Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quranda səbrin əhəmiyyəti: Səbrin İnsana Qazandırdığı Üstünlüklər

Mündəricat
  1. Giriş
  2. Quranda Səbir necə Təsvir Olunur?
  3. Kimlər Gözəl Tərzdə Səbir Edə Bilir?
  4. Möminlərin Səbri
  5. Möminlər Hansı Şeylərə Səbir Edirlər?
  6. Səbrin İnsana Qazandırdığı Üstünlüklər
  7. Səbrin Sirləri...
  8. Möminlərin Səbir Duaları
  9. Nəticə

Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa.

Əsr surəsi, 2-3

Allahın “Əsr” surəsində bildirdiyi kimi, səbri və haqqı bir-birinə tövsiyə edən insanlar bir çox yöndən üstünlük qazanırlar. Səbir insanı kamilləşdirən, ona üstün əxlaq qazandıran, eləcə də dindən uzaq insanlarla müqayisə edilməyəcək dərəcədə gözəl və hüzurlu həyat bəxş edən özəllikdir. Bundan başqa, iman gətirənlərin axirətdə səbrin qarşılığının artıqlaması ilə alacaqları vəd edilmişdir. Dünya və axirətdə yaşadıqları bu üstünlüklərin bəzilərini belə sıralamaq mümkündür:

Səbrin qazandırdığı böyük nemət: ağıl İnsanların ağıllı davranmasına mane olan ən əsas səbəblərdən biri səbirsizlik nəticəsində ani qərarlar alıb yanlış davranmalarıdır. Hirslənmək ağılı örtür və adamı bir anda düşünmədən hərəkət etməyə vadar edir. Bununla yanaşı, qorxmaq, incimək, küsmək kimi hərəkətlər də insana məntiqli və ağıllı düşünməyə imkan vermir. Quranda bildirilən kimi səbirli olmayanlar hər zaman duyğuları ilə hərəkət edib ağıllı olmaqdan tamamilə uzaqlaşırlar.

Möminlər isə Allahın əmrinə tabe olub səbir etdiklərinə görə ağıl kimi böyük neməti qazanırlar. Səbirli adam bu xüsusiyyətinin sayəsində üzləşdiyi hadisələri həyəcan və ya qorxu ilə deyil, sakit və soyuqqanlılıqla dəyərləndirir. Hadisələri dərindən və hərtərəfli düşünərək ən ağıllı qərarlar alır. Ən əhəmiyyətlisi isə mömin səbirli olmaqla Quranın bütün əmrlərini ən gözəl şəkildə tətbiq edir. Səbirli olduğuna görə ömrünün hər mərhələsində bir iş görərkən əvvəlcə Qurandakı tövsiyələri düşünür, sonra hərəkət edir. Qurana tabe olanları Allah doğru yola yönəldir. Beləliklə, səbir edən insan Quranı ən gözəl tərzdə yaşamaqla Qurana tabe olmağın gətirdiyi üstün ağılı qazanır.

Səbir incə düşünməyi və təfərrüatları görməyi təmin edir Səbrli olmağın başqa üstünlüklərindən biri insanlara ilk anda görə bilmədiyi incəlikləri görmək və bu barədə ağıllı düşünmək fürsəti qazandırmasıdır. Səbirsiz insanlar hər şeyin dərhal həll edilməsini istəyir və yalnız öz istəklərini düşünürlər. Bununla, bəlkə də, əhəmiyyətli olan təfərrüatları gözdən qaçırıb yanlış qərarlar alırlar. Bundan başqa, insanların ehtiyaclarını görməyib onların vəziyyətini bilmir, buna görə də düşüncəsiz davranırlar.

Möminlər isə səbirli olduqlarına görə bir məsələni həll edərkən lazımsız yerə təlaşlanmırlar. Çünki təlaş adamın ağlını örtür və doğru düşünməyə, dəqiq qərar almağa mane törədir. Səbirli insan isə təlaşlanmayıb ağıllı hərəkət edir. Buna görə də çox adamın görmədiyi şeyləri asanlıqla görür və doğru hərəkət edir.

