Sevgi Allahın insanlara verdiyi ən böyük nemətlərdən biridir. Hər insan həyatı boyu çox sevdiyi, güvəndiyi, yaxın hiss etdiyi adamlarla birlikdə olmaq istəyir.
Allahın verdiyi nemətlərin bir çoxu əsl dəyərini həqiqi sevgilərin və dostluqların yaşandığı mühitdə tapır. Məsələn, gözəl mənzərələrdən zövq alan bir insan hiss etdiyi həyəcanı sevdiyi insanla bölüşmək istəyir. Eyni ilə ən möhtəşəm ziyafət süfrəsi və ya ən gözəl, ən dəbdəbəli ev belə tək-tənha olan bir insana çox da cəlbedici gəlməyə bilər. Çünki Allah insan xilqətini sevməkdən və sevilməkdən zövq alacaq, dostluqdan və yaxınlıqdan xoşlanacaq şəkildə yaratmışdır. Quran əxlaqını yaşayan insanlarla bir yerdə olmaq, onlarla dostluğu və sevgini yaşamaq isə iman gətirən insana bir çox nemətlərdən daha artıq zövq verir.
Bu səbəblə Allahın sevdiyi və varı olduğu qullarına vəd etdiyi cənnət, həqiqi sevginin, dostluğun və yaxınlığın son ana qədər böyük bir coşqunluqla yaşanacağı qeyri-adi bir gözəllikdə olan bir yerdir. Allahın Quranda cənnət həyatına dair verdiyi xəbərlərdə həmişə sevinc, dostluq, sevgi, məhəbbət, gözəl söz və rahatlıqdan bəhs edilir. Sevgi və dostluğa mane olacaq hər şey cənnətdəki insanlardan uzaq tutulmuşdur.
Məsələn, Allah bir ayəsində cənnətə gedəcək möminlərin qəlbində kin-küdurətdən nə varsa, hamısının çıxarılacağını bildirmişdir ("Əraf" surəsi, 43). Qısqanclıq, düşmənçilik, rəqabət, qəzəb, paxıllıq, laqeydlik kimi sevgiyə və dostluğa mane olan bütün pis xüsusiyyətlər cənnətdən kənarda qalacaqdır.
Cənnətdə yaşayacaq müsəlmanların mühüm xüsusiyyətlərindən biri onların dünya həyatında ikən bütün peyğəmbərləri, Allaha iman gətirən, səy göstərən hər saleh insanı və keçmişdə yaşamış bütün müsəlmanları çox sevmələridir. İman edənlər Allahın rizasını qazanmaq üçün çalışan bütün saleh möminlərlə yaxınlıq edər, onları özlərinə yaxın bir dost və hami hesab edərlər. Hər hansı bir işdə qeyd-şərtsiz onlarla birlikdə olmaqdan böyük zövq alarlar, bütün müsəlmanlara sədaqətlə bağlanar. Allah möminlərin qəlblərindəki imandan, Allah qorxusundan qaynaqlanan bu gözəl sevginin və Rəbbimizə ürəkdən bağlılıqlarının əvəzində onları sevginin və sədaqətin ən gözəl məkanı olan cənnətlə mükafatlandıracaqdır.
"Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, rüku edərək namaz qılır və zəkat verirlər"
Möminlərin qəlblərindəki sevginin əsl qaynağı isə Allaha olan dərin sevgiləridir. Möminlər Allahı çox sevirlər və həyatlarının hər anında Allahın sevgisini və rizasını qazanmaq üçün ciddi bir cəhd göstərirlər.
