Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quranda sədaqət: Sədaqət göstərmək üçün mütləq üstünlük görmək istəyərlər

Mündəricat
  1. Giriş
  2. Cahil Cəmiyyətin Yanlış Sədaqət Anlayışı
  3. Atalarının dininə sadiqdirlər
  4. Sədaqət göstərmək üçün mütləq üstünlük görmək istəyərlər
  5. Sədaqət göstərə bilmələri müəyyən şərtlərə bağlıdır
  6. Sədaqətin Əhəmiyyəti
  7. Sədaqətin Açarı: Allah Sevgisi və Allah Qorxusu
  8. Allah qorxusu
  9. Möminlər Allaha sadiqdirlər
  10. Allah yolunda “doğru” istiqamətdədirlər
  11. Allaha ibadət etməkdə qətiyyət göstərərlər
  12. Peyğəmbərə sadiqdirlər Peyğəmbərin Allahın elçisi olduğuna iman edərlər
  13. Peyğəmbərə itaət edərlər
  14. Qurana sadiqdirlər
  15. Quranda Möminlərin Göstərdikləri Sədaqət Nümunələri
  16. Fironun ailəsində imanını gizlədən insan
  17. Hicrət edən möminlər
  18. Nəticə

Quran əxlaqından uzaq yaşayan cəmiyyətlərdə insanların çox əhəmiyyət verdikləri, həyatları boyunca əldə etmək üçün böyük səy göstərdikləri bəzi sosial dəyərlər və ölçülər var. Bunlardan ən mühüm olanları karyera sahibi olub cəmiyyətdə nüfuzlu mövqeyə sahib olmaq, bütün insanların tanıdığı, izlədiyi nümunəvi insan olmaq və zəngin olub lüks həyata sahib olmaqdır. Bunlara sahib olan insanlar cəmiyyət tərəfindən təqdir edildiyi üçün hər kəs bu xüsusiyyətlərə sahib olmaq və insanlar arasında yaxşı mövqe əldə etmək məqsədini güdür. Çünki bu düşüncəyə görə ən məqbul insan ən zəngin insandır, ən ağıllı insan karyera qurmuş insandır, ən təqdir ediləcək insan hər kəs tərəfindən tanınan və bəyənilən insandır. Bu yanlış düşüncə tərzinin nəticəsində də bir qisim insanlar aralarındakı münasibətləri, birbirlərinə olan fikirlərini, hörmət və bağlılıq anlayışlarını bütün bu sadaladığımız dəyərlər üzərində qururlar. Buna görə də bir insanı qiymətləndirərkən, ümumiyyətlə, ilk nəzər yetirilən şeylər, o insanın nə qədər pulu və ya var-dövləti olduğu və ya etibar sahibi bir insan olub-olmamasıdır. Bu səbəbdən, cəmiyyətdə bunlara ən çox kim sahibdirsə, ən çox hörmət edilən, təqdir edilən, hər mövzuda söz sahibi olan və ən çox qorunan da o insan olur.

Bütün bu sadaladıqlarımıza sahib olan bir insan digər insanlar tərəfindən hər yerdə hörmətlə qarşılanır və marağa səbəb olur, sözləri və ya düşüncələri yanlış olsa belə, doğru qəbul edilir. Buna görə də, bu insanlara xüsusi hörmət, sevgi və bağlılıq hissi duyulur. Bu insan ideya insanıdırsa, hər kəs onun əsərlərini oxuyur. Onun söylədiklərini və yazdıqlarını araşdırmadan, sorğulamadan dərhal qəbul edirlər. Böyük hörmətlə qarşılanır, müdafiə edilir və izlənilir. Bu insana heç bir məlumata əsaslanmadan mənasız bağlılıq və sədaqət duyulur. Tanınmış və şöhrətli insanlar üçün də eyni şey keçərlidir. İnsanların böyük qismi onlara heyrandır. Onlar hara getsələr, heç vaxt tək qalmır, hər zaman dəstək görürlər.

