Allah bir ayədə “(Bu) insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – qüdrətli, tərifəlayiq (Allahın) yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir kitabdır” (İbrahim surəsi, 1) buyuraraq Quranın insanları qaranlıqdan aydınlığa çıxaran xüsusiyyətinin olduğunu bildirmişdir.
Quranda səbir etməyin insanları nura çıxaran yollardan biri olduğu buyurulur. Lakin Quranda bildirilən səbir gündəlik həyatda bir çoxlarının şahid olduğu hərəkətlərdən fərqli və üstün əxlaq xüsusiyyətidir. Quranda insanlara öyrədilən həqiqi səbir təkcə çətinliklər qarşısında deyil, əksinə, həyatın hər anında yaşanan əxlaq xüsusiyyətidir. Həqiqi səbir yalnız çətinliklərdə deyil, gözəl olan hər şeydə qərarlı olmaq və ömür boyunca gözəl əxlaq göstərmək deməkdir.
Allahın Quranda bildirdiyi səbrin ən əsas xüsusiyyətlərini peyğəmbərlərin həyatında görmək mümkündür. Çünki peyğəmbərlər Allahın dinini təbliğ edərkən səbirli olmuş, Allaha sədaqətdən əsla ayrılmamış və yalnız Allahın razılığını qazanmaq üçün səbir etmişlər. Səbir mövzusunda ən gözəl nümunə isə, şübhəsiz ki, mübarək peyğəmbərimiz Muhəmməddir. Peyğəmbərimiz müsəlmanlara da hər zaman səbirli olmağı əmr etmişdir. Bir hədisdə Peyğəmbərimiz belə buyurur:
Möminin durumu necə də təəccüblüdür. Çünki hər işi onun üçün xeyirlidir. Bu, yalnız möminə xas özəllikdir, başqasına deyil. Ona razı qalacağı bir şey üz versə, şükür edər, bu, xeyirdir. Zərər gəldikdə də səbir edər, bu da xeyirdir.
Odur ki, bu rəhbərin məqsədi də insanlara bu üstün əxlaq xüsusiyyətini Quranda bildirildiyi şəkildə təsvir etmək və onları həqiqi səbri yaşamağa dəvət etməkdir. Bu rəhbərdə el arasında bilinən yanlış səbir anlayışından, Allahın insanlardan hansı səbri istədiyindən, bunun üçün onları hansı hadisələrlə imtahan edəcəyindən və Rəbbimiz üçün səbirli olanlara hansı mükafatın veriləcəyindən bəhs ediləcək. Bununla yanaşı, peyğəmbərlərin hər şeydə necə səbirli olduqlarına dair Qurandan nümunələr veriləcək və beləliklə, hər kəs həyatının sonuna qədər Rəbbimiz üçün səbirli olmağa dəvət ediləcək.
Kitabın başqa bir məqsədi isə Allahın bu dəvətini qəbul edənlərə “... səbir edənlərə müjdə ver” (Bəqərə surəsi, 155) ayəsində xəbər verilən böyük müjdəni verməkdir. Eyni zamanda, Allahın səbir edənlərlə bərabər olduğunu (Bəqərə surəsi, 153) bir daha xatırladıb səbrin möminlər üçün çoxlu gözəlliyin qapısını açan bənzərsiz açar olduğunu vurğulamaqdır.