Allah bütün insanları yoxdan var etmişdir. İnsan bir heçlik ikən Allahın rəhmi sayəsində bir can sahibi olmuşdur. Qullarına bu dünyada sığınacaq verən, çeşid-çeşid yeməklər, meyvələr yetirən, min bir cür çiçəklərlə, sevimli heyvanlarla bizə zövq verəcək mənzərələr yaradan, günəşdən suya, havadan vitaminlərə qədər ehtiyacımız olan hər şeyi qüsursuz var edən, kosmosun boşluqlarında minlərlə kilometr sürətlə yol gedən yeri hər an təhlükəsiz saxlayan, Rəhman, Rəhim və sonsuz mərhəmət sahibi olan Rəbbimizdir. Allahın nemətlərini, Onun hər şeyə güc verdiyini və bütün kainatın tək hakimi olduğunu, hər şeyi ən gözəl və xeyirli şəkildə yaratdığını düşünən hər möminin Allaha olan sevgisi daha da güclənər. Allahı sevən və Allahdan qorxan bir insan Onun hüdudlarını böyük bir həvəs və istəklə qoruyar; Allahın hər əmrini qüsursuz yerinə yetirmək üçün böyük bir tələbkarlıq göstərər, Allahın razılığını, sevgisini, rəhmətini və cənnətini qazanmaq üçün həyatı boyu var gücü ilə çalışar.
"Hər kəs Allahı, Onun Peyğəmbərini və iman gətirənləri özünə dost tutsa şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir"
Allahı çox sevən, Allahdan qorxan, Allahın ondan razı qalması üçün səmimi bir cəhd göstərən hər mömin dünyaya gözəllik qazandıran xeyirli insanlardandır. Allahı sevən insan Allahın yaratdıqlarını da sevər, onlara qarşı şəfqət və mərhəmət hissi duyar, onları qorumaq, onlara xeyir və gözəllik gətirmək istəyər. Dünyanın ən xeyirli, ən yüksək əxlaqlı insanlarından olan Allahın elçiləri də ətraflarındakı insanları sevgiyə və yaxınlığa dəvət etmişlər:
Allah iman gətirib saleh əməllər görən bəndələrinə bu şəkildə müjdə verməkdədir:
"Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. De: "Mən sizdən bunun müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının savabının artırarıq!" Həqiqətən, Allah bağışlayandır, qədirbiləndir!"
İnsanların bir qismi Quran əxlaqını bilmədikləri, Allahı lazımınca tanıyıb ona şükür etmədikləri üçün sevgidən və dostluqdan məhrum qalaraq, bezdirici, yarı əzab içində bir həyat yaşayırlar. Bu insanlar arasında ən dəbdəbəli görünən həyatı yaşayanlar belə əslində həqiqi xoşbəxtliyi və rahatlığı tapa bilmirlər. İmanı yaşamayan bu insanlar üçün sevgisiz, dostsuz və tənha yaşanan bir həyatın heç bir anı mənalı və gözəl deyildir. Allah sevgisizliyi iman gətirməyənlərə dünyada və axirətdə nankorluqlarının və iman gətirməmələrinin əvəzi olaraq verir. Bu insanlar həqiqi mənada nə sevərlər, nə də sevilərlər. Allaha şərik qoşaraq yaşadıqları sevgi isə həqiqi sevgi deyildir və onlara daima ümidsizlik, bədbəxtlik və kədər gətirər.
Allahın Quranda bildirdiyi kimi tənhalıq və dostsuzluq cəhənnəmə xas olan bir xüsusiyyətdir:
"Çünki o, böyük olan Allaha inanmırdı. O yoxsulu yedirtməyə rəğbət oyatmırdı. Bu gün bax burda onun yaxın bir dostu yoxdur"
Bu rəhbərin məqsədi inananlara, sonsuz rəhmət sahibi olan Rəbbimizə, Allahın yaratdıqlarına və möminlərə olan sevginin əhəmiyyətini xatırlatmaq, Allahı inkar edənlərə məxsus bir xüsusiyyət olan sevgisizliyin bir insan üçün nə qədər böyük bir bəla və əzab olduğunu göstərməkdir. Hər mömin bu hala düşməkdən çəkinməli, cənnət sevgisini dünyada ikən yaşamağa başlamalı, yeganə dost və himayəçi olan Rəbbimizə və möminlərə sevgi və vəfa ilə bağlanmalıdır.