Bütün bu izah edilənləri bir yerə topladıqda qarşımıza belə bir mənzərə çıxır; cəmiyyətdə öndə gedən, insanların çox əhəmiyyət verdikləri, mal-mülk, şan-şöhrət və müəyyən vəzifə sahibi insanlar və onları dəstəkləyib müdafiə edən və heç bir zaman tək buraxmayan bir çox insan. Bunun səbəbi isə, insanların sədaqət duyub bağlanmaları üçün qarşılarındakı insanlarda mütləq özlərinə görə bir üstünlük ünsürü görmək istəmələridir. Əsrlər boyunca insanların bu yanlış düşüncələri heç dəyişməyib. Guya soylu olan və maddi gücünə görə hörmət görən insanlar dikbaş və zalım xarakterə sahib olsalar belə, cəmiyyətlərini idarə etməyi bacarmışlar. Sədaqət və bağlılıq anlayışları bir neçə müvəqqəti dünyəvi dəyərə görə formalaşmış bəzi insanlar üçün mühüm olan doğrunu və gözəli tapmaq deyil, yalnız bu maddi dəyərləri əldə edə bilməkdir. Bu səbəbdən, bu dəyərlərə sahib olanlar hər kəs tərəfindən ən bilikli, ən ağıllı, ən qabiliyyətli, qısacası, ən ideal insanlar olaraq qəbul edilirlər.

Məhz Allahın insanlara yol göstərici olaraq göndərdiyi peyğəmbərlər də yaşadıqları cəmiyyətləri Allahın yoluna tabe olmağa dəvət edib onları Allaha və elçilərinə sədaqət göstərməyə çağırdıqda inkar edənlərin çirkin və üsyankar davranışları ilə qarşılaşmışlar. Bu, cahil düşüncədə olan insanların elçilərə böyük vəzifənin verilməsində zənginlik, var-dövlət, etibar və ya mövqe sahibi olmaq kimi üstünlük ünsürü axtarmalarından irəli gəlir. Elçilərin sözlərinə inanmaq və çağırıldıqları haqq dinə tabe olmaq üçün üstünlük ünsürü olaraq onlardan möcüzələr istəmişlər. Allah inkar edənlərin bu gözləntilərini Quranda belə bildirir:

Onlar dedilər:

“Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik; və ya ortasından şırıl-şırıl çaylar axıdacağın xurma və üzüm bağın olmayınca; yaxud, iddia etdiyin kimi, göyü parça-parça üstümüzə yağdırmayınca; və ya Allahı və mələkləri qarşımıza gətirməyincə; yaxud qızıldan bir evin olmayınca; və ya göyə qalxmayınca (biz sənə inanmayacağıq). Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayacağıq”. De: “Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız elçi (göndərilmiş) bir insanam”.

İsra surəsi, 90-93

Allah Quranda Peyğəmbərimiz-in, iman gətirməmək üçün bəhanələr axtaran bu səmimiyyətsiz insanların onlardan istədikləri möcüzələr qarşısında belə cavab verdiyini bildirir:

“…sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram…”

Ənam surəsi, 50

Göründüyü kimi, bu insanlar sözlərini təsdiqləmələri üçün peyğəmbərlərdən bir insanın güc yetirə bilməyəcəyi möcüzələri tələb etmişlər. Öz yararsız məntiqlərinə görə, kiməsə tabe olmaları və onun sözünü dinləmələri üçün həmin insanın cahillik ölçüləri baxımından özlərindən mütləq daha üstün olması lazımdır. Bu səbəbdən, Allahın “Onlar dedilər: “Nə üçün bu Quran iki şəhərdən birinin böyük bir adamına nazil edilmədi?” (Zuxruf surəsi, 31) ayəsi ilə bildirdiyi kimi, özlərinə göndərilən elçilərə bu cür böyük məsuliyyət verilməsini “təəccüb”lə qarşılamışlar. Sadəcə buna görə, Allahın peyğəmbərlərini inkar etmiş və çətinlik yaradaraq onların insanları doğru yola çatdırmalarına mane olmağa çalışmışlar. Allah Quranda insanların bu rəftarları ilə bağlı belə bir nümunə vermişdir:

Peyğəmbərləri onlara dedi:

“Allah Talutu sizə hökmdar təyin etdi!” Onlar dedilər: “O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir”. O dedi: “Allah sizin üzərinizə onu (hökmdar) seçdi, elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah (hər şeyi) Əhatə edəndir, Biləndir”.

