Əvvəlki hissədə də ifadə edildiyi kimi, şeytan insanı Allahın yolundan azdırmaq, onu dindən uzaqlaşdırmaq, boş işlərlə başını qataraq Allahı və axirəti düşünməsini əngəlləmək üçün hər fürsəti ən yaxşı şəkildə dəyərləndirməyə çalışır. Şeytanın fürsət bildiyi vəziyyətlərdən biri də, insanın pessimizmə və ümidsizliyə düşdüyü anlardır. İnsan həyatı boyunca bir-birindən fərqli müsbət, ya da mənfi kimi görünən bir çox hadisə ilə qarşılaşır və bu hadisələrlə harada, nə zaman və hansı şərtlər altında üz-üzə gələcəyini bilməz. Heç gözləmədiyi bir anda ölümcül bir xəstəliyə tutula bilər, təbii bir fəlakətlə bütün malını, sevdiklərini itirə bilər, işindən çıxarıla bilər, uzun bir müddət yaşayış çətinliyi çəkə bilər və daha bunlara bənzər kiçik-böyük bir çox mənfi kimi görünən vəziyyətlə qarşılaşa bilər. Dünya həyatının bir imtahan olaraq yaradıldığını düşünməyən, Allahın hər şeyi bir hikmət üzərinə yaratdığına iman etməyən insanlar bu cür vəziyyətlərdə pessimizmə qapılar və bütün ümidlərini itirərlər. Bu Allaha təvəkkül etməmələrindən qaynaqlanar.
Halbuki insanın həyatı boyunca qarşılaşdığı heç bir şey təsadüfi, özbaşına və mənasız deyil. Allahın “... Onun xəbəri olmadan heç bir meyvə toxumundan cücərib çıxmaz, heç bir dişi hamilə qalmaz və doğmaz ...” (Fussilət surəsi, 47) ayəsiylə bildirdiyi kimi, meydana gələn hər şey Allahın məlumatı, istəyi və idarəsi daxilində reallaşır. Buna görə insanın başına gələn heç bir şey təsadüfi və mənasız deyil. Tam tərsinə bir çox hikmət və məna ehtiva edir. Əgər insan bu həqiqəti görmək yerinə, başına gələn hər şeyi “şans”, ya da “kor təsadüflər yığını” kimi batil məntiqlə qiymətləndirəcək olsa, bu onda bir narahatlıq, sıxıntı və çarəsizlik yaradacaq. Təbii ki, bu şeytanın işini asanlaşdıran bir vəziyyətdir. Çünki bu sirdən xəbərsiz bir şəkildə yaşayan belə bir insanı, verdiyi vəsvəsələrlə Allahdan və dindən uzaqlaşdıracaq hətta düşmən mövqeyinə daxil edəcəkdir. Və təbii ki, adamın belə bir anda pessimizmə və ümidsizliyə qapılaraq daha da pis bir vəziyyətə düşməsi və özünə zərər verməsi də şeytanın eyni anda digər hədəfinə çatdığını da göstərir. Allah Quranda insanların çətinlik və sıxıntılarla qarşılaşmalarının səbəbini və bunun qarşılığında insanların göstərdikləri yanlış rəftarı belə açıqlamışdır:
Səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik. Biz onları sıxıntıya və xəstəliyə düçar etdik ki, bəlkə boyun əyələr. Nə üçün əzabımız onlara gəldiyi zaman boyun əymədilər? Onların qəlbləri sərtləşdi, şeytan da onlara etdikləri əməlləri gözəlləşdirdi.
Allah çətinlik və sıxıntını insanlara Allahdan başqa sığınılacaq bir güc olmadığını görmələri və doğru yolu tapmaları üçün verir. Ancaq şeytan insanların bu hikməti görmələrini əngəlləyər və onların ürəklərini həssaslıqdan məhrum buraxaraq qatılaşdırır. Əslində insanların başına gələn bu vəziyyət Allahın rəhmətidir. Belə bir vəziyyətdə Allahın razı olacağı hərəkət, dərhal Onu xatırlamaq, Allaha yönəlib Ondan kömək tələb etmək və üz verən müsibətə qarşı səbir etmək olmalıdır. Allah, səmimiyyətlə Özünə sığınan qullarını köməyiylə dəstəkləyəcəyini bildirmişdir. Məhəmməd Peyğəmbər-in yoldaşıyla birlikdə, arxasına düşən inkarçılardan gizlənmək məqsədi ilə mağaraya sığındığı anda göstərmiş olduğu üstün rəftar bu mövzuda bütün insanlar üçün gözəl bir nümunə təşkil edir. Allah Quranda Peyğəmbərimiz-in bu rəftarını belə bildirmişdir:
Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi:
“Qəm yemə, Allah bizimlədir!” Bundan sonra Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir.
