəhs etmişdir.
İbrahim Peyğəmbər, rəftarlarıyla bir möminin nə qədər ağıllı və diqqətli olması, həmişə vicdanı ilə hərəkət etməsi və Allah yolunda çox cəsarətli olmasını ən gözəl şəkildə göstərmişdir. İbrahim Peyğəmbər, Allaha olan bağlılığı, təslimiyyəti və yaxınlığıyla da möminlər üçün hikmətli bir nümunə olmuşdur. Allah, Nisa surəsinin 125-ci ayəsində İbrahim Peyğəmbəri “dost” seçdiyini ifadə edərək, onun Öz Qatında nə qədər qiymətli və üstün bir mövqeyə sahib olduğunu möminlərə bildirmişdir. Şübhəsiz ki, Allahın bir qulunu dost seçməsi bir insanın çata biləcəyi ən yüksək dərəcələrdən biridir. Əlbəttə hər mömin üçün Allaha dost qədər yaxın ola bilmənin, buna bağlı olaraq Allahın onun üzərindəki köməyini, rəhmətini və qorumasını yaxından hiss etmənin, Onun daima özüylə hər zaman hər yerdə birlikdə olduğunu, onu eşitdiyini, hiss etdiyini bilmək möminə xoşbəxtlik, hüzur və təhlükəsizlik verir.
Allah Quranın Məryəm surəsində, İbrahim Peyğəmbərin, bütə tapınan atasına Allaha iman etməsi üçün etdiyi təbliğə yer vermişdir. Allah İbrahim Peyğəmbər ilə atası arasında gedən söhbəti belə bildirmişdir:
Bir zaman o, atasına demişdi:
“Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim. Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Mərhəmətli Allaha çox asi oldu. Atacan! Qorxuram ki, Mərhəmətli Allahdan sənə bir əzab toxunsun və beləcə, şeytana yoldaş olasan”. Atası dedi: “Sən mənim məbudlarımdan üzmü çevirirsən, ey İbrahim!? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!”
İbrahim Peyğəmbər atasına şirk qoşduğu şeyləri buraxması mövzusunda öyüd verərkən çox rahat və hörmətli bir üslub istifadə etmişdir. Ancaq atasının, oğlunun göstərdiyi bu gözəl əxlaq qarşısında duyduğu narahatlıq o qədər böyük olmuşdur ki, öz oğlunu öldürməklə təhdid edə biləcək və onu görmək istəməyəcək bir hala gəlmişdir. Atasının içində olduğu qəflət halı, onun həqiqətləri görməsinə maneə törədərək, vicdanını və ağlını örtmüşdür. Göstərmiş olduğu təcavüzkar və çirkin rəftar, Allaha iman etməməsindən, din əxlaqını yaşamamasından qaynaqlanır.
İbrahim Peyğəmbər isə atasının bu çirkin davranışına baxmayaraq ondan gözəl bir şəkildə ayrılmış və belə demişdir:
Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz bütləri tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım”.
Şübhəsiz ki, bir insanın sevdiklərindən, xüsusilə də anasından, atasından, ailəsindən ayrılmaq məcburiyyətində qalması, ya da onlarla arasının pozulması xoş bir vəziyyət deyil. Özünə ən yaxın olan ailəsini buraxıb getmək insanı olduqca narahat edən və sıxan bir vəziyyətdir. Bu baxımdan, heç kim ailəsi, atası, ya da bir yaxını ilə tərs düşmək istəməz. Ancaq əgər bu insan Allahı tanımayan, hətta düşmən olan bir kafir isə, ona qarşı sevgi bəsləməsi, onu dost və vəli etməsi, Allahın razılığına tamamilə zidd bir davranış olacaq. Məhz İbrahim Peyğəmbər də atasının özünə göstərmiş olduğu təcavüzkar rəftar qarşısında onun özünə dost ola bilməyəcəyini anlamış və atasının getmə istəyini qəbul etmişdir. Bu hadisədə İbrahim Peyğəmbər üçün əhəmiyyətli olan, “Allah rizasına ən uyğun olan rəftarı” göstərmək olduğundan heç tərəddüd etmədən atasından ayrılmışdır. Allah rizasına uyğun hərəkət etdiyi üçün də bu davranışından sonra, “Allaha dua etməklə heç vaxt bədbəxt olmayacağını” ifadə etmişdir. Əlbəttə ki, bu, Allah rizasına uyğun hərəkət etmiş olmanın verdiyi hüzur və xoşbəxtlikdir. Allah İbrahim Peyğəmbərə, İshaq Peyğəmbəri və Yaqub Peyğəmbəri bəxş etmiş və onu Öz rəhmətindən hədiyyələrlə mükafatlandırmışdır:
İbrahim onları və onların Allahdan başqa yalvardıqlarını tərk etdiyi zaman Biz ona İshaqı və Yaqubu bəxş etdik. Biz onların hər ikisini peyğəmbər etdik. Biz onlara öz mərhəmətimizdən əta etdik və gələcək nəsillər həmişə yada salsın deyə onlara yaxşı ad qismət elədik.
Allahın bu qissə ilə xatırlatdığı kimi, insan əgər Allah rizasına uyğun şəkildə hərəkət edirsə, hər nə şərtdə olursa olsun, Allah onu bütün çətinliklərdən təmizləyəcək, ürəyindəki xoşbəxtliyi və hüzuru daimi edəcək.