Səbir yaxşılıq etməyə səbəb olur

Səbir nəfsinin bir çox pis xüsusiyyətlərini dəf etməkdə, beləliklə, gözəl əxlaq göstərməkdə insana kömək edir. Lakin unutmaq olmaz ki, bu yalnız iman gətirənlərə aiddir. Allahdan qorxmayan və göstərdiyi əxlaqa görə axirətdə cavab verəcəyini unudan insanlar nəfslərinin pis xüsusiyyəti üçün cəhd göstərmirlər. Dünyəvi mənfəətləri olmayanda yaxşılıq etmirlər. Məsələn, bir adamın qayınanası xəstələndiyi üçün onların evində qala bilər və elə şərait yarana bilər ki, o insan da həmin yaşlı adama qulluq etsin. Bu, bir insan üçün səbir tələb edən xeyirli işdir. Lakin Quranda əmr edilən səbir anlayışını qavramayan insan buna ancaq qısa müddət tab gətirər. Sonra deyinməyə və: “Qocalar evinə aparaq, mən baxa bilmirəm”, – deməyə başlayar. Yaxud da din əxlaqından uzaq bir adamın həyat yoldaşı qəza keçirib yatağa düşə və qayğıya ehtiyacı ola bilər. Belə vəziyyətdə ətrafındakılara görə və ya başqa səbəblə bir müddət ona baxar, lakin bu yenə də müvəqqəti xarakter daşıyar. Müəyyən müddətdən sonra çətinliyə səbir etməyib həyat yoldaşını asanlıqla tərk edib gedər. Möminlər isə Allahdan çox qorxurlar və Allah üçün etdiklərinin axirətdə savab olaraq qarşılarına çıxacağını bilirlər. Bu səbəbdən səbirlə gözəl əxlaq göstərir, bunun üçün cidd-cəhd edirlər. Bunun sayəsində də nəfslərinin bütün pis xüsusiyyətlərindən təmizlənirlər.

Səbir ədalətli davranmağa səbəb olur Allah Quranda möminlərə ədalətli olmağı belə əmr edir:

Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah eşidəndir, görəndir.

Nisa surəsi, 58

Möminlər özlərinin və ya yaxınlarının əleyhinə belə olsa, Allahın əmri olduğu üçün ədalət və dürüstlükdən əl çəkməzlər. Onların bu üstün əxlaqa malik olmalarının əsas səbəbi yenə də Qurana tabe olmaqla qazandıqları səbirdir.

İnsan ədalətli olmaq üçün duyğuları ilə hərəkət etməməli, qəzəbinə yenilməməli, kin və intiqam hissi ilə hərəkət etməməlidir. Bunlara səbəb olan şeylərlə qarşılaşdığına görə ciddi şəkildə səbirli olmalıdır.

Allah bunu Quranda belə bildirir:

Ey iman gətirənlər! Allah xətrinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kinküdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.

Maidə surəsi, 8

Səbir inananlara etibar qazandırır Gəlib-keçmiş bütün elçilər qövmlərinə belə demişdir:

Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.

Şüəra surəsi, 143

Elçilərin özlərini belə bir xüsusiyyətlə tanıtmaları etibarlı olmağın insanlar üçün nə qədər əhəmiyyətli bir vəsf olduğunu göstərir. Elçilərin bu xüsusiyyətini digər möminlərdə də görmək mümkündür. Çünki Quranla gələn üstün əxlaq və səbir anlayışı möminlərə etibarlı olmağın bütün xüsusiyyətlərini qazandırır. Səbirli insanlar əvvəlki hissələrdə bildirildiyi kimi, eyni zamanda ağıllı, doğru sözlü, ədalətli olurlar. Nəyi nə zaman edəcəklərini və hadisələrə necə reaksiya verəcəklərini bilirlər. Ən əhəmiyyətlisi isə hər şeydə səbirli olduqlarına görə gözəl xüsusiyyətlərini ömürlərinin sonuna qədər davam etdirirlər. Dünyəvi mənfəətlərə görə Allahın razı olduğu əxlaqı tərk etmirlər. Bütün bu vəsfləri həm bir yerdə, həm də davamlı yaşamaq möminləri insanlar arasında ən etibarlı insanlar edir.

