Bu sual əslində cahil cəmiyyət üzvlərinin min illərdir din əxlaqını onlara izah edən möminlərə verdiyi klassik bir sualdır.
Allahın dinini təbliğ edənlərin öncülləri, əlbəttə peyğəmbərlərdir. Və şübhəsiz ki, peyğəmbərlər ən əxlaqlı, ən səmimi insanlardır. Lakin buna baxmayaraq, onların dini təbliğatları belə bəzi insanlar tərəfindən şübhə ilə qarşılanmış və bu fəaliyyətlərin arxasında həmişə mənfəət axtarılmışdı. Şübhəsiz ki, bu insanların anlayışsızlığı, mübarək peyğəmbərlərin üstün ağıl və əxlaqını dərk edə bilməmələri ilə bağlıdır. Peyğəmbərlər Allahın onlara verdiyi “ dinə dəvət” vəzifəsini yerinə yetirərkən həmişə bu iftirayla qarşılaşmışlar. Quranın bir çox ayəsi bu əsassız iftiraya diqqət çəkir. Digər tərəfdən, bütün peyğəmbərlərin cavabı həmişə eyni olmuşdur:
Əgər (haqdan) üz çevirsəniz, onsuz da mən sizdən heç bir mükafat istəmirəm. Məni yalnız Allah mükafatlandırar. Mənə, müsəlmanlardan olmağım əmr olunmuşdur”.
Eyni vəziyyət Allahın qanunu və imtahanı olaraq Peyğəmbərimizin də başına gəlmiş, bu mübarək insan vəzifə, mövqe, maddi güc və sərvət qazanmaq, hakimiyyətdə olmaq məqsədilə dindən istifadə etməklə, hətta xalqı həqiqi dinindən ayıraraq öz ətrafında qüvvə toplamağa çalışmaq kimi ağlasığmaz və əsassız böhtanlarla ittiham edilmiş. Buna qarşılıq olaraq Peyğəmbərimizə, bu böhtanlara qarşı əvvəlki elçilərin verdiyi cavabı verməsi əmr edilmişdir:
De: “Mən bunun müqabilində sizdən heç bir əvəz istəmirəm. Yalnız Rəbbinə doğru bir yol tutmaq istəyən kimsələr olmalarını istəyirəm”.
Ancaq unutmaq olmaz ki, dini izah etmək təkcə peyğəmbərlərə məxsus bir vəzifə deyil. Dini izah etmək camaat arasında bəzən yalnız peyğəmbərlərin vəzifəsi kimi qəbul edilsə də, doğru yola dəvət etmək, yaxşılığı tövsiyə edib pislikdən çəkindirmək, islama və Qurana dəvət etmək bütün möminlərə vacib olmuşdur.
Təbliğ, eynilə namaz qılmaq və ya oruc tutmaq kimi yerinə yetirilməli olan bir ibadətdir. Bu səbəblə Quranda bu ibadət möminlərin əsas xüsusiyyətlərindən sayılır:
Mömin kişilər və mömin qadınlar da bir-birlərinin dostudurlar. Onlar yaxşı işləri əmr edər, pis işləri qadağan edər, namazı qılar, zəkatı verər, Allaha və elçisinə itaət edərlər. Allah onlara mərhəmət edəcəkdir. Şübhəsiz ki, Allah yenilməz qüvvət və hikmət sahibidir.
Bir insana təbliğ edilməsindəki əsas məqsəd, Allahın bu əmrini yerinə yetirmək və o insanın axirət həyatını xilas etməkdir. Yoxsa səmimi müsəlmanlar heç kimin malına, puluna, gözəlliyinə, imkanlarına ehtiyac duymazlar. İslam, Allahın haqq dinidir və onu ən gözəl şəkildə qoruyan da Allahdır. Allah Quranda dinini digər dinlərdən üstün edəcəyini bu şəkildə vəd edir:
Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərdən üstün etmək üçün elçisini hidayət yolu və haqq din ilə göndərən Odur.
Möminin izah etdiklərinə və ya etdiyi fədakarlıqlara görə qarşılıq və ya mükafat istəməsi ağlasığmazdır. Çünki belə bir hərəkət etmək artıq onun dediklərinə ziddir. Allah Quranda dinini öz mənfəətləri üçün istifadə etmək istəyənləri şiddətlə qınayır:
Onlar az bir dəyər (fani dünya malı) müqabilində Allahın ayələrini satdılar. Sonra da (insanları) Allahın yolundan döndərdilər. Onların etdiyi əməllər necə də pisdir!
Halbuki, bütün ibadətlər kimi din əxlaqını izah etmək vəzifəsini də, yalnız Allahın rizasını qazanmaq məqsədilə yerinə yetirən həqiqi möminlər üçün bu cür bəsit maddi mənfəət gözləməsindən söhbət gedə bilməz. Möminlərin bu xüsusiyyəti Quranda belə izah edilir:
“... Allahın ayələrini ucuz bir qiymətə satmazlar (dəyişdirməzlər). Onlar üçün Rəbbi yanında mükafatları vardır...”