Allahın möminlərə dünyada verdiyi vədlər Allah möminlərin tövbələrini qəbul edər Kim tövbə edərək saleh əməllər işləsə, həqiqətən o, tövbəsi (və özü) qəbul edilmiş halda Allaha qayıdar.
Şeytan sizi yoxsulluqla qorxudur və çirkin işlər görməyi əmr edir. Allah isə sizə bağışlanma və bol ehsan (lütf) vəd edir. Allah (mərhəməti ilə) genişdir, biləndir!
Buna görə ki: Allah, münafiq kişiləri və münafiq qadınları, müşrik kişiləri və müşrik qadınlara əzab verəcək; mömin kişilərin və mömin qadınların tövbələrini qəbul edəcək. Allah çox bağışlayandır, çox rəhm edəndir.
Allah möminlərin pis əməllərini yaxşı əməllərə çevirər
Lakin tövbə edən, iman gətirən və saleh işlər görənlərdən başqa! Məhz Allah onların günah əməllərini yaxşı əməllərə çevirər. Allah çox bağışlayandır, çox rəhm edəndir.
İman gətirib saleh əməllər işləyən və Məhəmmədə endirilən (Qurana) (belə ki, o Rəbbindən gələn haqqdır) iman gətirənlərin (Allah), pis əməllərini üstünü örtüb bağışlamış, vəziyyətlərini düzəldib islah etmişdir.
Allah dinini üstün edəcək, batili yox edəcək Allah sizlərdən iman gətirib saleh işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri “güc və hakimiyyət sahibi” etdiyi kimi, onları da yer üzündə “güc və hakimiyyət sahibi” edəcək, özləri üçün seçib bəyəndiyi dinlərini özlərində hakim edib möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar yalnız Mənə ibadət edər və heç nəyi Mənə şərik qoşmazlar. Bundan sonra inkar edənlər – məhz onlar fasiqdirlər.
And olsun ki, Allah, sənə o ağacın altında beyət edərkən möminlərdən razı oldu, qəlblərində olanı bildi, onlara “güvən duyğusu və hüzur” endirdi və onlara yaxın bir zəfəri savab (qarşılıq) kimi verdi.
Mələklər ilə dəstəkləyər Bəli, əgər səbir etsəniz, çəkinsəniz və onlar da anən üstünüzə hücum çəksələr, Rəbbiniz sizə nişanlanmış beş min mələklə yardım edər.
Allah Öz dininə kömək edənlərə kömək edər Onları hidayətə yönəldəcək və vəziyyətlərini düzəldib islah edəcək. Həmçinin onları, özlərinə təsvir edib tanıtdığı cənnətə daxil edəcək. Ey iman gətirənlər! Əgər siz Allaha (Allah üçün İslama və müsəlmanlara) kömək etsəniz, O da sizə kömək edər və sizin ayaqlarınızı möhkəmlədər.
Biz səndən əvvəl onların qövmünə elçilər göndərmişdik. Elçilər onlara açıq-aydın dəlillər gətirmişdilər. Beləliklə, Biz də günahkarlardan intiqam aldıq. İman gətirənlərə yardım etməksə, Bizim borcumuzdur.
Rum (orduları) məğlubiyyətə uğradı. Yaxın bir yerdə. Lakin onlar öz məğlubiyyətlərindən sonra qələbə çalacaqlar; bir neçə il ərzində. Bundan əvvəl də, sonra da əmr Allahındır. O gün möminlər sevinəcəklər; Allahın köməyi ilə. O, istədiyinə kömək edər. O, Güclü və Üstündür, Rəhmlidir. Bu Allahın vədidir. Allah Öz vədinə xilaf çıxmaz. Lakin insanların əksəriyyəti bilməz.
Allah dualara razılıq edər Zün-Nunu (Yunis) da yada sal! Bir zaman o qəzəbli halda getmiş və bundan ötrü onu çətinliyə salmayacağımızı güman etmişdi. (Balığın qarnındakı) zülmətlər içində:
“Səndən başqa İlah yoxdur! Sən Ucasan, həqiqətən mən zalımlardan oldum” deyə səsləndi. Bundan sonra onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Məhz Biz iman gətirənləri belə xilas edərik!
Necə ki, Rəbbi onlara (dualarını qəbul edərək) belə cavab verdi:
“Şübhəsiz ki, Mən, sizlərdən kişi və ya qadın olmasından asılı olmayaraq, heç bir kəsin əməyini puç etmərəm. Sizin bəziniz bəzinizdəndir. Məhz, hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda işgəncəyə görənlərin, vuruşub öldürülənlərin, mütləq günah əməllərinin üstünü örtəcək və onları altlarından çaylar axan cənnətlərə daxil edəcəyəm. Bu, Allah tərəfindən bir qarşılıqdır (mükafatdır). Gözəl qarşılıq (mükafat) məhz Allahın yanındadır”.
