Qətiyyət, hər hansı bir məqsədə çatmaq üçün maneə və çətinliklərə baxmayaraq, əzmli şəkildə edilməli olanları əksiksiz yerinə yetirməkdir. Bu mənada qətiyyət möminlərin həyatları boyu ehtiyac duyduqları və onlara Allahın rizasını qazandıran əsas əxlaqi xüsusiyyətlərdən biridir. Allah aşağıdakı ayədə möminləri ibadətlərində qətiyyətli olmaları barədə xəbərdar etmişdir:
O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbrli ol! Heç Ona oxşarını tanıyırsanmı?!
Allah Quranda, Ona inanan möminlərin həyatları boyu uymaları lazım olan bütün əmr və qadağaları bildirmiş və dünya həyatında yaşamalı olduqları imani kamilliyi və əxlaqi xüsusiyyətləri onlara açıqlamışdır. Hər müsəlman Qurandan məsul olduğunu və Allahın rizasını qazanmanın vacibliyini bildiyi üçün Allahın ona endirdiyi bütün əmr və qadağalara tabe olar və bu dünyada cənnətə layiq bir əxlaqa çatmağa çalışar. Möminlər Allaha ən gözəl şəkildə qulluq edərək Allahın razı olacağını umduğu düşüncə və davranışlarda olar.
Allah Quranın bir çox ayəsində möminlərin etməli olduqları ibadətləri bildirmişdir. Möminlər bu barədə əsla tənbəllik göstərməzlər. Bütün ibadətləri sevərək və şövqlə ən gözəl tərzdə yerinə yetirərlər. Allah möminlərin bu mövzudakı qətiyyətlərini Quranda belə xəbər vermişdir:
O kəslər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar.
Möminlər Allahın “Onların nə əti, nə də qanı, Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız deyə, bu heyvanları sizə beləcə ram etdi. Sən isə yaxşılıq edənləri müjdələ! (Həcc surəsi, 37) ayəsində bildirildiyi kimi, etdikləri ibadətləri Allah qatında əsl dəyərli edənin onların qəlblərindəki niyyət olduğu bildirilir. Bu səbəbdən də, ixlas və səmimiyyətlə hərəkət etməyə çox diqqət edirlər.
Möminlər ibadətlərindəki bu qətiyyəti Allahın razı olduğu və ayələrdə tərif etdiyi üstün əxlaqa çatmaq üçün göstərirlər. Möminlərin bu barədə göstərdikləri qətiyyət və qərarlılıq gözəl əxlaqı yaşaya bilmək üçün öz nəfslərinə qarşı verdikləri səmimi mübarizədən də aydın olur.
Allah dünya həyatındakı imtahanın tələbi olaraq insana iki yol göstərmişdir: doğru və yanlış yol. Möminlər həyatları boyu gözəl əxlaq göstərə bilmək üçün nəfslərindəki bu yanlış yola düşməkdən çəkinirlər. Məsələn, mömin əsəbləşəcəyi hər hansı bir halla qarşılaşdıqda qətiyyət göstərərək əsəbini boğar və bağışlayıcı olar. Təkəbbürlü biri ilə qarşılaşdığında ona eyni tərzdə qarşılıq verməz, qətiyyət göstərər və təvazökarlığını qoruyar. Rəbbimiz Quranda “Doğrusu, nəfslər qısqanclıq və eqoistlik etməyə hazırdır” (Nisa surəsi, 128) deyə buyurmuş və nəfsimizin eqoist istəklərinə qarşı diqqətli olaraq gözəl əxlaqda qətiyyət göstərməyimizi əmr etmişdir. Allahın bildirdiyi əxlaqı yaşayan insan comərd, paylaşmağı sevən və özündən çox insanları düşünən birinə çevrilər. Hər şəraitdə qətiyyətini qoruyar və ətrafındakılara hər zaman sözün ən gözəlini söyləyər.
Möminlər Quran əxlaqına böyük hörmətlə bağlıdırlar. Həyatları çətinlik və sıxıntı içində keçsə də, bolluq və rifah içində yaşasalar da, Quran əxlaqından əsla geri addım atmazlar. Allah Quranda “O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz Allaha məxsusuq və Ona da qayıdacağıq!”–deyirlər (Bəqərə surəsi, 156) ayəsi ilə bildirdiyi kimi, Allaha olan bağlılıqlarını və təslimiyyətlərini heç bir zaman itirməzlər. Möminlərin bu şəkildə hərəkət etmələri onlara güclü xarakter qazandırdığı kimi, imanlarını da kamilləşdirir. Allah Quranda iman edənlərin bu üstün əxlaqını və Allaha olan sədaqət və təslimiyyətlərini bu şəkildə tərifləmişdir:
Yaxşı işlər görərək Allaha təslim olan və hənif olaraq İbrahim dininin ardınca gedən şəxsdən din baxımından daha gözəl kim ola bilər? Allah İbrahimi sevimli dost tutmuşdur.