Səbir insana sevinc və hüzur qazandırır Allaha iman gətirməyən insanlar üçün üzülmək, sıxılmaq və ya hüzursuz olmaq adi haldır. Çünki bu insanlar Allahın canlı-cansız hər varlığın hakimi olduğunu, bütün hadisələri hikmətlə yaratdığını, dilədiyi vaxt qullarının dualarına istədiyi kimi cavab verəcəyini və hər şeyi nəzarətdə saxladığını düşünmürlər. Bun görə də görünüşdə işlər tərs gedən kimi o dəqiqə sıxıntıya düşürlər. Quranda inkar edənlərin bu xüsusiyyətindən belə bəhs edilir:

İnsanlara mərhəmət göstərdikdə ona sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir bəla üz verdikdə isə dərhal ümidlərini üzərlər.

Rum surəsi, 36

Möminlər isə inkarçıların əksinə olaraq Allahdan əsla ümidlərini üzmürlər. Çünki Allah sonsuz güc sahibidir və kainatdakı hər şeyin hakimidir. O, iman gətirənlərin dostu, vəlisi və yardımçısıdır. Ona sığınanları qoruyur və rahatlığa çıxarır. Rəbbimizin böyüklüyünü və sonsuz rəhmətini təqdir edən möminlər hansı çətinliklə və ya mənfi hadisələrlə qarşılaşsalar da, səbir və təvəkküllə Allaha sığınırlar. Buna görə də ən çətin vaxtlarda belə sevincli və hüzurlu olurlar. Bundan başqa, səbir etdiklərinə görə cənnətdə Allahdan mükafat alacaqlarını bilirlər, bunun üçün də şövq və həyəcanla yaşamağa davam edirlər.

Dünyada çətinliklərə səbir göstərə bilməyənlər isə təkcə dünyada bədbəxt yaşamazlar. Allah onların axirətdə də eyni vəziyyətdə olacaqlarını bildirmişdir. Dünyada imtahanlar zamanı səbirli olan üstün əxlaqlı insanların, eləcə də səbirsiz və üsyankar olan inkarçıların axirətdə görəcəkləri qarşılıq ayələrdə belə xəbər verilir:

(Qiyamət) gəldiyi gün Allahın izni olmadan heç kəs danışa bilməz. Onlardan kimi bədbəxt, kimi də xoşbəxt olacaq. Bədbəxtlərə gəlincə, onlar od içərisində qalacaqlar. Onlar orada fəryad qoparacaq və zarıyacaqlar. Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir. Xoşbəxtlərə gəldikdə isə, onlar cənnətdə olacaqlar. Rəbbinin dilədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. (Bu,) tükənməz bir sovqatdır.

Hud surəsi, 105-108

Allahın səbir edənlərə vəd etdiyi gözəl həyat Kitab boyu bəhs etdiyimiz kimi, möminlər həyatda Allahın xüsusi olaraq yaratdığı bir çox hadisə ilə sınanırlar. Lakin bu onların çətin həyat yaşadığı mənasına gəlmir. Əksinə, dünyada ən gözəl həyatı yaşayanlar möminlərdir. Çünki Allah onların qəlblərinə səbrin və təvəkkülün gətirdiyi hüzur və güvənlik hissini yerləşdirmişdir. Bu, insanların pul və etibarla, yaxud da başqa imkanlarla əldə edə bilmədiyi və yalnız möminlərə xas nemətdir. Hüzurlu kimi görünən insanlar bütün sərvətlərini ortaya qoysalar da, Allahın səbir edənlərə verdiyi hüzur və güvənlik hissini yaşaya bilməzlər. Çünki Allah bu hissi yalnız möminlərin qəlbinə verir:

Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlbinə rahatlıq göndərən Odur. Göylərin və yerin orduları Allahındır. Allah biləndir, müdrikdir.