Beləliklə onun duasına cavab verdik. Üstündən o dərdi götürdük. Ona qatımızdan bir mərhəmət və ibadət edənlərə zikr olsun deyə, ailəsini və onlarla birlikdə bir mislini daha verdik.
...Allah sizin üçün çətinlik istəməz, asanlıq istəyər. (Bu asanlıq) sayı tamamlamağınız və sizi doğru yola (hidayətə) yönəltdiyinə görə Onu böyük bilməyiniz üçündür. Ümid olunur ki, şükür edəsiniz.
Mömin kişilərlə mömin qadınlar bir-birinin vəlisidirlər. Yaxşı əməlləri buyurar, pis əməllərə qadağa qoyar, dosdoğru namaz qılar, zəkat verər, Allaha və Onun Elçisinə itaət edərlər. Məhz Allah bunlara rəhm edəcək. Şübhəsiz ki, Allah üstün və güclüdür, hökm və hikmət sahibidir.
Allahın möminlərə axirətdə verdiyi vədlər Allah səbr edənlərə qarşılığını ən gözəl şəkildə verəcək Bunlar, sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan əvvəl bunları nə sən, nə də sənin ümmətin bilirdi. O zaman səbr et! Şübhəsiz ki, (gözəl) nəticə təqva sahiblərinindir.
Məhz onlar, səbr etdiklərinə görə (cənnətin ən gözəl yerində) otaqlarla mükafatlanar və orda sağlamlıq arzusu və salamla qarşılanarlar. Orda əbədi qalacaqlar; o, necə də gözəl qərargah və necə də gözəl məskəndir.
De: "Ey iman gətirən bəndələrim, Rəbbinizdən qorxun. Bu dünyada yaxşılıq edənlər üçün yaxşılıq var. Allahın Ərzin genişdir. Ancaq səbr edənlərə mükafatları hesabsız ödənilər".
Allah saleh əməllər işləyənlərə Ədn cənnətlərində gözəl məskənlər vəd etmişdir Allah mömin kişilərə və mömin qadınlara içində əbədi qalmaq üçün, altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd etmişdir. Allahdan olan razılıq isə ən böyükdür. Məhz, böyük qurtuluş və xoşbəxtlik budur.
Ədn cənnətləri; qapılar onlar üçün açılmışdır. İçində yaslanıblar; orada bir çox meyvə və şərab istəyirlər. Həmçinin onların yanında gözlərini yalnız ərlərinə dikmiş həmyaşıd qadınlar var. Məhz haqq-hesab günü sizə vəd edilən budur. Şübhəsiz ki, bu, Bizim ruzimizdir, o tükənməzdir.
Ədn cənnətləri (onlarındır); oraya girəcəklər, orada qızıldan bilərziklərlə və incilərlə bəzənəcəklər. Həmçinin orada onların paltarları ipək(dən) olacaq.
Lakin Rəbbindən qorxanlar isə; onlar üçün uca köşklər var, onların üstündə də uca köşklər inşa edilmişdir. Onların altında çaylar axır. (Bu,) Allahın vədidir. Allah vədinə xilaf çıxmaz.
Allah möminlərə sonsuz nemətlərlə dolu cənnət həyatı vəd etmişdir Ədn cənnətləri (onlarındır) ki, Rəhman (olan Allah, onu) Öz qullarına qeybdən vəd etmişdir. Şübhəsiz ki, Onun vədi yerinə yetəcək. Orada “boş söz” eşitməzlər; yalnız salam (sözünü eşidərlər). Səhər-axşam, onların ruziləri oradadır. O cənnət; Biz, bəndələrimizdən təqva sahibi olanları (ona) varis edəcəyik.
De: “Bu daha yaxşıdır, yoxsa təqva sahiblərinə vəd edilən əbədi cənnət?” Belə ki, bu onlar üçün mükafat və son dayanacaqdır. İçində əbədi qalanlar olaraq orada istədikləri hər şey onlarındır. Bu, Rəbbinin Öz öhdəsinə götürdüyü, arzu olunan vəddir.
(Ancaq) Həqiqətən, iman gətirib saleh əməllər işləyənlər isə; onlar üçün nemətlərlə dolu cənnətlər var. Onlar orada əbədi qalacaqlar. Allahın vədi haqdır. O, üstün və güclü olandır, hökm və hikmət sahibidir.
Təqva sahiblərinə vəd olunan Cənnətin vəsfi belədir; orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar var. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir. Heç (belə mükafat alan kimsə) od içində əbədi qalan və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərmi?