Allah Quranda dininə təslim olan İbrahim Peyğəmbəri tərifləmiş və onun dostu olduğunu bildirmişdir. Allah möminlərin hər şəraitdə dəyişməyən təslimiyyətli davranışları və Ona bağlılıqlarını Quranda belə xəbər vermişdir:
Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir.
Möminlərin Quran əxlaqını yaşamadakı qətiyyətlərini göstərən bir digər əlamət də Allah rizasını qazanmaqda qətiyyətli davranmalarıdır. Möminlər daim Allahın rizasını qazanmağı düşünür və bunun üçün saleh əməllər edirlər. Allahın sevdiyi və rəhmət etdiyi bir qul olmağı qəlbən arzulayırlar. Həyatları boyu Allahı vəkil tutar, din əxlaqını yalnız Allah üçün yaşayarlar. Möminlərin heç bir zəifliyə qapılmadan daim imanlarını artırmağa çalışmaları Allaha duyduqları sədaqətin onlara böyük qətiyyət qazandırdığını göstərir.
Axirət üçün “ciddi səy” göstərərlər Möminlərin Allahın rizasını və cənnətini qazanmaq üçün həyatları boyu “ciddi səy” göstərmələri onların Allaha olan sədaqətlərinin sübutudur. Rəbbimiz Quranda möminlərə Allahın rizasını və axirətini qazanmaq üçün “ciddi səy” göstərməklə məsul olduqlarını buyurmuşdur. Möminlər həm öz nəfslərini imani cəhətdən kamilləşdirmək, həm də Allahın Quranda təsvir etdiyi gözəl əxlaqı insanlara anlatmaq üçün “ciddi səy” göstərərlər. Möminlərin göstərdikləri cəhd onların Allaha olan təslimiyyətlərinin verdiyi güc və əzm sayəsində ortaya çıxır. Allaha qarşı duyduqları iman nə qədər güclü olarsa, Allahın onların qəlblərinə verəcəyi şövq və həyəcan da o qədər qüvvətli olacaq. Allah Quranda möminlərə Onun yolunda ciddi səy göstərmələrini belə bildirmişdir:
Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar.
Beləliklə, möminlər öz nəfslərini Allahın razı olacağı hala salmaq üçün ciddi səy göstərərlər. İnkar edən bir kimsənin iman etmədiyi müddətcə öz nəfsi ilə mübarizə aparması və bunda həyatı boyu qərarlı olub ciddi səy göstərməsi mümkün deyil. İnsanların bir qismi həyatlarını Quran əxlaqından uzaq, tamamilə öz istək və həvəslərinə görə yaşayarlar. İçlərindəki bu istəkdən əsla əl çəkmədikləri üçün Allahın rizasına görə həyat yaşamağa çalışmazlar.
Nəfsin, iman etməyən insanlar üzərindəki məcburedici təsirinin olduğunu bildikdən sonra möminlərin öz nəfsləri ilə apardıqları mübarizənin böyüklüyü də ortaya çıxır. İnkar edənlər öz nəfslərinin istəklərinə məğlub olduqları halda, möminlər Allaha iman gətirdikləri və Ona qəlbən bağlı olduqları üçün nəfsləri ilə ən gözəl şəkildə mübarizə aparacaq güc və istəyə sahibdirlər. İnsanın öz həvəs və istəklərinə görə yox, sadəcə Allahın istədiyi şəkildə hərəkət etməyə çalışması, şübhəsiz ki, sadəcə Rəbbimizə qarşı qəlbən duyulacaq bağlılıqla mümkündür. Möminlər, Allahın “Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur.” (Maidə surəsi, 105) ayəsinin hökmünə əsasən, dünyadakı ən böyük məsuliyyətlərindən birinin öz nəfsələrini tərbiyə etmək olduğunun fərqindədirlər. Həyatları boyu daim pisliyi əmr edən və Allahın rizasından uzaqlaşdırmağa çalışan bu azğın güclə mübarizə aparırlar. Nəfslərinin aldanışlarına qarşı diqqətləri tam açıq olduğundan Allahın rizasına uyğun olmayan hərəkətlərdən şiddətlə çəkinərlər. Məqsədləri Allahın rizasını qazanmaq olduğundan Allahın, “İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı şəfqətlidir” (Bəqərə surəsi, 207) ayəsi ilə bildirildiyi kimi, öz nəfslərini arxa planda tutaraq daima Allahın rizasına uyğun hərəkət edərlər. Möminlərin nəfslərini Allahın razı olacağını umduqları bir hala gətirmək üçün göstərdikləri bu səmimi və təslimiyyətli səy Allaha qarşı bir ömür boyu qətiyyətlə göstərdikləri sədaqətin gözəl nümunəsidir. Möminlər bu yolda hər zaman qazanclıdırlar. Allah onları öz rəhməti və köməyi ilə dəstəkləyir və hər işlərini də xeyirlə sonlandırır.
