Qurandan cavablar: Giriş
Mündəricat
- Giriş
- “Din, Allah ilə bəndə arasındadır. Din əxlaqını başqalarına izah etməyə ehtiyac var?”
- “Din, həyatın sadəcə bir hissəsidir. Niyə həyatın hər anında Quran əxlaqının yaşanmasının vacib olduğunu düşünürsünüz?”
- “Quranın endirildiyi dövrlə indiki dövr çox fərqlidir. Quran ayələri indiki dövrə aiddir?”
- “Onsuz da mənim qəlbim təmizdir”
- “Mən hələ gəncəm, din əxlaqını gələcəkdə yaşayaram”
- “Quran əxlaqını mənimsəsəm, qarşılıq olaraq məndən nə gözlənilər?”
- “Niyə möminlər yeni tanış olduqları bir insana qarşı bu qədər qayğıkeş və sevgi dolu davranırlar?”
- “Möminlərə qarşı yayılan pis xəbərlərdə heç bir həqiqət yoxdur?”
- “Əgər Quran əxlaqı insanlara bu qədər gözəl və mükəmməl bir quruluş vəd edirsə, niyə bu qədər qarşı olanlar var?”
- “Hamı haqsızdır, bir tək inananlar doğrudur?”
- “Möminlər həmişə bərabər olmaq məcburiyyətindədirlər? İnsan tək başına din əxlaqını yaşaya bilməz?”
- “İslamda müəyyən təbəqə fərqi varmı? İnsanlar var-dövlətinə, statusuna və gözəlliyinə görə mühakimə olunurmu? İslam dini müəyyən qrup insanlara izah olunur?”
- “Müsəlmanların varlı, güclü və qüdrətli olması İslamın ümumi məntiqi ilə ziddiyyət təşkil edirmi?”
- “Din əxlaqının tələblərini yerinə yetirməyə başlayan insan mütləq keçmiş ləzzətlərini tərk edərmi?”
- “İnsan İslamı qəbul edib yaşamağa başlayanda keçmiş tanışları, dostları illə birlikdə ola bilməzmi?”
- “Din əxlaqını yaşamaq istəyirəm, amma ailəmdən və ətrafımdan pis reaksiya almaqdan qorxuram”
- “İslamı yaşamağa başladıqdan sonra keçmiş həyatımda etdiklərimə görə məsuliyyət daşıyırammı?”
- “Dini yaşamaq istəyirəm, ancaq bu gücü özümdə tapa bilmirəm”
- Nəticə: “Eşitdik və itaət etdik” deyə bilmək

İman etməyənlər ilə Allaha həqiqi iman edən, Onun kitabını və Peyğəmbərimizi (s) özlərinə rəhbər tutan insanlar arasında böyük fərqlər vardır. Mömin və inkarçı olan bu iki qrup tamamilə fərqli iki dünyanın insanlarıdır. Quranda bildirildiyi kimi, axirətdə bir-birlərindən ayrılacaqlar, bir tərəf cənnət, digər tərəf cəhənnəm xalqı olacaq.
Ancaq bu iki tərəf arasındakı böyük fərq, aşılması imkansız olan həddi təşkil etmir: Din əxlaqından uzaq bir mühitdə böyüyən bəzi insanlar da zamanla həqiqəti dərk edib, Allahın verdiyi hidayət üzərinə tövbə edib Allah yoluna girə bilərlər. Quranda bildirildiyi kimi, bu, çox vaxt möminlərin yerinə yetirməklə məsul olduqları “ təbliğ” (Quran əxlaqını izah etmək və yaymaq) ibadəti vəsiləsi ilə olur.
Bu səbəbdən möminlərlə yeni tanış olmuş və din əxlaqını öyrənməyə çalışan bir insanın ağlına bəzi suallar gəlməsi və bəzi məsələlərdə doğru cavabın nə olduğu ilə maraqlanması təbiidir. Quranda bütün bu sualların cavabı vardır və cahiliyyənin bütün səhv məntiq və davranışlarına qarşı həqiqətlər öyrədilir.
Dünyada yaşayan cəmiyyətlərin çox fərqli quruluşu və dəyərləri var.
İdeologiyalar, adət-ənənələr, mədəniyyətlər insanlar arasında böyük fərqlər yaratmışdır. Bu səbəbdən insanların düşüncələri və davranışları bir-birinə tamamilə zidd olur. Bir insan üçün doğru olan başqası üçün tamamilə səhv ola bilər.