Lakin Rəbbindən qorxub çəkinənlər; onlar üçün Allah qatında (ziyafət olaraq) altından çaylar axan (içində əbədi qalacaqları) cənnətlər var. Yaxşılıq edənlər üçün, Allah qatında olanlar daha xeyirlidir.
Orada taxtlara yaslanacaqlar. Orada nə (yandıran) günəş, nə də donduran soyuq görəcəklər. (Meyvələrin) kölgələri onlara çox yaxındır və dərilmələri xeyli asanlaşdırılıb. Ətraflarında gümüşdən büllur qablar, badələr dolandırılacaq. Gümüşdən büllur qablar ki, onları müəyyən ölçü əsasında düzəldiblər. Orada onlara bir qədəh içirdiləcək ki, qatışığı zəncəfildir. Bir çeşmə ki, orada "səlsəbil" adlandırılar. Ətraflarında əbədi (gənc və gümrah olan) yeniyetmələr dolanar; sən onları gördüyün zaman ətrafa saçılmış mirvari dənələri hesab edərsən. Hara baxsan, nemət və böyük mülk görərsən. Onların üzərində ipək və atlazdan toxunmuş yaşıl paltarlar var. Gümüş bilərziklərlə bəzəniblər. Rəbbi onlara tərtəmiz şərab içirtmişdir. Şübhəsiz ki, bu, sizin üçün mükafatdır. Sizin səy göstərməyiniz təşəkkürə layiqdir. (İnsan surəsi, 13-22)
İman gətirib saleh əməllər işləyənlər, Biz onları altından çaylar axan, içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. Bu, Allahın gerçək vədidir. Sözündə Allahdan daha doğruçu kim ola bilər?
Şübhəsiz ki, iman gətirib saleh əməllər işləyənlərə gəldikdə; onlar üçün altından çaylar axan cənnətlər var. Məhz “böyük qurtuluş və xoşbəxtlik” budur.
Təqva sahiblərinə vəd edilmiş Cənnətin vəsfi belədir; onun altından çaylar axar və onun yeməkləri də, kölgəsi də daimidir. Bu qorxub çəkinənlərin (xoşbəxt) aqibətidir, inkar edənlərin aqibəti isə Oddur.
Bizim qatımızda sizi (Bizə) yaxınlaşdıra biləcək nə var-dövlətiniz, nə də oğuluşağınızdır. Lakin iman gətirib saleh əməllər işləyənlər istisnadır. Məhz onlar; onlar üçün etdikləri əməllərə qarşılıq olaraq qat-qat mükafat var və onlar uca köşklərində əminamanlıq içindədirlər.
Lakin tövbə edənlər, islah edənlər, Allahdan möhkəm yapışanlar və öz dinlərini şərik qoşmadan Allaha məxsus edənlər istisnadır; məhz bunlar möminlərlə birlikdədirlər. Allah möminlərə böyük mükafat verəcək.
Kişi və ya qadın olmasından asılı olmayaraq, mömin olaraq saleh əməl işləyənə, Biz mütləq gözəl həyat bəxş edəcək və ona etdiyi əməllərin qarşılığını, etdiyi əməllərin ən gözəliylə mütləq verəcəyik.
Bütün insan qruplarını öz imamlarıyla birlikdə çağıracağımız gün, artıq kimin kitabı sağ əlinə verilsə, o öz kitabını oxuyacaq və xurma çəyirdəyindəki lif qədər haqsızlığa məruz qalmayacaq.
Artıq iman gətirib saleh əməllər işləyənlərə gəldikdə; Rəbbi onları Öz mərhəmətinə qovuşdurar. Məhz açıq-aydın olan “böyük xoşbəxtlik və qurtuluş” budur.
Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, qəlbən (Allaha) itaət edən kişilər və qəlbən (Allaha) itaət edən qadınlar, sadiq kişilər və sadiq qadınlar, səbirli kişilər və səbirli qadınlar, hörmətlə (Allahdan) qorxan kişilər və hörmətlə (Allahdan) qorxan qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar, Allahı çox-çox zikr edən kişilər və Allahı çox-çox zikr edən qadınlar; (məhz) bunlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır. (Əhzab surəsi, 35)
Mallarını infaq edənlərin qarşılığını Allah artıraraq verəcək De:
“Həqiqətən, mənim Rəbbim istədiyi qullarının ruzisini artırar və azaldar. Hər nə infaq etsəniz, O (Allah), yerinə başqasını verər. O, ruzi verənlərin ən yaxşısıdır”.
Həqiqətən Allahın Kitabını oxuyanlar, namazı dosdoğru qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar infaq edənlər; qətiyyən səmərəsiz olmayacaq bir ticarətə ümid edə bilərlər.