Məhəmməd Peyğəmbər, başına gələn bu hadisənin Allahın bir sınağı olduğunu anlamış və Allaha olan təslimiyyətini və təvəkkülünü ən gözəl şəkildə göstərmişdir. Ən çətin anda belə xilas olma ümidini əsla itirməmiş, hətta onu müşayiət edən yoldaşına da Allahın rəhmətini və köməyini xatırlatmışdır. Allah bu səmimi davranışına qarşılıq Peyğəmbərimiz-in ürəyinə “hüzur və təhlükəsizlik hissini” endirmiş və Onu qurtarmışdır.
Mövzuyla əlaqədar bir başqa parlaq nümunə də, Firon ordusu tərəfindən təqib edilən Musa Peyğəmbərin göstərmiş olduğu təslimiyyətli rəftarıdır:
İki dəstə bir-birini görüncə Musanın səhabələri:
“Biz yaxalanacağıq!” – dedilər. Musa dedi: “Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!” Biz Musaya:
“Əsanla dənizə vur!” – deyə vəhy etdik. Dəniz dərhal yarıldı, on iki yol açıldı və hər biri nəhəng bir dağ kimi oldu. O birilərini də ora yaxınlaşdırdıq. Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O birilərini isə suya qərq etdik. Şübhəsiz ki, bu hekayətdə bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi.
Bu ayələrdən də aydın olduğu kimi, Musa Peyğəmbərin yanındakı bəzi kəslər bu vəziyyətdə dərhal ümidsizliyə qapılaraq “yaxalandıq” demişlər. Ancaq Musa Peyğəmbər, Allaha nümunəvi bir təvəkkül və bağlılıq göstərmiş və yanındakılara da Allahın mütləq onlara kömək edəcəyini xatırlatmışdır. Onun bu təslimiyyətli və səmimi davranışından dərhal sonra, Allah böyük bir möcüzə ilə onları Firondan xilas etmişdir.
Allaha könüldən iman etməyən insanlar ümidsizliyə qapılmağa meyillidirlər. Quran əxlaqını yaşamadıqları üçün həmçinin unutqan və nankor bir xarakter də göstərirlər. Allah bu insanların nankorluqlarını “Əgər insana Özümüzdən bir mərhəmət daddırsaq, sonra da ondan onu geri alsaq, o, naümid və nankor olar.” (Hud surəsi, 9) ayəsiylə xəbər vermişdir.
“...Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər.” (Yusif surəsi, 87) ayəsiylə isə Allah, insanları Özündən qətiyyən ümid kəsməmələri mövzusunda xəbərdar etmişdir. Allah, dünyada var olan hər şeyi insanlar üçün yaratmış və bütün bunları onlara bir nemət olaraq təqdim etmişdir. İnsan hər şeyini Allaha borcludur. Allah, ruzini verənin və alanın Özü olduğunu, “Məgər onlar görmürlərmi ki, Allah istədiyinin ruzisini bol edir, istədiyininkini də azaldır? Həqiqətən, bunda iman gətirən adamlar üçün ibrətlər vardır.” (Rum surəsi, 37) ayəsiylə insanlara bildirmişdir.
İnsanın etməli olacağı, “Darda qalan kimsə yalvardığı zaman ona cavab verən...” (Nəml surəsi, 62) ayəsini bilərək, hər nə vəziyyətdə olursa olsun Allaha güvənməsi və Allaha səmimiyyətlə dua etməsidir. Allah bu əxlaqı göstərən qullarını çətinlikdən xilas edəcəyini vəd etmişdir. “... Lakin siz onların ummadıqlarını Allahdan umursunuz...” (Nisa surəsi, 104) ayəsiylə də Allah, insanlara Allahın rəhmətindən ümid kəsməmələrini nəsihət etmişdir. Ümid bəsləmənin davamlılığı, onun qaynağına bağlıdır. Cahil insanların özlərinə daimi olaraq ümid verəcək, möhkəm bir dayaqları yoxdur. Bu səbəblə, hər an ümidsizliyə qapıla bilərlər. İman edənlər sonsuz güc sahibi olan Rəbbimizə olan etibarlarına görə, ən çətin anlarda belə ürəklərində güclü bir ümid bəsləyirlər. Həmişə ümidli ola bilən kəs isə, ümidsizlik və pessimizmin səbəb olduğu stress, sıxıntı və bunların səbəb ola biləcəyi səhhət pozğunluqlarından və fiziki pozğunluqlardan da qorunmuş olar. Yorğun və sönük ruh halından uzaqlaşıb canlı və diri bir görünüşə sahib olar. Bu canlı və diri ruh halı onun hərəkətlərinə də əks olunar; onu şən, rahat, normal və sabit bir quruluşa qovuşdurar.
Ümidinin qaynağı sonsuz güc sahibi Allah olan bir kəs, ümidini və buna bağlı olaraq hiss edəcəyi hüzuru və sevinci Allahın izni ilə heç vaxt itirməyəcək.