Lakin insanlar arasındakı bu mədəni və ideoloji fərqlərdən daha böyük və əsaslı fərq var. Qurana görə bütün insanlar iki qrupa bölünür: Allaha iman edənlər və iman etməyənlər. Və bu iki qrup arasındakı fərq o qədər böyükdür ki, bayaq qeyd etdiyimiz ənənəvi və mədəni fərqlər son dərəcə əhəmiyyətsiz qalır.
İman edən insan Allahın sonsuz qüdrətinin fərqindədir: onu və bütün digər varlıqları Allah yaratdığını və Onun idarəsi altında olduğunu, Rəbbimizin hər şeyə qadir olduğunu və bütün mülkün Ona aid olduğunu dərk edir. Bu dünyanın müvəqqəti bir yurd olduğunu və buradakı əməllərinin hesabını axirətdə Allah qarşısında verəcəyini də bilir. Halbuki Allahı tanımayan insan təbii olaraq bütün bu həqiqətlərdən xəbərsizdir. Səhv düşüncəsinə görə, bütün dünya başıboş və tərk edilmiş vəziyyətdədir. Bu mühitdə varlığını qorumağa, mənfəətlərini qorumağa çalışmalıdır. Bütün əməllərinə görə cavab verəcəyindən xəbərsiz olduğuna görə mənfəətlərini qorumaq üçün hər cür saxtakarlığı asanlıqla edər.
Bu iki insan modelinin dünyaya baxışı və xarakteri, əxlaqı və davranışı bir-birinə tamamilə ziddir. Quranda bu fərqlər təfərrüatlı şəkildə açıqlanır.
Quranda bildirildiyi kimi, inkar edən cəmiyyət Allahı tanımayan və ya “ ...Ona arxa çevirmiş...” (Hud surəsi, 92) və “ Allahı layiqincə tanımadılar...” (Ənam surəsi, 91) insanlardan ibarət bir cəmiyyətdir ki, Quranda bu cəmiyyətə “ cahiliyyət cəmiyyəti” deyilir. Bu cəmiyyət özünü “ qabaqcıl və müasir mədəniyyət” olaraq tanıtsa da, Allahı layiqincə təqdir etməyən, axirət həyatını lazım olduğu kimi bilməyən, öz varlığının məqsədini bilməyən bir quruluşa sahib olduğuna görə əslində “ cahil”dir.
Əsl möminlər isə bu “ cahil cəmiyyətin” üzvləri ilə müqayisədə sayca azlıq təşkil edirlər. Quranda peyğəmbərlərin hekayətlərində açıq şəkildə göründüyü kimi, möminlər tarix boyu cahil cəmiyyətdən çıxmış, lakin cəhalətin çirkin məntiqindən tamamilə arınmış, təmiz, saleh və ağıllı insanlardır.
Onu da qeyd edək ki, möminlərin cahil cəmiyyətindən fərqli bir quruluşa sahib olması, onlarla heç vaxt həmsöhbət olmayacaqları demək deyil. Əksinə, möminlər Allahın əmrinə uyğun olaraq həmişə bu insanlarla danışmağa və onları Quran əxlaqını yaşamağa dəvət etməyə çalışırlar. Çünki bu cəmiyyət arasında iman edəcək vicdan və ağıl sahibi insanlar var; lakin onlara bu haqda deyilmədiyi üçün din əxlaqından xəbərsiz olub, “ cahil” qalıblar. Möminlər Quran əxlaqını bu insanlara şəfqət və xoş sözlərlə izah etməyə çalışarlar.
Ancaq cahil cəmiyyətdən gələn və möminlərlə yeni tanış olan insanın əvvəlcə bəzi sualları ola bilər. Çünki Quran əxlaqına malik olan insanlar onun görməyə alışdığı insanlardan çox fərqlidirlər. Eqoist, mənfəətçi, vicdansız, təkəbbürlü və bəsit məqsədləri olan insanların yanında olmağa alışdığı halda, birdən-birə çox vicdanlı, fədakar, ağıllı, şəxsiyyətli, təvazökar, etibarlı və tolerant insanlarla qarşılaşmaq o insanı təəccübləndirə bilər.
Möminlər həmişə səmimi və dürüst insanlardır. Çünki onlar Allahın göstərdiyi yolla gedirlər və insan üçün onu yaradan Allahdan başqa doğru yol göstərən yoxdur. Quran əxlaqı ilə yeni tanış olmuş bir insanın bütün şübhələri, aralarından çıxıb gəldiyi cahil cəmiyyətinin təlqinindən qaynaqlanır.
Bu rəhbər cahil cəmiyyətdən gələn və Quran əxlaqı ilə yeni tanış olmuş bir insanın beynində yaranacaq mümkün sual və şübhələri izah etmək üçün yazılmışdır.
Növbəti səhifələrdə bu suallar və onların cavabları maddələr halında araşdırılır.