Onlara qarşı bacardığınız qədər qüvvə və kök atlar hazırlayın. Belə ki, bununla Allahın düşmənini, öz düşməninizi və bunlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi digər (düşmənləri) qorxudasınız. Allah yolunda hər nə infaq etsəniz, sizə “tam ödənilər” və sizə haqsızlıq edilməz.
Kiçik-böyük infaq etdikləri hər nəfəqə və (Allah yolunda) aşdıqları hər vadi, mütləq Allahın etdiklərinin daha gözəliylə onlara qarşılığını verməsi üçün, (bunlar) onlar adına yazılmışdır.
Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.
Mallarını Allah yolunda infaq edənlər, sonra infaq etdikləri şeyin ardınca minnət qoymayan və əziyyət verməyənlərin mükafatları onların Rəbbi qatındadır, onlara qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
Allah yolunda səy göstərənlər qurtulanlardan olacaq Lakin Rəsul və onunla birlikdə olan möminlər malları və canları ilə cihad etdilər (səy göstərdilər); məhz bütün xeyirlər onlarındır və qurtulanlar onlardır. Allah onlar üçün əbədi qalacaqları, altından çaylar axan cənnətlər hazırladı. Məhz böyük “qurtuluş və xoşbəxtlik” budur.
Allah şükür edənləri mükafatlandıracaq Allah icazə vermədikcə heç bir nəfsə ölüm yoxdur. Bu, vaxtı bildirilmiş yazıdır. Kim dünyanın yararını (mükafatını) istəsə ona ondan verərik, kim axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri çox yaxında mükafatlandıracağıq.
Həqiqətən, Səfa və Mərvə Allahın nişanələrindəndir. Beləliklə kim evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə ziyarət edərsə, bunları təvaf etməsində onun üçün heç bir problem yoxdur. Kim də qəlbən bir yaxşılıq etsə (qarşılığını alar). Şübhəsiz ki, Allah şükrün əvəzini verəndir, Biləndir.
Elə isə dünya həyatını atıb axirəti satın alanlar Allah yolunda vuruşsunlar. Kim Allah yolunda vuruşarkən, öldürülər və ya qalib gələrsə, ona böyük mükafat verəcəyik.
Allah yolunda hicrət edib öldürülən və ya ölənlərə gəldikdə, Allah mütləq onlara gözəl ruzi bəxş edəcək. Şübhəsiz ki, Allah ruzi verənlərin ən yaxşısıdır. Onları, həqiqətən məmnun qalacaqları bir yerə daxil edəcək. Şübhəsiz ki, Allah Biləndir, Həlimdir.
Möminlər qiyamət günündə və axirətdə heç bir çətinliklə qarşılaşmayacaqlar Artıq kimin kitabı sağ tərəfindən verilsə, o, yüngül sorğu-suala çəkiləcək və yaxınlarına sevinc içində qayıdacaq.
Ey iman gətirənlər, Allaha qəti şəkildə tövbə edin. Ola bilsin ki, Allah sizin günahlarınızın üstünü örtər və sizi altından çaylar axan cənnətlərə daxil edər. O gün Allah Peyğəmbəri və onunla birlikdə iman gətirənləri alçaltmayacaq. Nurları, önlərində və sağ tərəflərində qaçıb parıldayar. Onlar belə deyərlər:
"Ey Rəbbimiz nurumuzu tamamla və bizi bağışla. Şübhəsiz ki, Sən hər şeyə qadirsən".
Lakin özlərinə yaxşılıq etdiyimiz insanlar, məhz, onlar ondan uzaqlaşdırılıblar. Onun xışıltısını belə eşitməzlər. Onlar nəfslərinin arzuladığı (saysız nemət) içində əbədi qalacaqlar. Onları, o ən böyük qorxu kədərləndirməz. "Məhz bu sizin gününüzdür, sizə vəd edilmişdi" deyə mələklər onları qarşılayacaqlar.
Allah, Özünə və elçisinə itaət edənlərə cənnəti vəd etmişdir Bunlar Allahın hüdudlarıdır. Kim Allaha və Onun Elçisinə itaət etsə, Allah onu altından çaylar axan, içində əbədi qalacağı cənnətlərə daxil edər. Məhz böyük qurtuluş və xoşbəxtlik budur.
Kim Allaha və Rəsula itaət etsə, məhz onlar Allahın özlərinə nemət verdiyi peyğəmbərlər, doğrular (və təsdiqləyənlər), şəhidlər və salehlərlə birlikdədirlər. Onlar necə də yaxşı yoldaşdırlar?
Lakin sizdən kim Allaha və Rəsuluna qəlbən itaət edərək saleh əməl işləsə, onun mükafatını ikiqat verərik. Həmçinin Biz onun üçün üstün ruzi hazırlamışıq.