Fəth surəsi, 4

Beləliklə, möminlər heç bir çətinliyə baxmayaraq, rahat olduqlarına görə sıxıntı və kədər hissini yaşamırlar.

Onlar qeyd-şərtsiz səbirli olub Allahdan gələn hər şeyə razı olduqlarına görə Allah onları dünyada gözəl həyat nəsib edəcəyini bildirmişdir:

Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.

Nəhl surəsi, 97

... Kim qorxsa və səbir etsə, Allah yaxşı iş görənlərin mükafatını puç etməz.

Yusif surəsi, 90

Müttəqilərə: “Allah nə nazil etmişdir?” – deyildikdə, onlar:

“Xeyir!”– deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir.

Nəhl surəsi, 30

De: “Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşılıq gözləyir. Allahın (yaratdığı) yer üzü genişdir. Yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir”.

Zümər surəsi, 10

Möminlərinin səbrinin qarşılığı: cənnət Allaha könüldən bağlı olan insanlar dünyada sahib olduqları hər şeyi Allaha həsr edir, Onun rizasını qazanmaq üçün yaxşı gündə də, dar gündə də səbir edirlər. Üz verən sıxıntılar, inkarçıların təzyiqi və başqa çətinliklər onları Allahın dinini yaşamaqdan uzaqlaşdırmır. Çünki onlar qəti imanla Rəbbimizə yönəlir, həyatlarının sonuna qədər imanda səbir və qərarlılıq göstərirlər.

Ömrünü belə səbirlə keçirən möminlər axirətdə ən gözəl mükafat kimi Allahın sevgisi və razılığını qazanacaqlar:

Allah mömin kişilərə və mömin qadınlara altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur.

Tövbə surəsi, 72

Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnət bağları ilə müjdələyir.

Tövbə surəsi, 21

Onların Rəbbinin yanındakı mükafatı altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu, Rəbbindən qorxan kimsələrdən ötrüdür!

Beyyinə surəsi, 8

Allahın səbirli qulları sonsuz gözəllikdəki cənnətdə mələklərin “salam” sözü və xoş diləkləri ilə qarşılanacaq, sonsuza qədər oradan əsla ayrılmayacaqlar. Mələklər bu sonsuz nemətin möminlərə səbir etdiklərinə görə verildiyini belə xəbər verir:

Əməlisaleh ataları, zövcələri və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır. Mələklər bütün qapılardan onların yanına daxil olub (deyəcəklər):

“Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!”

Rəd surəsi, 23-24

Allah dünyada gözəl əxlaqı ömür boyu yaşayan, çətin zamanlarda daim təvəkkül edən və hər zaman Onun razı qaldığı əməllər edənlərin mükafatını qat-qat verəcək:

Səbir etdiklərinə görə onlara mükafatları ikiqat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən xərcləyirlər.

Qəsəs surəsi, 54

Cənnətə layiq görülən qullar orada nəfslərinin istədiyi hər şeyi əldə edəcək, göz oxşayan köşklərdə taxt və döşəklər üzərində oturacaq, sonsuza qədər peyğəmbər və saleh möminlərlə birlikdə olacaqlar. Belə ki, Allahın səbir edən möminlərə vəd etdiyi qəti həqiqətdir. Buna görə də Allah “Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan cənnətə tələsin” (Ali-İmran surəsi, 133) ayəsi ilə qullarını dünya həyatında ikən Allahın rizasını və cənnətini qazanmaq üçün yarışmağa çağırmışdır. Başqa ayələrdə isə möminləri belə müjdələmişdir:

Onlar səbir etdiklərinə görə (Cənnətdə olan) otaqla mükafatlandırılacaq, orada xeyir-dua ilə, salamla qarşılanacaqlar.

Furqan surəsi, 75

Bu gün Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Şübhəsiz ki, uğur qazananlar da onlardır!

Muminun surəsi, 111