Bəqərə surəsi, 247

Bu insanlar onları idarə edəcək peyğəmbərlərdə cahillik dəyərlərinə görə üstünlük ünsürü axtarırlar. Bu da onların Allahın peyğəmbərlərə verdiyi “elm və bədən üstünlüyü”nü görüb anlamalarına mane olmuşdur. Peyğəmbərlərin nə qədər dəyərli və üstün insanlar olduqlarını qavraya bilmədikləri üçün onların çağırışlarına həmişə üz çevirmişlər. Allah aşağıdakı ayədə bu insanların peyğəmbərlərə sadəcə bu səbəblə inanmadıqlarını belə bildirmişdir:

“İnsanlara doğru yolu göstərən rəhbər gəldiyi zaman onların iman gətirməsinə ancaq:

“Allah bir insanı mı elçi göndərdi?”– demələri mane oldu.”

İsra surəsi, 94

Bu insanlar peyğəmbərlərə inanmayıb onların yolundan getməmiş və onları mənfəət dalınca qaçmaqla da günahlandırmışlar. Heç bir üstünlüyə sahib olmadığını düşündükləri birinin onun özünə sadiq qalmasını və uyulmasını istəməsi onların fikrinə görə, ancaq üstünlük əldə etmə niyyətindən irəli gəlir. Bu səbəbdən də, inkar edən qövmün zəngin və tanınmış “öndə gələnləri” peyğəmbərləri üstünlük və mənfəət əldə etməyə çalışmaqla günahlandırmış və hər fürsətdə onları haqsız yerə tənqid etmişlər. Fironun, onu Allaha qulluq etməyə dəvət edən Musa Peyğəmbər və qardaşı Harun Peyğəmbərə verdiyi reaksiya bu yanlış düşüncədə olan insanların rəftarını ortaya qoyan nümunələrdəndir. Allah bununla bağlı Fironun Musa Peyğəmbərə yönəlmiş danışıqlarını Quranda belə bildirir:

Onlara Bizim tərəfimizdən haqq gəldikdə:

“Şübhəsiz ki, bu, açıq-aydın bir sehrdir!”– dedilər. Musa dedi: “Əcəba, sizə haqq gəldikdə: “Bu sehrdirmi?” deyirsiniz? Halbuki sehrbazlar uğur qazanmazlar”. Onlar dedilər: “Gəlmisiniz ki, bizi atalarımızın tutduğu yoldan döndərəsiniz və yer üzündə böyüklük etmək ikinizə qalsın? Biz sizə iman gətirən deyilik”.

Yunis surəsi, 76-78

İnkar edənlərin onları doğru və gözəl olana çağıran peyğəmbərlərə verdikləri reaksiya də məhz Fironunkundan fərqli deyil. Sədaqət göstərmələri üçün üstünlük axtarışları bu insanların ağıllarını örtərək onları dünyada və axirətdə qurtuluşa yönəldəcək peyğəmbərlərin çağırışlarını qavramalarına və doğru yola yönəlmələrinə mane olmuşdur.

Həqiqi üstünlük isə ancaq Allaha aiddir. İnsanların ətraflarında gördükləri hər şeyin həqiqi sahibi Allahdır. Əsil sədaqət duyulacaq və səmimi sevgi ilə bağlanılacaq tək varlıq Allahdır. Allah dilədiyi zaman dilədiyi şəkildə göndərdiyi elçilərinə Öz fəzlindən və rəhmətindən bol-bol vermiş və onları zəngin edərək insanların çoxundan üstün etmişdir. Allah Davud Peyğəmbər və Süleyman Peyğəmbəri digər insanlardan üstün etdiyini belə bildirir:

“Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi Öz mömin qullarının çoxundan üstün tutan Allaha həmd olsun!”

Nəml surəsi, 15

İnkar edənlərin bu yanlış düşüncələri əsrlər boyunca onları həmişə Allahın yolundan döndərmişdir. Halbuki, həqiqi sədaqət yalnız Allaha və Onun elçilərinə qarşı duyulan sədaqətdir. Bu batil düşüncədə olan insanlar olduqları vəziyyəti bir an əvvəl tərk etməli, Allahın gücünü və ucalığını təqdir etməyə çalışmalı və əsil sədaqətin ancaq Allaha göstərilməli olduğunu qavramalıdırlar.