B ir cəmiyyətin rahat, hüzurlu və xoşbəxt həyat yaşaya bilməsinin tək yolu, Quranda təsvir edilən həqiqi mərhəmət anlayışının o cəmiyyətin insanları tərəfindən yaşanmasıdır. Quranda bildirilən bu model yaşanmadığı müddətcə insanlar hansı yola əl atırlarsa atsınlar qarışıqlıqdan, narahatlıqdan və ədalətsizlikdən qətiyyən xilas ola bilməzlər. Çünki mərhəmətin olmadığı yerdə zülm vardır. Zülmün hökm sürdüyü bir cəmiyyətdə ortaya çıxan model isə, insanların həm maddi, həm də mənəvi cəhətdən ciddi zərərlərə uğramasına səbəb olur.
Necə ki, hal-hazırda dünyanın dörd bir tərəfində yayımlanan xəbər proqramlarının əsas mövzusu, insanların məruz qaldığı zülm növləridir. Aclıqdan ölən, uşaqlarını yaşatmaq üçün yardım istəyən, haqsızlığa uğrayan, əzilən, yaşayacaq ev tapa bilmədiyi üçün çadırlarda yaşayan, intihar edən, hücuma məruz qalan, bir-birlərini öldürən, şikəst qoyan, döyən, müharibə edən insanların sayı hər ötən gün artır. Bu qarışıqlığın əsas səbəbi imansızlığın səbəb olduğu zalımlıq və mərhəmətsizlikdir.
Allah qorxusuna və Allah sevgisinə əsaslanan, Qurana uyğun mərhəmət olmadıqda, geriyə insanları pislik etməkdən çəkindirəcək heç bir səbəb qalmaz. Mərhəmət duyğusunun tam mənasıyla yaşanmadığı cəmiyyətdə qadının döyülməsinin, uşaqların incidilməsinin, kasıblıq qorxusuyla öldürülmələrinin, küçəyə atılmalarının, oğurluq üçün yol kəsən, evlərə girərək ev sahiblərini öldürən insanların çoxalmasının və daha bunun kimi bir çox hadisənin qarşısında heç bir maneə qalmaz.
Quran əxlaqına uyğun mərhəmətin yaşanmadığı cəmiyyətdə zəngin olan kasıbı qorumaz, haqsızlığa uğrayanın haqqı müdafiə olunmaz, evsiz-eşiksiz qalan insana sığınacaq verilməz. Hər hansı bir mənfəət olmadığı müddətcə kimsə başqası üçün özünü çətinliyə salmaz. Biri küçədə ac yaşayarkən, onun ətrafındakı insanlar yüzlərlə adamın doya biləcəyi yeməkləri zibilə atmaqda heç bir problem görməzlər. İnsanlar bir-birlərinin malını haqsız yerə yeməkdən, saxtakar üsullara üz tutmaqdan, başqalarının hüquqlarını istismar edərək pul qazanmaqdan çəkinməzlər.
Yenə belə bir cəmiyyətin insanları şahid olduqları saxtakarlıqlara, ədalətsizliklərə və haqsızlıqlara qarşı mübarizə aparmaz və səslərini çıxarmazlar. Başqaları üçün özlərini yormağa ehtiyac duymaz, hətta başqalarının problemlərini həll etməyin böyük ağılsızlıq olduğuna inanarlar. Heç kimin kiməsə qarşı özünü məsul hiss etmədiyi, heç kimin kimisə qorumaq üçün özünü risk altına atmadığı və heç kimin səhvlərə, haqsızlıqlara qarşı səsini çıxarmadığı bir mühit yaranar.
Zalım və mərhəmətsiz olanlar, zəif və gücsüz olanları istədikləri kimi əzərlər. Qurana uyğun mərhəmətin və din əxlaqının yaşanmadığı mühitdə həmişə hüzursuzluq, çətinlik və zülm hakimdir.
Ancaq unutmamaq lazımdır ki, mərhəmətsizlik ilk əvvəl insanın özünə zərər verir. Vicdanı ona mərhəməti əmr etdiyi və doğru olanı göstərdiyi halda bu səsi boğub, zalımlığı seçən insan heç vaxt həqiqi mənada daxili rahatlıq tapmaz. Çünki vicdanı onu narahat edər və içində vicdan əzabı ilə yaşamasına səbəb olar. Hər köməyə möhtac insan gördüyündə, özünün imkanı olduğu halda bu insanlara kömək etmədiyi və onları bu həyata tərk etdiyi ağlına gələr.
Yenə eyni şəkildə hər eqoistlik etdiyində vicdanı bunun səhv olduğunu deyərək onu narahat edər. Vicdanın bu təzyiqindən və verdiyi narahatlıqdan xilas olmanın tək yolu isə, onun səsini dinləmək və dediyini etməkdir. Çünki vicdan Allahın rizasına və Qurana uyan bir gücdür. İnsan ancaq vicdanının səsini dinlədiyində hüzurlu olacaq şəkildə yaradılmışdır.
İnsanlar mərhəmətsiz davranışlarını nə qədər unutmağa, yaddaşlarından silməyə çalışsalar da, etdikləri ədalətsizlik və haqsızlıqları hər nə qədər görmək istəməsələr də, vicdanları bu zülmləri onlara daim xatırladar.
İslam əxlaqının mənimsənildiyi bir cəmiyyətdə isə həm maddi, həm də mənəvi baxımdan böyük hüzur ortaya çıxar. İnsanlar köməyə ehtiyac duyduqda, ətraflarındakı şəxslərdən mütləq şəkildə yardım alacaqlarını bilirlər. İmkanlı şəxslər kasıblara, evsiz və ehtiyac içində olanlara dəstək göstərərlər. Kiçik yaşlı uşaqlar sevgi və diqqət gördükləri sağlam mühitlərdə böyüyərlər. Güclü olan fərdlər, zəif hesab etdikləri insanları əzməzlər. Heç kim başqasının haqqına müdaxilə etməz. Maddi bərabərsizliklər və ondan qaynaqlanan haqsızlıqlar tamamilə aradan qalxar. Zalımlar getdikcə azalar və zülm aradan qalxar. Heç kim maddi imkansızlıq səbəbilə sağlam, təmiz və rahat bir yaşayış mühitindən məhrum qalmaz.
Göründüyü kimi, dinsizliyin yaratdığı qarışıqlıq və zülm mühitindən çıxışın yeganə yolu, Allahın Qurani-Kərimdə öyrətdiyi və Peyğəmbərimiz-in tövsiyə etdiyi mərhəmət anlayışını tam şəkildə mənimsəyib həyata keçirməkdir.
Zülmdən mərhəmətə yönəlmək, insanın daxilində verəcəyi sadə bir qərar və niyyət dəyişikliyinə bağlıdır. Bu səmimi niyyət dəyişikliyindən sonra insan, həm dünyada, həm də axirətdə gözəl və mənalı bir həyat yaşayacaq, Quran əxlaqını yaşamağın gətirdiyi dərin mənəvi rahatlıq və gözəlliyi hiss edəcək. Eyni zamanda, Allah Quranda bildirmişdir ki, Quran əxlaqına yönələn və zülmü tərk edən şəxslərin keçmiş günahlarını bağışlayacaqdır:
“Kim etdiyi (bu) haqsız əməldən sonra tövbə edib özünü islah edərsə, şübhəsiz, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.”