Möminlər nəfslərinə qarşı göstərdikləri ciddi səylə yanaşı Allahın seçib bəyəndiyi, insan üçün ən uyğun həyat tərzi olan İslam əxlaqını insanlara anladaraq yaymaq və beləliklə, dünya üzərində fitnə və fəsadın sona çatması üçün də böyük cəhd göstərərlər.
Tarix boyu inkar edənlər haqq dinlərə, bu səbəbdən də, möminlərə və peyğəmbərlərə qarşı olmuşlar. Onların fəaliyyətlərinin qarşısını almağa və müxtəlif böhtanlar ataraq onları insanların gözündə alçaltmağa çalışmışlar. Hətta onlara fiziki hücumlar etmiş və güc tətbiq etməkdən də geri qalmamışlar. İman gətirənlər və peyğəmbərlər yer üzündə sülh və əminamanlığı bərqərar etmək, inkar edənlərin fikri və fiziki hücumlarının qarşısını almaq üçün çox böyük cəhd göstərmiş və bu yolda çətinlik və əks hücumlara məruz qalmışlar. Müxtəlif böhtanlar atılaraq olduqları şəhərdən sürgün edilmişlər. Ancaq bütün bu çətinliklərə baxmayaraq, Quran əxlaqını yaşamaqdan əsla geri dönməmiş, qınanmaqdan qorxmamış və haqsız yerə edilən təyziqlərdən təsirlənməmişlər.
Çətinliklər iman edənləri heç bir zaman zəiflətməmiş, əksinə, daha şövqlü və güclü hala gətirmişdir. Onlar Allahın “Yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin. Allaha qorxu və ümidlə yalvarın. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır” (Əraf surəsi, 56) ayəsi ilə bildirdiyi kimi, yer üzündə ədalət, hüzur və xoşbəxtliyin bərqərar olması üçün heç bir fitnə və fəsada yer olmadığının fərqindədirlər. Bunun sadəcə Quran əxlaqının yaşanması ilə reallaşa biləcəyini bildikləri üçün Quran əxlaqını insanlara anlatmaq üçün səmimi şəkildə cəhd edərlər.
Peyğəmbərimiz də “Möminin tərəzisində ən ağır basacaq şey gözəl əxlaqdır. Mütləqdir ki, Allah Təala işi və özü çirkin olan və həyasızca danışan kimsəni sevməz” və "Ruhumu qüdrəti altında saxlayan Rəbbimə and olsun ki, cənnətə sadəcə gözəl əxlaq sahibləri girər” hədisi ilə gözəl əxlaqın əhəmiyyətinə diqqət çəkmiş və möminləri bu barədə səmimi cəhd etməyə dəvət etmişdir.
Allahın və Peyğəmbərimiz-in gözəl əxlaq barədə tövsiyələrini bilən möminlər həm öz nəfslərinə qarşı mübarizə aparmaq, həm də Quran əxlaqını insanlara anlatmaq üçün ciddi qətiyyət göstərirlər. Onların bu yolda bütün həyatlarını və sahib olduqları hər şeyi fəda edə biləcək qətiyyət göstərmələri ancaq Qurana möhkəm sarılmaları və Allaha qarşı sədaqət və bağlılıq duyğusu içində olmaları ilə mümkün ola bilər. Allah Quranda möminlərin Allaha verdikləri sözü tutaraq Ona olan sədaqətlərini sübut etdiklərini belə bildirir:
Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir. Onlar (əhdlərini) əsla dəyişdirməyiblər. (Bu ona görədir) ki, Allah doğru danışanları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də ya istəsə əzab versin, ya da onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.